Dahilərin hamisi

Dahilərin hamisi

Aynur Turan

Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur  ki, onların yaratdığı  sənət möcüzələri əbədi olaraq qalır, neçə-neçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi irsi ilə sıx zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bizə çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyn Cavidin xüsusi yeri vardır.

Azərbaycan tarixinin XIX-XX əsrləri çox mürəkkəb dövrdür. Bu dövrdə dünya miqyasında içtimai-siyasi fikir toqquşmaları baş vermiş, epoxalar, içtimai-iqtisadi formasiyalar bir-birini əvəzləmiş və bütün bunlar nəhəng qanlı inqilablarla müşayiət olunmuşdur. Dünyada baş verən bu hadisələr dünyanın əhəmiyyətli parçası olan Azərbaycandan da yan ötməmiş, bütün bu mübarizələr xalqımızın tarixində də özünə yer almışdır. Vaxtılə fikir meydanlarında qarşı-qarşıya bu nəhənglərin qoyub getdiyi irsə bu gün nəzər saldıqda aydın şəkildə görürük ki, həmin dövrün adları çəkilən və çəkilməyən nümayəndələri bütün varlığı ilə Azərbaycan xalqına bağlı olmuş, xalqımızın xoş gələcəyi uğrunda çarpışmışlar. Hüseyn Cavid haqqında çox yazılıb. Tədqiqatçılarımız onun poeziyasının dərinliklərinə baş vurub, professor Kamran Əliyevin təbiri ilə desək, “Cavid möcüzəsi” nin sirlərini açmağa çalışıblar. Maraqlıdır ki, bu poeziyanın cazibəsi onun sirlərinə vaqif olduqca azalmaq əvəzinə, öz cazibədarlığını daha da artırır. XX əsr Azərbaycan ədəbiyyatının zirvəsində dayanan Hüseyn Cavid ədəbi-bədii-estetik fikir tariximizdə adı qızıl hərflərlə yazılan, sözlə möhtəşəm abidə yaradanlardandır. Yaşadığı üç ölkədə şahidi olduğu hadisələrin ümumiləşmiş bədii əksini romantik şəkildə yaradan sənətkar az müddət içərisində şöhrətin ən yüksək zirvəsinə çatdı. Əsərləri tamaşaya qoyuldu, dillər əzbəri oldu. 1910-cu ildə yazdığı birpərdəli “Ana” dramının məramı “Mənim tanrım gözəllikdir, sevgidir” ideyası ilə səsləşir. Oğlunun qatilini lənətləyən ana düşmənini sağ buraxır, onu  xilas olmasına kömək edir. Çünki ana qəlbi sevgi və mərhəmətlə doludur. Övlad itkisindən nə qədər sarsılsa da, intiqamı taleyin ixtiyarına buraxır, zamana öz böyük ürəyinin hökmü ilə meydan oxuyur.

Ulu Öndər Heydər Əliyev 1996-cı ildə Hüseyn Cavidin məqbərəsinin Naxçıvanda təntənəli açılışı mərasimində söylədiyi tarixi nitqdə Naxçıvanı ən yüksək sözlərlə xarakterizə edərək demişdi: «Naxçıvan Azərbaycanın gözəl bir guşəsidir. Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan böyük şəxsiyyətlər yetişdirmiş bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır.» (Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, 1996, s. 365.) Ulu Öndərin bu dərin mənalı sözləri Naxçıvanı səciyyələndirmək və tanıtmaq, onun malik olduğu və malik olacağı mədəni-mənəvi sərvətləri səciyyələndirmək baxımından bütöv bir ensiklopediyadan daha zəngin material, dərin bilgi verir desək, o qədər də böyük mübaliğə olmaz.

Sözə və sənətə diqqət və qayğı mühitində dünyaya göz açmış və nəşvü nüma tapmış Heydər Əliyevin də müdrik bir söz xiridarı kimi böyüməsi çox təbii idi.

Hüseyn Cavid yaradıcılığı və cavidlər ailəsi ilə tanışlığı 1981-ci ildə böyük şairin 100 illiyi münasibətilə qəbul edilmiş qərardan çox-çox əvvəllər, hələ Ulu Öndərin uşaqlığı və ilk gəncliyi dövründə baş vermişdir. Ümummilli liderimizin heyrətamiz fenomenal yaddaşı sayəsində sonralar xatırladığına görə, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Naxçıvanda onun ilk ana dili müəllimi olmuşdur. Sonralar Hüseyn Cavidin qızı Turan Cavidlə söhbətində Heydər Əliyev öz müəllimini xatırlayaraq deyəcəkdi: «Mənə ilk Azərbaycan dilini öyrədən Şeyx Məhəmməddir. Gözəl müəllim idi. Amma çox tələbkardı, hətta demək olar ki, əzazil idi.

