Yaşıl ada dastanı


No description available.
Turan Uğur
AYB üzvü

“Türküstan qəzeti” üçün

Bu il Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü, noyabrın 15-də isə Kıbrıs türklərinin bağımsızlığının 41-ci ili tamam olur.Əslində, türk əsgərinin adaya çıxdığı gün iki hərəkatla – 20 iyul və 14 avqust 1974-cü il tarixlərində gerçəkləşib.
Bu, təkcə “Yaşıl ada” nın 38 faizinin türk mehmetçiyinin nəzarətinə keçməsi deyildi, bu, həm də özünü türk sayan hər kəsin şərəf, namus sınağından əla qiymət alması anlamına gəlir. Həmin şərəfli günləri yazdıqları üçün o çağlarda Türkiyənin baş naziri olmuş Bülənt Eceviti, onun müavini Nəcməddin Ərbakanı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşı, Kıbrıs türklərinin ideoloqları doktor Fazil Küçüyü sevgi və minnətdarlıqla anıram.Təbii ki, bir də mücahid Kıbrıs türklərinin fədakar döyüşlərini Yurd, Vətən naminə ən böyük ərməğan sayıram. Özümü bəxtiyar hesab edirəm ki, ötən ilin noyabrında bəndənizə də Quzey Kıbrısda - onun çeşidli şəhərlərində-Lefkoşada, Girnədə, İskələdə, Mağusada bulunmaq səadəti nəsib olub.Dövlət rəsmiləri ilə görüşmək, Yaşıl adanın şanlı və ağrılı mazisindən, habelə işıqlı istiqbalından bədii-sənədli filmlər hazırlamağın qüruru içindəyəm. İnancım budur ki,
“Yaşıl ada dastanı” adlı araşdırma-yazım hər bir türkə mən –
Turan Uğurdan qutsal bir ərməğan olacaq.

YAŞIL ADA DASTANI

( “Yaşıl ada dastanı” adlı araşdırma - yazını
“Kıbrıs Barış Hərəkatı”– nın 50-ci ildönümünə və noyabrın 15-i keçiriləcək ŞKTC-nin bağımsızlığının 41-ci ilinə həsr edirəm.İnancım budur ki, Quzey Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən sonra ilk rəsmən tanıyan dövlət məhz doğma Azərbaycanımız olacaq.Olması lazım, o mübarək günün yaxın vaxtlarda gələcəyinə içdən inanıram)

BÖLÜMLƏR

1 Kükrəyən tarix

2 Folklor –həm qılıncdır, həm qalxan

3 İki fədai –Biri doktor, biri advokat

4 Yaşıl adanın yaşıl xətti

5 Consonun məktubu

6 Ərənköyün ərləri

7 Demokratiya beşiyində diktatura

8 Müttəfiq elə müttəfiqdir!

9 Gözlədim də gəlmədin...

10 Yanlış da bir naxışdır

11 Savaşdan Barışa

12 Ayşə tətilə çıxsın!

13 Qardaşlığın adı – Kıbrıs

14 Yaşıl ada dastanı

(ardı BU LİNKDƏ)

Ovalarda labsana,
Qız üzümə baxsana.
Ağzımda diş qalmadı,
Məzləkidən yapsana.

Ay gidiyor batmağa,
Salam söylə Fatmaya.
Gargolayı onarsın,
Gəliyorum yatmağa.

Təyyarələr qırmızı,
Gəzərlər həp Gıbrızı
Gıbrızın qızları da
Sanki sabah ulduzu.

Diqqətimi bir məqam cəlb etdi.Kıbrısda da bizim kimi uçaq yox, təyyarə deyilirmiş.Bir də əski Kıbrıs türkcəsində Gıbrız deyilir, lap bizim ahıl insanlarımızın təbiri ilə.

Gadifə yorğanım var
Mənim bir əfkarım var
Lefkoşanın içində
Bir ufacık yarım var.

Necə ki, Azərbaycan folklorunda alqışlar, qarğışlar var, eynən Kıbrısda da dualar və bəddualar ən əski çağlardan bizə sarı yol gəlir.

-Nədir dua?

