Azərbaycan neftinin qiyməti dünya bazarında sürətlə ucuzlaşır.
İki gün ərzində təxminən 14 dollar ucuzlaşan Azərbaycan nefti hazırda 74.42 dollara satılır.
Bu gün isə dünya bazarında "Azeri Light" (CIF) markalı neftinin 1 barelə olan qiyməti 6,99 dollar və ya 8,6 faiz azalaraq, 74,42 dollar təşkil edib.
Xatırladaq ki, 2022-ci il ərzində “Azeri Light” (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 dollar, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 dollar olub.
Hər kəsə bəllidir ki, Azərbaycan iqtisadiyyatı böyük ölçüdə neftdən asılıdır. Hazırda ucuzlaşma trendində olan neft Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Nəzərə alsaq ki, 2023-cü il üzrə dövlət büdcəsində xam neftin bir barrelinin orta illik ixrac qiyməti 50 dollar səviyyəsində götürüb, hazırki satış qiyməti “qırmızı xətt” hesab olunmur.
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, dünya birjasında Azərbaycan nefti ayrı-ayrılıqda dəyərləndirilmir:
""Azeri Light" markalı neftin qiyməti "Brent" markalı neftə bağlıdır. İki gün ərzində "Brent" markalı neftin qiymətində kəskin ucuzlaşma oldu. Çünki bank sektorunda ciddi təlatümlər yaşanır və bu da investorları ciddi qorxuya salıb ki, 2008-ci ildə yaşanan böhrana bənzər hal yaşansa, neftin qiyməti kəskin ucuzlaşır.
Həmin vaxtda dünyada iqtisadi daralma yaşanırdı. Bu halda isə neftə təlabat azalır. Tələbat azalanda isə neftin qiyməti ucuzlaşır. İnvestorlar da məsələyə bu məntiqlə yanaşdılar deyə, neft fyuçerlərini kəskin formada satışa çıxardılar. Nəticədə də birdən-birə qiymət 84 dollardan 73 dollara qədər ucuzlaşdı. Buna paralel olaraq da "Azeri Light" markalı neftin də qiyməti düşüb.
Bu tendensiyanın davamlı olub-olmayacağı gələn həftə daha dəqiq bilinəcək. Çünki bank sektoru ilə bağlı təlatümlər var. İsveçrə bankının da iflas edəcəyi ilə bağlı xəbərlər dolaşır. ABŞ-ın 12-ci böyük bankı olan "Silikon Vadisi Bank"ı da bağlandı.
Bu da bank sektorunda çox böyük təlatümlər yaşatdı. Əgər ABŞ Federal Ehtiyat Sistemi (mərkəzi bank-FED) və Avropa Mərkəzi Bankı bank sektorunu ayaqda saxlamaq üçün sərt müdaxilələr etsə, yəqin ki, bu tendensiya səngiyə bilər. Əksinə, digər banklarlala da bağlı bu cür acınacaqlı xəbərlər çıxsa, bank sektorunda ciddi təlatümlər yaşanacaq və bu da neft qiymətlərinə birbaşa təsir edəcək”.
Ekspert əlavə edib ki, Azərbaycan iqtisadiyyat dünya üzrə ən çox neftdən asılı olan iqtisadiyyatlardandır:
“Neftin qiyməti düşəndə, iqtisadiyyatda ciddi problemlər yaşanır. Neft bahalaşanda isə iqtisadiyyat canlanır. Hələlik neftin orta aylıq və illik qiyməti daha önəmlidir. İlin əvvəlində Azərbaycan neftinin qiyməti 85-90 dollar civarında idi. Son 2-3 gündəki ucuzlaşma orta aylıq və illik qiymətlərə ciddi təsir etmir.
Əgər ucuzlaşma aylarla davam etsə, qiymətlər 60-70 dollar civarında düşsə, o zaman Azərbaycanın ümumi daxili məhsulunun həcminə də, xarici ticarət dövriyyəsinə də mənfi təsir göstərəcək. Hətta mənfi saldonun yaranması ehtimalı var. Yəni satdığımız məhsulun dəyəri aldığımız malın dəyərindən daha az ola bilər.
Ölkəyə valyuta daxilolmalarının azalma ehtimalı var. Amma hələlik təhlükə zənginin çalınması üçün tezdir. Hazırda neftin ortalama qiyməti 88-90 dollar civarındadır və bu da kifayət qədər konfortlu qiymətdir”.