Elşən Mirşli
Gəncə şəhəri, tarixçi
VII Yazı
Azərbaycan Xalq Cümhuriyyətinin Rusiya tərəfindən işğalında Osmanlı İmperatorluq ordusunun zabitlərinin rolu
1920-ci il aprelin 15-nə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Mill Ordusu, XI Qızıl Ordu qərargahının kəşfiyyat məlumatlarına əsasən, təxminən 30 min süngü və qılıncdan ibarət idi. Həmin dövrdə Azərbaycan ordusunun böyük hissəsi (20 min nəfər) Qarabağ və Zəngəzur bölgələrində cəmləşmişdi. Mütəşəkkil hissələr bir piyada diviziyası (beş polk)-təxminən 12 min süngü-və bir süvari briqadası (iki polk)- təxminən 2 min qılıncdan ibarət idi.Bundan əlavə, partizan müharibəsi aparmaq üçün nizamsız qoşun dəstələri də mövcud idi. Təxminən 3 min nəfər isə Bakı qarnizonunu təşkil edirdi. Paytaxtda piyada polku, kursant məktəbi (təxminən 500 nəfər) və polis ehtiyat batalyonu (2 min nəfər) yerləşirdi. Azərbaycan ordusunun sərəncamında 2 zirehli qatar,6 zirehli avtomobil, 5 təyyarə və sairə var idi.
Dağıstanla sərhədin yaxınlığında Samur çayı ərazisində, Qubada,Qusarda və Xaçmaz dəmir yolu stansiyasında 2 zirehli qatarla birlkdə 3 min nəfərlik qüvvələr yerləşirdi.Birbaşa sərhəddə isə jandarma divizionu dayanırdı.G.Kvinidzenin xatirələrinə görə, sərhədi keçməzdən əvvəl Samur çayı boyunca dağlardan dənizə qədər təxminən 15-20 verst uzunluğunda müdafiə xətti mövcud idi; körpü bolşeviklərin nəzarətində idi.Həmin müdafiə xəttini isə yalnız bir batalyon qoruyurdu və ona gürcü polkovnik Tumanışvili rəhbərlk edirdi.
XI Qızıl Ordunun zirehli qatar komandiri Yefremov yazdığı yazdığı xatirələrində Bakının işğalı üçün hələ 20 apreldə qəti əmr aldıqlarını qeyd etmişdir.“Bakinski raboçiy”,28 aprel 1920-ci il tarixli nömrəsində bunlar yazılmışdı.Azərbaycanın Qızıl Ordu tərəfindən istilasından bir neçə gün əvvəl Bakı neft sənayesini qorumaq üçün görəvləndirilən zabitləri sırf Osmanlı imperatorluq ordusunun seçmə zabitlərindən tərəfindən idarə olunan “yardım alayının”, yenə Osmanlı zabitlər tərəfindən idarə olunan zirehli avtomobillərin və Azərbaycan hərbi donanma qüvvələrində xidmət edən Osmanlı zabitləri tam tərkibdə bolşeviklər tərəfinə keçərək sayı 3000 min nəfər olan Bakı qarnizonunun müdafiə qabiliyyətini çökdürmüşdü. Azərbaycan Xalq cümhuriyyəti hələ yaradılmamış yeni hökumət kabineti ilə istefası qəbul edildiyi halda, hökumət işlərini hələ təhvil verməmiş olan köhnə kabinet arasında asılı duran hökumət və onunla bərabər Azərbaycan Məclis-i Məbusanı deputatları XI Qızıl Ordu dövlət sərhəddini keçən kimi Sovet Rusiyası tərəfindən təşkil olunmuş Azərbaycan Kommunist firqəsinin ultimatumu qarşısında qaldı.Osmanlı zabitləri tərəfindən idarə olunan Azərbaycan hərbi donanmasının topları Azərbaycan Məclis-i Məbusanına tərəf çevrilmişdi. Bur ultimatum hökumətin Azərbaycan kommunist firqəsinin mərkəzi komitəsinə təslimini tələb etməklə bərabər,Azərbaycanın istiqlalının təmin ediləcəyini və hökumətin ruslara verilməyəcəyini vəd edirdi.