-Bir istəyin gerçəkləşməsi və ya başqa insanın yaxşılığı naminə söylənilənlər “dua etmə” adlanır.Kıbrısda duanı edən insan yaşca böyükdürsə, buna “xeyir dua” deyilir, Kıbrıs xalq mədəniyyətində insanın özünə etdiyi dualar da mövcuddur, ancaq bunların sayı azdır.

Ən yayğın dualar bunlardır:

Kıbrıs türkcəsində Azərbaycan türkcəsində

Allah duttuğunu altın etsin Allah tutduğunu altın eləsin

Allah uzun ömürler versin Allah uzun ömürlər versin
Allah bin berikat versin Allah min bərəkət versin
Diline sağlıq, beyine paşalık. Dilinə sağlıq, bəyinə paşalıq

Allah ne muradın varsa versin Allah nə muradın varsa versin
Allah seni egsik etmesin Allah səni əskik etməsin

Allah eylik sağlık versin Allah yaxşılıq, sağlıq versin
İkisi bir yastıgda gocasın İkisi bir yastıqda qocalsın

Gördüyünüz kimi, Kıbrıslıların işlətdiyi hər bir dua eynən bizim Azərbaycan folklorunda da var.

Birisnə haqsızlıq yapılması, zərər verilməsi durumunda buna məruz qalan insanların mənfi diləkləri isə bəddua adlanır.Kıbrıs türkcəsində olanları müqayisəli şəkildə verirəm, hərçənd bilmirəm müqayisə etmək nə dərəcədə doğrudur?!

Kıbrıs türkcəsində: Azərbaycan türkcəsində:

Boyun posun devrilsin Boyun-buxunun batsın
Adın batsın inşallah Adın batsın inşallah. İkigözü bir delikdən çıksın İki gözü bir deşikdən çıxsın
Hayır yüzü görmesin Xeyir üzü görməsin
Kökü gurusun Kökü qurusun Gözü görsün da dili söylemesin Gözü görsün,dili danışmasın

Gara haberin gelsin Qara xəbərin gəlsin
Başına benim kadar daşsün Başına mənim qədər daş düşsün

Atalarımızdan bizə ərməğandır ortaq folklorumuz.

Ata, dedim, atalar sözlərimizi xatırladım.Uzun illər boyunca yığılmış, toplanmış təcrübələrin qəlibləşmiş formada verilən sözlərdir –ata sözlərimiz.Kıbrıs türkləri üçün atalar sözləri populyar bir folklor nümunəsidir.

“Anasına bag gızını al, kenarına bag bezini al”

Eynən bizdəki kimi işlənir –“Anasına bax qızını al, kənarına bax, bezini al”

Yaxud: “Böyük lokma ye, böyük laf söyleme”
Eynən Azərbaycanda olduğu kimi- “Böyük loxma ye, böyük söz danışma”

“Allah gardaşı gardaş yarattı, kesesini ayrı yarattı”

“Allah qardaşı qardaş yaratdı, kisəsini ayrı yaratdı”

“Sağlam ata çürük arpa zarar vermez”

“Sağlam ata xarab arpa zərər verməz”

Göründüyü kimi, Kıbrıs folkloru ümumutürk folklorunun eynisidir, xüsusən Azərbaycan folkloru ilə ət-dırnaq olduğunu danmaq Göydəki günəşi danmaq kimi abdallıqdır.”Abdaldan paşa olmaz, taxtadan maşa” – deyən atalarımız yəqin bu günləri uzaq görən gözləri ilə görürlərmiş.
O zaman ortaq atalar sözlərimiz toppuza, əmuda çevrilib, maşa rolunu oynayan yağıların başında oynasın.

İKİ FƏDAİ – BİRİ DOKTOR, BİRİ ADVOKAT
(3-cü bölüm)

Asılacaq tək budaq idi Doktor Fazil.Kıbrıs türk dərnəklərinin qurucusu oldu.1 aprel 1955-ci il...Kıbrısda bir çatışma, bir vuruşma var ki gəl, görəsən.İxtişaşları qızışdıran III Makarios Seyşel adalarına sürgün edildi.1955-ci ildə İngiltərədə bir konfrans keçirildi və ilk dəfə Türkiyə də burada iştirak etdi.Yəni adada haqq sahiblərindən biri olan “Türkiyənin olaylara seyrçi qalmaz” mesajı bütün dünyaya verildi.Rəsmi Afinanın etirazı ilə konfrans başlamadan bitdi. “EOKA” -nın silahlarını türklərə çevirməsi səbir kasasını daşdıran son damla oldu.Doktor Fazilin rəhbərliyi ilə “Kıbrıs Türkdür” partiyası quruldu.Dərnəklər bu partiyanın çətiri altında birləşdi.Kıbrıs Türk Qurumları Federasiyasına isə Rauf Denktaş başçılıq etdi.
Savaş isə daha qapının kandarında gözləmirdi, elə hey içəri girməyə tələsirdi.İlk şəhidlərini verdi Kıbrıs türkləri.Türklərin öz yuvalarından köçməyə başlaması da bu dönəmə təsadüf edir.

