Kamal Adıgözəlov
Bir müddət müəyyən dairələr COP29-la bağlı fəal təbliğatlar apardılar. Onlar iki düşərgəyə – müsbət və mənfi mövqe tutanlara bölünmüşdülər. Qərbdə mənfi mövqe tutanlar çox idi. Rusiya və Türkiyədə isə müsbət mövqedə olanlar mütləq əksəriyyəti təşkil edirdilər. Bu mənzərə, faktiki olaraq, həm COP29-un əhəmiyyətini, həm də Azərbaycanın dövlət kimi qlobal miqyasda böyük maraq doğurduğunu göstərir. Tədbirin yüksək səviyyədə keçirilməsi bütün suallara son qoydu. Azərbaycanda COP29 tarixə düşdü. Tədbirin özü kifayət qədər geniş müzakirələr və çoxaspektli fəaliyyətlərlə yadda qaldı. İndi ekspertlər COP29-un müxtəlif aspektlərdə əhəmiyyətini təhlil edirlər. Biz Azərbaycan rəhbərliyinin fəaliyyəti fonunda COP29-un təşkilinin və iqlim danışıqlarında əldə edilən tarixi razılaşmaların özəlliklərinə nəzər salacağıq.
"Tanrının bəxş etdiyi hədiyyə"
Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un Bakıda açılış mərasimində söylədiyi bir fikir bütövlükdə bu tədbirin fəlsəfəsinin ana xəttini ifadə edir. İlham Əliyev vurğulayıb ki, "…mən bu auditoriyada, burada təkrar etmək istəyirəm: Bu, Tanrının bəxş etdiyi hədiyyədir. Hər bir təbii sərvət – istər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər".
Dövlət başçısının ifadəsi yalnız çox gözəl məcaz (metafora) deyil, həm də COP kimi tədbirin hansı zərurətdən meydana gəldiyini əsaslandıran tezisdir. Çünki birbaşa təbii sərvətlərin istifadəsi ilə əlaqədar formalaşmış COP indi çox aktual olan iqlim dəyişikliyi ilə kollektiv mübarizə platformasıdır.
Digər tərəfdən, İlham Əliyev COP-u təşkil etməyin böyük məsuliyyət olduğunu ifadə edir. Tanrının təbii hədiyyəsini həm qorumaq gərəkdir, həm də ondan bəhrələnmək lazımdır. Burada COP29-la bağlı mənəvi-əxlaqi və diplomatik dəyərləri unudub, "genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyası" aparanlara da mesaj vardır. Məsələnin bu tərəfi bir qədər geniş təhlil tələb edir.
Azərbaycanın haqqı
Prezident nitqində məharətlə COP29-u təşkil etməyə Azərbaycanın tam haqqı olduğunu qeyd edib. İlham Əliyevin arqumentləri coğrafi, geosiyasi və siyasi məqamlarla yanaşı, ölkəmizin dünyaya verdiyi töhfələrlə bağlıdır. Hər şeydən öncə, təbii ki, Azərbaycanın coğrafi olaraq Şimal, Cənub, Qərb və Şərqin qovuşduğu ölkə olması əhəmiyyətlidir. Bu da Tanrının Azərbaycan xalqına hədiyyəsidir! Azərbaycan təbii olaraq ölkələr arasında "siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri" sala bilər. Azərbaycan bu qüdrətini üç aspektdə qazandığı nailiyyətlərlə göstərdi. Birincisi, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Çünki "Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik". Yəni, Azərbaycan çox çətin vəziyyətdən böyük qələbə ilə çıxa bildi. Ona görə də COP səviyyəsində tədbirləri keçirməyə qadirdir. Dörd il öncə İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə bu qabiliyyətin simvollarından biridir.
Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin Sivilizasiyalar Alyansı kimi platformalarda fəal iştirakı isə konkret olaraq geniş miqyasda təşkiledicilik qabiliyyətinin gözəl nümunəsidir. Bu təşkilatlardakı fəaliyyət iqtisadi, enerji, siyasi və mədəniyyət aspektlərini üzvi surətdə bir-biri ilə birləşdirir. Bununla Prezident İlham Əliyev Azərbaycanın təcrübəli və "Yaşıl gündəliy"ə malik dövlət olduğunu ayrıca ifadə edib. Burada dövlət başçısının COP məsələsinə məharətli diplomatik keçidi aydın görünür. Onun özünəməxsus əlamətləri vardır.