Azərbaycan Xalq Cümhuriyyəti daim koalisyalı hökumətin təşkilinə məcbur olduğu və bu məcburiyyətin səbəbləri isə ölkənin milli birliyini qorumaq olmuşdu. Denikin təhlükəsinə qarşı sosialistlərlə uğurla səyləri bölüşdürmək surətilə istiqlalın mühafizə və müdafiəsinə müvəfəq olan “Müsavat” Denikin təhlükəsi aradan qalxınca və qırmızı təhlükə sərhəddimizə söykəndikdən sonra sağ cinahın başında duran “İttihad”la qüvvələri birləşdirməyə qərar vermişdi. ”İttihad”, “Müsavat”a qarşı sosialistlərlə birləşərək parlamentdəki əksəriyyəti pozmuş və istiqlalın süqutuna səbəb olmuşdu. Bu vəziyyəti yaradan bir “qisim alimin” də Xəlil Paşa və yoldaşlarından ibarət ibarət olduğu bizə, hadisələrdə şəxsən iştirak etmiş olan Xəlil Paşanın yoldaşlarından Tələt bəy anladır.Tələt bəy Türkiyə istiqlal məhkəməsində mühakimə edilərkən bu etirafları etmişdir:
1.Kazım Qarabəkir Paşa və firqə komandanı Cavid bəy, Xəlil Paşa və başqalarına yazdıqları çoxlu məktublarda bir an əvvəl bolşeviklərlə təmasa əmr və bu əmrin hər nə bahasına olursa olsun, icrasında israr edirdilər.
2.Xəlil Paşa və yoldaşları da Azərbaycan müxalif firqələrinə: “Siz bilavasitə “Müsavat” xarici firqələrinə birləşmək yolu ilə Nəsib bəy hökumətini devirə bilərsiniz”-deyə tövsiyyə etmişdilər.
Məmləkətin ən geri və mürtəce qüvvələrini ətrafında toplayan “İttihad” üstəlik Qarabəyov kimi Osmanlı Dövlətində daha çox nifrət edilən bir liderə malik idi.Bununla bərabər Xəlil Paşa və ətrafındakı Osmanlı zabitləri bu qara qüvvəni türk milliyyətçiliyinin timsalı olan və məmləkətin ziyalı zümrəsi ilə geniş xalq kütləsinə arxalanan “Müsavat” qarşı sövq etməkdən çəkindirmədi.Üstəlik,bu qara və mürtəce qüvvələr sollar, sosialistlər və kommunistlərlə də birləşir.”Qurana”a arxalanan şəriətçilərlə “Kapital”a səcdə edən marksistlər iki qəlbdə bir cana dönürdülər.
İslamçı “İttihad” milliyyəti,buna uyğun olaraq itiqlalı,demokratiyanı və cümhuriyyəti kökündən inkar edən və geri ictimai bir ideologiyanı daşırdı. Marksistlər də başqa bir motivdən milliyyəti, istiqlalı və cumhuriyyəti rədd edən bir doktrina daşıdıqları üçün başqa-başqa və daban-dabanna zidd məqsədlər naminə “Müsavat”a qarşı bir cəbhə halına gəlmişdilər.
1920-ci ilin 26 aprelində XI Qızıl Ordu Azərbaycan sərhəddini keçərək Bakı üzərinə hücuma başlamışdı.İki zirehli qatar qarşısında heç bir müqavimət olmadığı halda dəmir yolu stansiyalarını bombardman edərək,irəlilədiyi göründü.Bu vəziyyəti görən Azərbaycan kəndliləri silahlanaraq onlara qarşı çıxmağa tələsirdilər.Buna görə Xəlil Paşa tərəfindən Azərbaycan zirehli qatarının müqavimət göstərilməyərək tez Bakıya qaytarılması əmr edildi və qatar geri qayıtdı.Toplanan Azərbaycan kəndlilərinə xəbərdarlıq edilərək dağıdıldı... XI Qızıl Ordu komandanı Levandovski qarşılandı. Xəlil Paşa və onun ətrafındakı Osmanlı zabitləri Azərbaycan Milli Ordusu rəhbərliyini müqavimət göstərmədən təslim olmağa razı salmışdı.Bu xidmətlərinə görə polkovnik Skaçkov tərəfindən Levandovskiyə Xəlil Paşanın Qızıl Ordu komandirliyini üzərinə götürməsi haqqında komitənin qərarı bildirildi. Levandovski ona Moskva tərəfindən belə bir əmr verilmədiyini, ordusu ilə köhnə Osmanlı –rus sərhəddinə qədər irəliləyəcəyini və Xəlil Paşanın bu xidmətinə görə Moskvaya dəvət edildiyini qeyd etdi. Xəlil Paşa da razılığını bildirdi..
“Müsavat” firqəsinin rəisi Məmməd Əmin Rəsulzadənin irad emiş olduğu nitq “Müsavat “ firqəsinin prinsip və məfkurəsinə bağlılıq və sədaqətini əbədiləşdirən bir sənəddir. Məmməd Əmin bəy demişdi: “Əfəndilər Osmanlı dövləti Azərbaycanın xilaskarıdır.Milli duyğularımızın şöhrətləndirdiyi müqəddəs bir əmanətdir.Onun xilasına gedən qüvvəni biz məmnuniyyətlə qarşılayır və yola salırıq. Faqət bir şərtlə ki,bu qüvvə bizim azadlığımızı, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər,bizdən soruşmadan sərhədimizi keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir.