      Məqsədi vətəninə, millətinə fədakarlıqla xidmət etməkdən ibarət olan görkəmli şair və dramaturq  Hüseyn Cavid öz dəst-xətti ilə Azərbaycan ədəbiyyatında yeni mərhələnin əsasını, eləcə də mənzum dramın bünövrəsini qoymuşdur.  Sələf və xələflərinə  bənzəməyən Hüseyn Cavid ürəyi susdurulana qədər vicdanının dediklərini yazan və ömrü boyu həqiqətən əsiri olan, gözəlliyə tapınan  bir mütəfəkkir idi. Hüseyn Cavid elə bir həqiqətin əsiri idi ki, o altun saraylara, daş zindanlara, vəhşi pəncərələrə, tikanlı məftillərə, dəmir qəfəslərə meydan oxuyurdu. 

      Ulu sələflərindən xeyli cavan olmasına, 141 yaşının hələ təzə-təzə tamam olmasına baxmayaraq, böyük sənətkarımız, babalarının layiqli xələfi, istedadlı şair və dramaturq Hüseyn Cavid də əsərlərində yaratdığı ölməz hikmətlərə görə Azərbaycan ədəbiyyatında və ədəbi-fəlsəfi fikrində həkim adını daşımağa layiq olan azyaşlı şəxsiyyətlərdən biri kimi nəzərə çarpmaqdadır. Hüseyn Cavid də xalqımızın yetirdiyi böyük söz sənətkarı və mütəfəkkirlər kimi, özündən əvvəki mədəni-mənəvi xəzinəni mənimsəmiş və ölməz fikir və obrazları ilə daha da zənginləşdirilmişdir. Bütün bunlar, nəhəng bir sənətkar kimi Cavidin bilik və məlumat dairəsinin heyrətamiz dərəcədə genişliyindən, onun xalq müdrikliyi  xəzinəsinə olduqca yaxınlığından xəbər verir. Elə bu səbəbdəndir ki, Cavid aforizmləri Azərbaycan xalq müdrikliyinin ayrılmaz əlaməti olan dərin humanizmi, ümumbəşəri xarakter və məna yükü daşıması ilə seçilir.  

       Bəşər övladı dünya açmamışdan onun alın yazısı yazılır. Kiminin qismətinə xoş günlər, kiminin taleyinə ağrılı məqamlarla dolu həyat düşür. Əzablı, ağrılı-acılı ömür yaşayanlardan biri də Hüseyn Cavid olmuşdur. Xalqımızın bu görkəmli qələm sahibi bütün yaşam  boyu haqsızlıqlarla qarşılaşmış, əyilməmiş, yüksək mətinliklə, dəyanət və dözüm göstərmiş, bütün çətinliklərə sinə gərmişdir. Ulu Tanrı məhz sınmayan, əyilməyən insanlara bu qisməti yazır, onların taleyin sərt sınaqlarından keçirir. Cavid əfəndinin yaradıcılığı ilk əvvəllər rəğbətlə qarşılansa da, iblislərin sayəsində qasırğalara tuş gəldi. 1920-ci ildə Rusiya tərəfindən işğal olunduqdan sonra milli təfəkkürlü ziyalıların sıxışdırılması, təqib edilməsi başlandı. Bütün təqib və təzyiqlərə baxmayararaq,  H.Cavid yaradıcılıq yolundan dönmək istəmirdi. Siyasi hadisələrin tüğyan etdiyi 20-30-cu illər sovet cəmiyyətində məsələ ağlasığmaz dərəcədə mürəkkəb idi. Köhnəni darmadağın dağıdıb, onun xarabalıqları üstündə quruculuq işləri aparan bolşeviklər ədəbiyyata özlərinin təbliğat və təşviqat vasitəsi kimi baxırdılar, onlar verdiklərini qonorar, vəzifə və imtiyazlar müqabiləndə yazıçılardan məhz bolşevizmi təbliğ edən alovlu əsərlər tələb edirdilər. Bunun acı nəticəsi 1937-ci ildə Cavid kommunist istibdadının  qurbanı oldu, yəni Cavid repressiyanın ilk qurbanlarından birinə çevrildi. Əlbəttə, 1937-ci ilin qanlı hadisələri qəfildən baş vermədi. Əvvəl-əvvəl bu hadisələrə hazırlıq tədbirləri görüldü.  1937-ci il repressiyasına hazırlıq işlərinin  görülməsində ədəbi tənqid xüsusi canfəşanlıq edir və mənfur rol oynayırdı. H.Cavidin sovet dövrünə qədərki əsərləri ağır mühakimə olunduğu kimi, 20-ci ildən sonra yazdıqları da ədəbi tənqidin kəskin hücumlarına məruz qalırdı. Cavid türk xalqlarının mənəvi birliyini diqqət mərkəzinə çəkməklə yalançı beynəlmiləlçiliyə qarşı çıxır, mövzularını müxtəlif xalqların həyatından almaqla yalançı vətənpərvərliyi rədd edir. İnanmaq çətindir amma həqiqət budur ki, həm millətçi, həm də xalq düşməni kimi ittiham olunsa da, H.Cavid dönmədən öz yolu ilə gedir və bu yol onu vaxtsız ölümə aparırdı.