HAŞİYƏ: Ümumiyyətlə, Kıbrıslı türklərinin təkcə Kiprin güneyindən quzeyinə deyil, xarici ölkələrə - xüsusən Avstraliyaya köç etməsinin dərin səbəbləri vardı.
Əsas məqsəd bu idi ki, Kıbrıs türkləri ölkədən baş alıb getsinlər, bunun nəticəsində də Kıbrıs türklərinin sayı adada süni şəkildə azaldılsın.Bu yunan siyasətinin gözlə sezilməyəcək incəlikləri idi.Bir müddət bu siyasət özünü doğrultmuşdu da. Xaricə köç edən Kıbrıslıların sayı minlərlə idi və onlara nəinki mane törədilmir, hətta rumlar türklərin adadan köç prosesinə yardımçı olurdu.

QEYD: Bu yazımda dəfələrlə “rum xalqı” adını çəkdiyimdən, bəzi dostlarımıza aydın olsun deyə, “rum” kəlməsini izah edəcəm.Çünki bir çox halda rum ilə yunan xalqı qarışdırılır və elə zənn edilir ki, rumların hamısı yunandır.
-Bəs əslində, rum kimə deyilir?

-Ən qədim zamanlardan Şərqi Roma İmperiyasının təbəələri rum adı ilə çağrılmışdı. Əslində, “rum” kəlməsi kilsələrin və cəmiyyətlərin də adını daşıdığı üçün ortaya qarışıq bir vəziyyət çıxmışdı. Ümumiyyətlə, “Roma İmperiyası sərhədləri içində yaşayan” anlamına gələn rum, romalı kökündən meydana gəlib.Osmanlılar Roma İmperiyasını fəth etdikdən sonra bölgəyə Rumeli adını vermişdilər.Bu söz Anadoluya, Balkan yarımadasına və Avropanın bir çox bölgəsinə aid edilirdi.Günümüzdə Qərbi Anadoluda, Kıbrısda çox sayda rum yaşamaqdadır.Rum - zaman-zaman şərqi romalı, yunanca danışan romalı, yaxud qreko-roman qavramını ifadə edən anlamda da söylənilir.”Bizanslı” kimi də işlənilən rumların kökü müxtəlif xalqlardan ibarətdir.1829-cu ildə Yunanıstanın müstəqillik əldə etməsi rumların da həyatını dəyişdirdi.Güclü assimilyasiya prosesindən sonra yunan dövlətinin bir hissəsi rum kimi tanındı.Biz Kıbrısda olarkən Kıbrıs xarici işlər nazirliyinin əməkdaşı Həvva Hayırsevərə bu sualı verəndə, onun cavabı belə olmuşdu:

Həvva Hayırsevər:

Kıbrıs xarici işlər nazirliyinin əməkdaşı
“Kıbrısdakı rumların kökəni serb, bulqar - bir çox Balkan xalqlarından, çeşidli irqlərdən yaranıb.Amma dilləri yunancaya çox bənzəyir, hərçənd yunanca daha gəlişmiş və daha akademik bir dil olduğu təqdirdə, rum dili daha çox əyalət dili səviyyəsində qalıb”
Buradan da bu nəticəyə gəlmək olar ki, rum kəlməsi vaxtilə Roma, Bizans və Osmanlı İmperiyası ərazilərində yaşamış, fəqət kök etibarilə müxtəlif Balkan və Roma xalqlarından ibarət olan xalqdır.Bəlkə də bir dövlətin təbəəliyini paylaşan vətəndaş desək daha dürüst olar.Yəni, rum xalqını sırf yunanlı kimi görmək yanlış bir yanaşmadır...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