Azərbaycanda allergik xəstəliklər sürətlə artır – Allerqoloq SƏBƏBLƏRİ AÇIQLAYIR

Azərbaycanda allergik xəstəliklər sürətlə artır – Allerqoloq SƏBƏBLƏRİ AÇIQLAYIR

 Son dövrlər ən çox şikayət edilən xəstəliklərdən biri də allergiyadır. Belə ki, istər uşaqlarda, istərsə də böyüklərdə müxtəlif növ allergiyalar özünü göstərir. Xüsusən də son illər doğulan uşaqlarda allergik xəstəliklər daha çox çüşahidə olunur.

Avropa allerqologiya və kliniki immunologiya akademiyasının həqiqi üzvü Pərviz Əzizov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, körpələrdə allergik xəstəliklərin profilaktikası məqsədilə atılan ilk addım, körpələri təbii yolla dünyaya gətirməkdir:

“Çünki qeysəriyyə yolu ilə doğulan uşaqlarda allergik xəstəliklər daha çox rast gəlinir. Qeysəriyyə yolu ilə doğulan uşaqlar yalnız ananın dərisindəki bakteriyalarını özünə götürür. Uşaq təbii yolla doğulubsa, bu, allergiyanın ilk profilaktikasıdır, çünki körpə doguş zamanı uşaqlıq yollarından keçərkən daha zəngin bakterial müxtəliflik qazanmaq şansı əldə edir”.

Həkim deyir ki, uşaq dünyaya gəldikdə ən azı 1 yaşa qədər ana südü ilə qidalanmalıdır: “Bu da allergik xəstəliklərin yaranma ehtimalını azaldır. Tədqiqatlar göstərir ki, evlərdə it saxlayan ailələrin uşaqlarında allergiyanın yaranma ehtimalı azdır. Çünki itlərin orqanizmində olan zərərsiz bakteriyalar uşaqların tənəffüs yollarına düşdükdə, dərisi və mədə-bagırsaq sistemi ilə təmasından sonra allergiyanın yaranma ehtimalı azalır”.

Allerqoloq qeyd edib ki, bundan əlavə, uşağını ana südü ilə qidalandıran ana diyeta saxlamamalıdır:

“Bəzi pediatrlar uşaqlarda allergiya yaranmasın deyə analara çoxlu sayda məhsulların rasiondan çıxarılması kimi məsləhətlər verirlər. Bunlar köhnə, aktuallığını itirmiş tövsiyələrdir. Bəlkə də, 25-30 il öncə bu tövsiyələrdən istifadə olunurdu. Müasir tibbin baxışı odur ki, ana müxtəlif qidaları qəbul etməlidir ki, uşaqlarda onların bagırsağın selikli qişasında immun hüceyrələri qida maddələrinə qarşı tolerantlıq yaratmaq şansı əldə etsin. Düşünürəm ki, bu tövsiyələr həyata keçirilərsə, uşaqlarda allergiyanın yaranma şansı azalacaq. Vitamin D-nin də defisiti uşaqlara allergiyanın yaranma ehtimalını artıra bilər. Əgər anada vitamin D defisiti varsa, bunu aradan qaldırılmaq lazımdır”.

Onun sözlərinə görə, müxtəlif allergik xəstəliklər özünü bir-birindən fərqli simptomlarla büruzə verə bilər:

“Çünki qida allergiyası simptomlarının təzahürü konkret xəstəlikdən asılıdır. Qida allergiyası övrə kimi özünü göstərirsə, bu xəstələrdə urtikar qaşıntılı səpkilər, bəzi hallarda asimmetrik ödemlərlə (şişkinlik) özünü büruzə verə bilər. Bronxial astmadan danışırıqsa, xəstələrdə təngnəfəslik, xışıltılı tənəffüs, boğulma kimi hallar müşayiət olunur. Qida allergiyası zamanı həm də ağız boşluğunda allergik simptomlar ola bilər. Buna oral allergik sindrom deyirlər. Bu sindrom damaqda olan qaşıntı, dodaqların qızartısı və şişməsi halları, bəzi hallarda daha agır simptomlarla özünü göstərə bilər. Bu, daha çox ağacların tozcuqlarına həssas olan insanlarda rast gəlinir. Bu tozcuqların tərkibində olan əsas allergik zülallar qida madəllərinin, meyvə və tərəvəzlərin tərkibində olan zülallarla oxşar olduqlarına görə baş verir və nəticədə immun sistemi üçün bu zülalların bir-birinə oxşar olduqları səbəbindən çarpaz reaksiya baş verir, nəticədə sadalana şikayətlər yaranır”.

P.Əzizov qeyd edib ki, əgər atopik dermatitdən danışılırsa, bu xəstəliyi kəskinləşdirən amillərdən biri də qida allergiyasıdır və bu, özünü dəridə səpkilərin artması, dəri qaşıntısının çoxalmas, dərinin quruluğu və qızarması ilə büruzə verə bilər.

Azərbaycanda allergik xəstəliklər sürətlə artır – Allerqoloq SƏBƏBLƏRİ AÇIQLAYIR



MANŞET XƏBƏRLƏRİ