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır.Bizi aldadırlar. Yalandır.Gələn rus ordusudur. Lap komandanı bir türk olsa da (Xəlil Paşa), yenə rusdur. İstila ordusudur. Onun istədiyi – 1914-cü il sərhəddinə çıxmaqdır.Anadolu imdadına getmək bəhanəsi ilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə razılığa gəlmək üçün hökuməti mütləq bolşeviklərə təslim və ultimatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur.Bu sırtıqcasına ultimatumu tam nifrətlə rədd etmək lazımdır.Qalmaqalçı Rusiya ilə mübariz Türkiyənin əlaqə və həmrəyliyini təmin etmək zərurəti ilə radikal bir hökumətin deputatlar tərəfindən təşkili və bu hökumətə geniş səlahiyyət verilməsi ilə siyasətini neytrallaşdırmaq lazımdır. Deputatlar şəxsən belə bir təşəbbüslə məşğuldurlar.Beləliklə, həm Rusiya ilə bir ümumi dil tapılar, həm də milli istiqlalımıza zərər toxunmaz. Eyni zamanda Anadoluya imdad məqsədi də hasil olar.Başqa cür edilən hər hansı bir güzəşt millət hüququnu təslimdən ibarət olar ki,buna qatlanmaq şərəfimizi alçaltdığı kimi, böyük bir fəlakətə də səbəb olar!..
İstiqlalımızı göz bəbəyi kimi müdafiə etməyə qərar verən bir məclis üçün,dinlədiyi bu ultimatumu qəbul etmək- hökuməti öz əli ilə dost cildinə girmiş düşmənə təslim etməkdir! Biz buraya millətin iradə və arzusu ilə gəldik,bizi buradan yalnız qüvvə və süngü çıxarmalıdır!...”
Hökuməti bu şəkildə devirən Xəlil Paşa və yoldaşları Bakı əhalisinin mühdiş həyacanı ilə qarşılaşdılar.Hadisədə şəxsən iştirak etmiş olan, raportundan istifadə etdiyimiz Osmanlı zabiti bu barədə eyni ilə bunları yazır: “Azərbaycan daxilindəki tərəfdarları yalnız Bakı şəhərində olmaqla, 8-10 gənc ziyalı ilə 300 fəhlədən artıq olmayan müsəlman bolşevikləri daxil olmaqla,çox həyacanlı bir vəziyyətdə ayaqlanan xalqı sakitləşdirmək üçün qüdrət mövqeyinə çıxan inqilab komitəsi, gələn qızıl ordunun Anadoluya köməyə gedəcəyini, türklərlə bolşeviklərin mütəfiq olduğunu, Bakı vali və komandanlığına Osmanlı zabitlərindən yüzbaşı Rifat bəyin təyin edildiyi və Bakıya gələn qızıl ordunun bir neçə gün qonaq qaldıqdan sonra Ermənistan üzərinə gedəcəyini əhaliyə vəd etmiş və Osmanlı zabit və müəllimləri avtomobillərlə küçə-küçə gəzərək əhaliyə eyni nəqarəti təkrar-təkrar deməklə şüurları sakitləşdirməyə çalışmış və müvəffəq olmuşlar.”Bu küçə-küçə dolaşanların əllərində Osmanlı bayrağı olduğu da yaddan çıxmasın.
Bakıya girən qızıl ordu şəhəri Azərbaycan və Osmanlı bayraqları ilə bəzənmiş görmüşdü. İndi “Bakı proletariatının üsyan edib sovet rejimi qurduqlarından” bəhs edən yalançı pəhləvanlar “inqilab komitəsinin” yerləşdiyi parlament binası üzərinə belə bolşevik bayrağı asmağa cəsarət etməmişlər.