   Cavidin ölüm hökmünü İ.V.Stalin verdi: “Bu cənabları işçi sinfin düşmənləri kimi, vətənimizin xainləri kimi amansızcasına darmadağın etmək və onların kökünü kəsmək lazım gələcək”.  İ.V.Stalinin sözünə M.Bağırov dərhal “bəli” cavabını verdi: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdir? Vətən xainləri  H.Cavid, M.Müşfiq, Ə.Cavad və başqaları. M.Bağırovun qurultaydakı çıxışından dərhal sonra adları çəkilən yazıçılar, eləcə də Cavid həbs olundu. İrəli sürülən ittihamlar təsdiq olunsun deyə NKVD dustaqxanasında müxtəlif işgəncə üsullarından istifadə olunurdu: yuxusuz saxlamaq, xüsusi qurğulardan istifadə etməklə kameraya soyuq hava üfürmək, döşəməyə soyuq su buraxmaq, ailə üzvlərinin həbs olunacağı ilə hədələmək, gözlərinə güclü işıq salmaq və s. Bütün bu işgəncələrə baxmayaraq H.Cavid ona qarşı sürülən əsas ittihamları rədd etdi. O vaxt “günahı” nı boynuna alanları güllələyir, onarın ailə üzvlərini isə həbs edirdilər. Məsələn, Ə.Cavadı, S.Hüseyni güllələmiş, xanımlarını, uşaqlarını həbs etmişdilər. H.Cavid “günahı” larını boynuna almamaqla ailəsini həbs olunmaqdan xilas etdi. Cavid həbs edilərkən Sibirə göndərildi.

    1941-ci ildə 63 yaşlı şair İrkutsk vilayətinin Şevçenko qəsəbəsindəki həbs düşərgəsində ayaqlarının donması səbəbindən  vəfat etdi. H.Cavid 1956-cı ildə bəraət aldı, 1982-ci ildə şairin nəşi ümummilli lider Heydər Əliyevin təşəbbüsü,  təşkilatçılığı və göstərişi  ilə   Sibirdən gətirilib Naxçıvanda dəfn olunmuşdur. 1996-cı ildə H.Cavidə doğulduğu Naxçıvan şəhərində əzəmətli məqbərə ucaldıldı. Gələcəkdə adının etiramla anılacağına görə H.Cavid ona həqarət edib gülənlərin, onu alçaltmaq istəyənlərin qarşısında sınmadı və məğrur səsini ucaldıb dedi:

                        Mənə gülməkdəsiniz gərçi bu gün,

                        Var yarın sizlər üçün qorxulu gün.

                         O zaman iştə ölənlər dirilər,

                         Kim nə yapmışsa cəza çəkdirilər.

     Sənətkarın dediyi o gün gəldi: Cavid adı ehtiramla çəkildikcə bir vaxt ona olmazın hədyan yağdıran, onun ölümünə bais olanlar tarix qarşısında cavab verməli oldular. H.Cavid milliliyi bəşəriliklə qovuşduran və insan olmağı hər şeydən üstün tutan bir sənətkardır...Yaxşı ki, dünyanın dəyişən vaxtı yetişdi. Yaxşı ki, Hüseyn Cavidin məhəbbəti susmuş ürəkləri dilə gətirdi. Vaxtılə böyük şairimizin ömür-gün dostu Müşkinaz xanımın “Cavidi xatırlarkən” adlı xatirəsi çapdan çıxmışdı. Təbii ki, sovet dövrünün müəyyən redaktələri bu kitabda öz işini görmüşdür. Müstəqilliyimizi qazandıqdan sonra rəhmətlik Müşkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” kitabı işıq üzü gördü. Xoşa gələn odur ki, Hüseyn Cavid necə varsa, geyimindən, yerişindən, vərdişindən ta yazı-pozusuna, dost-tanışa münasibətinə qədər Müşkinaz xanımın xatirələrində öz əksini tapıb. Bu kitabda duyulan xiffət böyük bir məhəbbətin dərinliyindən, vəfalılığın, sədaqətin nəhayyətsizliyindən xəbər verir: “...Ümid edirəm ki, Cavidim gələcək, yaralı ürəyimə təsəlli verəcək, göz yaşımı  siləcək. Keçirdiyim günləri qələmə alacaq. Əfsus ki, o yolu gedən gəlməzmiş”.

Hüseyn Cavidin zəngin irsi və dərin psixologizm, humanizm və beynəlmiləlçiliklə aşılanmış əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuşdur. Belə bir qiymətli irsi öyrənmək, onu nəsillərə çatdırmaq böyük insanpərvər və vətənpərvər şairimizə ən dəyərli mənəvi abidədir. Cavid- “ədəbi” , “həmişəyaşar” deməkdir. O, bu gün Bakıda ucaldılan abibədəsi, Naxçıvandakı  məqbərəsi ilə dillərdə, ürəklərdə, beyinlərdə sayrışan şeirlərilə, səhnələrdəki pyesləri ilə yaşayır. Cavid həyatı bitəcəksiz bir ömürdür.  

MEDİA Agentliyi “Media haqqında” qanun layihəsinin ictimai müzakirəsinin  təşkili ilə bağlı fikirlərə münasibət bildirib - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli”

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur



MANŞET XƏBƏRLƏRİ