Regional liderin "yaşıl imkanları"
Azərbaycan Prezidenti maraqlı və əhəmiyyətli fəaliyyət məqamlarını vurğuladıqdan sonra COP29-un birbaşa gündəliyinə keçid edir – "İndi isə mən Azərbaycanın Yaşıl gündəliyi haqqında bir neçə söz söyləmək istərdim". Bu mövzuda da dövlət başçısı kifayət qədər geniş faktlara söykənən fikirlər ifadə edib.
Azərbaycanın bərpaolunan enerjidə quruda 135 giqavat, dənizdə isə 157 giqavat gücündə texniki potensialı vardır. Artıq 230 meqavatlıq Günəş enerji stansiyası istifadəyə verilib. "Səudiyyə Ərəbistanının "Acwa Power" şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir". Bunlardan başqa, Azərbaycan "2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırır". Həm də bu, planların hamısı deyildir. "10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları" da imzalanıb.
Bu kontekstdə Prezident İlham Əliyev iki mühüm məqamı da vurğulayıb. Onlardan biri Azərbaycanın Avropaya yaşıl enerji ixrac edəcək layihələrinin işə salınması ilə bağlıdır. Digəri isə ölkənin Yaşıl gündəliyinin Azərbaycanın müxtəlif bölgələri ilə bağlı olmasıdır. Konkret olaraq, ölkənin "Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir".
Bunların fonunda Azərbaycanın dövlət başçısının enerji təhlükəsizliyi kontekstində neft və qazın oynadığı rolu qiymətləndirməsi maraq doğurur. İlham Əliyev məharətlə yaşıl enerji ilə neft-qaz istehsalını və enerji təhlükəsizliyini ziddiyyətsiz əlaqələndirib.
Enerji strategiyası və milli təhlükəsizlik
Öncə, Prezident İlham Əliyev incə diplomatik yanaşma ilə iqlim dəyişmələri mövzusu ilə enerji təhlükəsizliyi məsələsinin daxili məntiqi və real əlaqəsini qarşılıqlı əlaqədə ifadə edib. Burada böyük dövlətlərin problemə yanaşmasındakı ədalətsizliyi və qeyri-obyektivliyi xüsusi vurğulayıb. Məsələ onunla bağlıdır ki, Azərbaycan böyük neft və qaz ixracatçılarına nisbətən daha az təbii resurslara malikdir. Lakin "XIX əsrdə qlobal neft hasilatının yarısı Azərbaycanın payına düşürdü".
İlham Əliyevin ifadə etdiyi tezislər tarixi, diplomatik mahiyyətlidir və çox əsaslı gedişdir. Dövlət başçısı belə ifadə edib: "Əgər o vaxt (yəni XIX əsrdə – müəllif) bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir". Ölkə rəhbəri bu tezisinin arqumentlərini də bəyan edib: "Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir" və "Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir".
Bunların fonunda bir sıra siyasi və ekspert dairələri Azərbaycandan dəfələrlə çox neft hasil edən, atmosferi çirkləndirən dövlətlərdən bəhs etmirlər! Burada İlham Əliyevin əsaslı məntiqinin bir özəlliyi ifadə edilməlidir. Azərbaycan Prezidenti açıqca sübut edir ki, COP29-la bağlı Azərbaycan haqqında deyilən neqativ fikirlərin zərrə qədər də əhəmiyyəti yoxdur, çünki hamısı boş və əsassız bəhanələrdir. Məsələnin digər tərəfi isə sözün həqiqi mənasında bəşəriyyətin sağlamlığına xəyanətdir, ekoloji fəlakətlərin ünvanını çaşdırmaq və diqqəti başqa yerə yönəltməkdir. Çünki real olaraq atmosferi çirkləndirənlər, iqlimi fəlakətli şəkildə dəyişdirənlər diqqətdən kənara çəkilir! Azərbaycanı günahkar göstərməyin əsl mənası bundan ibarətdir.