Lənkəran üsyanı
1920-ci ilin iyununda başlamış,həmin ilin sentyabrında kütləvi xarakter almışdır.Üsyan, əsasən,bölgədə yaradılmış 7 böyük silahlı dəstə tərəfindən aparılmışdır.Ən böyük dəstələrə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanda qalmış Osmanlı İmperatorluq ordusunun zabiti Yusif Camal bəy, Nəcəfqulu xan və Şahverən rəhbərlik edirdilər.Üsyançı silahlı dəstələrindəki döyüşçülərin sayının 6-10 min arasında olduğu güman edilir.Yusif Camal bəyin dəstəsi Lənkəranın cənubunda, Nəcəfqulu xanın dəstəsi isə şimalında fəaliyyət göstərirdi.Yusif Camal bəyin silahlı dəstəsi,ilk olaraq, Lənkəranın Şahağac,Təngərud, Səfidar kəndlərini sovet rejimindən azad etdi. Sahəsindəki sovet milis səstəsini isə Şahverənin dəstəsi məhv etdi. Sentyabrın (1920) əvvəllərində Astara ətrafında genişlənən xalq üsyanının əsas zərbə qüvvəsi Ramazanın dəstəsi idi. Astaranın Şüvə kəndində yaradılmış başqa bir üsyançı dəstəyə isə Qüdrət Molla Ağa oğlu başçılıq edirdi.Üsyançı qüvvələr 1920-ci ilin sonlarına kimi bölgənin müxtəlif məntəqələrində rus əsgəri qüvvələrinə ağır zərbələr endirdilər. Dekabrda üsyançıların hərbi birləşməsi Astaranı Qızıl Ordu qoşunlarından təmizləyərək, Lənkərana doğru istiqamət götürdü. Üsyançıların irəliləməsini yalnız Lənkəran ətrafında dayanmış XI Qızıl Ordunun 245-ci piyada alayının və dənizdəki Sovet Rusiyasının hərbi gəmilərinin birgə səyi ilə dayandırmaq mümkün oldu. Genişlənən xalq üsyanlarının qarşısını almaq üçün XI Qızıl Ordu komandanlığı 248-ci, 249-cu alaylarını, ”Roza Lüksemburq” kreyserini,”Prıtkı” minadaşıyanını,”Kursk” gəmisini və desant daşıyan əlavə beş nəqliyyat gəmisini bölgəyə göndərdi.Bakıdan göndərilən Qızıl Ordu qüvvələri bölgəyə yerləşəndən sonra iki taktiki qrupa bölünməli və onların köməyi ilə Lənkəran və Astara arasındakı ərazini nəzarət altına almış üsyançı qüvvələr neytrallaşdırılmalı idi.Qrupun biri Lənkərandan cənuba, digəri isə Astaradan şimala doğru hərəkət etməli idi.Bölgədə yerləşən I süvari alayı və digər hərbi birləşmələr də bu iki taktiki qrupla birgə hərəkət etməli idi.Üsyançılara qarşı hazırlanan döyüşün taktiki planına əsasən,bölgədəki bütün Qızıl Ordu qüvvələri Lənkərandan cənuba hərəkət əmri alan qrupu,Bakıdan gələn qüvvələr isə sahilə çıxmaqla, Astaradan şimala hərəkət edəcək qrupu təşkil etməli idilər. Çox böyük imkanlara baxmayaraq, Bakıdan gələn qüvvələr dekabrın 23-də sahilə çıxmaq üçün göstərdiklətri cəhd baş tutmadı.Buradakı üsyançı qüvvələr çox böyük şücaət göstərərək rus hərbi birləşmələrini geri oturtdular.Lakin üsyançıların Sovet Rusiyasının hərbi gəmilərində olan uzaqvuran topların qarşısını almaq üçün hüç bir vasitəsi yox idi. Məhz gəmi artilleriyasının işə salınması üsyançıları geri çəkilməyə məcbur etdi.Qızıl Ordu qüvvələri gəmi artilleriyasından fəal istifadə etməklə, Lənkəran və Astara arasında sahil boyu zolaqda döyüş mövqelərini ələ keçirib möhkəmləndilər.1920-ci il, dekabrın 25-də Lənkəran və Astara bölgəsi yenidən Qızıl Ordu qüvvələrinin nəzarəti altına alındı.1921-ci il yanvarın əvvəlində Lerik ətrafında Şahverənin başçılığı ilə rus işğalçılarına qarşı üsyan alovlandı. Şahverən kifayət qədər taktiki çeviklik göstərərək, bura gəlmiş Qızıl Ordu bölmələrinə ciddi zərbələr endirdi.Yanvarın 9-dan 26-dək bölgədə gedən döyüşlərdə işğalçıların əlahiddə süvari divizionu 196 nəfər itki vermiş,78 nəfər yaralanmış, 75 nəfər isə döyüş qalibiyyətini itirmişdi.
1921-ci il fevralın əvvəlində Lənkəran ətrafında Nəcəfqulu xanın başçılığı ilə, həmin il avqustun sonlarında isə Astara ətrafında bir neçə dəstənin iştirakı ilə xalq üsyanı yenidən alovlandı. Astara ətrafındakı üsyanda Rəşid xanın, Hüseynəli xanın, Şahverənin, Ataxanın, Nəcəfqulu xanın və onun qardaşı Əhməd xanın dəstələri iştirak edirdilər. Üsyançılar kifayət qədər şücaət göstərsələr də,Bakıdan gətirilən əlavə Qızıl Ordu qüvvələrindən, xüsusən gəmi artilleriyasından geniş istifadə etməklə onların müqavimətini qırmaq mümkün oldu. Üsyan yatırılması kütləvi soyqırımlar və həbslərlə davam etdirilmişdi.
Ardı var.