Əlbəttə, Azərbaycan rəhbərliyi bu cür qərəzliliyə imkan verməz. Prezident İlham Əliyev tutarlı arqumentləri, əsaslı məntiqi və konkret faktları ilə iftira kampaniyasını darmadağın edib. Prezident deyib: "Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır... Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.
Nəhayət, Prezident İlham Əliyevin əhatəli məntiqlə bütün bunları enerji strategiyası və milli təhlükəsizliyin təmin edilməsi məsələsi ilə əlaqələndirməsi möhtəşəm bir addım idi. İlham Əliyev yuxarıda vurğuladığımız iftiraları uyduranlara xatırladır ki, əslində, özünüzün milli təhlükəsizliyinizə təhdidlər yaradırsınız! Bunun iki tərəfi vardır.
Birincisi, diqqətləri özünüzdən yayındırmaqla böyük həcmdə çirkləndirmə imkanı olan təbii resursları istismar etməkdə davam edirsiniz. Bununla real olaraq COP üçün 10 trilyonlar ayrılsa belə, nəticəverici olmayacaq – çünki dünyanı çirkləndirən mənbələr gizlədilir.
İkincisi, ekoloji mühitin sağlamlaşması üçün həqiqi çalışan dövlətlərə böhtan atmaqla enerji təhlükəsizliyi ilə milli təhlükəsizlik arasında uçurum yaradılır! Elmi araşdırmaların da sübut etdiyi kimi, müasir mərhələdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissələrindən biridir. Dolayısı ilə Azərbaycana atılan böhtanlar reallıqda dünyanın mövcudluğuna atılan şər-böhtandır!
Yeni mərhələ
"80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı" COP29 artıq geridə qalıb. İştirakçılar öz ölkələrinə qayıdıblar. Ancaq özləri ilə Azərbaycan haqqında çox qiymətli informasiyalar və zəngin təəssüratlar aparıblar. Tədbir boyu Azərbaycan son dərəcə sivil və əməkdaşlığa istiqamətlənmiş mövqe nümayiş etdirib. Bununla Bakı dünyaya iki mühüm mesaj verir.
Birincisi, Azərbaycan COP miqyasında tədbirləri yüksək səviyyədə təşkil etməyə qadir dövlətdir! Burada bütün aspektlər dəqiqliklə nəzərə alınıb. Bu anlamda qonaqlar üçün COP29 həyatlarında yeni mərhələnin başlanğıcıdır. Onlar anlayırlar ki, böyük dövlətlərin qərəzli və böhtançı mövqelərinə baxmayaraq, inkişaf etməkdə olan dövlətlər yüksək səviyyəli tədbirlər keçirə bilərlər. Həm də əhalisinin mütləq əksəriyyəti müsəlman olan ölkələrdə bunu etmək mümkündür.
İkincisi, COP29 həm də Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır. Dünya, faktiki olaraq, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldiyinin şahidi oldu. Bir daha əmin oldular ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və onun zəfərləri təsadüfi deyildir. Ona qarşı ən güclü dövlətlər belə birləşsə də, vədini yerinə yetirə biləndir! Bu inamın yaranması Azərbaycanın yeni mərhələdə uğurlarının əsasının qoyulduğu anlamını verir!
Üçüncüsü, Azərbaycanın rəhbərliyi ilə COP29 Sədrliyi Paris İqlim Razılaşmasının 6-cı bəndinin bütün müddəaları üzrə tarixi razılıq əldə edib. COP29 razılaşması iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyub. Yekun razılaşmaya əsasən, zəngin ölkələr 2035-ci ilə qədər yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün ildə ən azı 300 milyard dollar ayırmağa razılaşıblar. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard ABŞ dolları həcmində hədəfi üç dəfə üstələyən 300 milyard ABŞ dolları həcmində yeni əsas maliyyə hədəfi daxildir. Bu kontekstdə "İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü" adlanan mexanizmin – BICFIT formalaşdırılması mühüm hadisədir.
Bütövlükdə COP29-un Bakıda keçirilməsi Azərbaycan üçün təkcə beynəlxalq tədbir deyil, həm də strateji əhəmiyyətli addım kimi qiymətləndirilir.