Bakıda bu restorana 200 minlik maşın və gözəl qızla giriş mümkündür

Bakıda bu restorana 200 minlik maşın və gözəl qızla giriş mümkündür

Paytaxtda yerləşən restoranlardan birində vaxt keçirmək istəyən müştərilərdən bunun üçün öncədən müəyyən edilmiş kriteriyalara uyğun olmaqları tələb edilir. 

Belə ki, şəhərin mərkəzində yerləşən “Khan” adlı restoranın ancaq bahalı maşınlarla gələn qonaqların, gözəl qızların restorana girməyə icazə verməsi birmənalı qarşılanmır, bu hal müştəriləri narazı salır. 

Maraqlıdır, restoranlar niyə bu sistemlə işləyirlər? 

Bu restoranın daha lüks olmasının göstəricisidir, yoxsa qeyri-etik hərəkət?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov bildirib ki, bu məsələni nəzarətdə saxlayan bir qurum olmadığı üçün belə halların yayılması qaçılmazdır: 

“Hazırda bazar iqtisadiyyatıdır, kim nə istəyir edir. Azərbaycanda belə şeylərə dur deyən yoxdur. Məsələn, elə adam olub ki, yer açıb, ideyanı mən vermişəm ki, “müəllif mətbəxi” olsun, insanların hər yerdə yeyə bilməyəcəyi yeməklər hazırlansın, səviyyəli adamlar gəlsin. Amma onu da bildirmişəm ki, biz bu konsepti yaradırıq, lakin Azərbaycan kontingenti buna uyğun deyil, siz buranı işlədə bilməyəcəksiniz. Həqiqətən də o adamlar iflasa uğradılar. 

Ondan sonra bir yer açdım, elə bir məkan idi ki, onlar müştəriləri “qara siyahı”ya salırdılar, özünü apara bilməyən, qışqıran, mübahisə salan insanlar o siyahıya düşürdü və bir daha restorana buraxılmırdı. Həmin restorana getmək üçün mütləq öncədən rezervasiya etməli idin, hər adamı da rezervasiya etmirdilər. Bunlar “high class” restoranlar sayılırdı, yəni yüksək səviyyəli xidmət və yeməklər təklif olunurdu. 

Ancaq oliqarxları, bahalı maşınları olanları içəri buraxan restoranda xidmət hansı səviyyədədir bilmirəm. Bu adamlar restoranı açıblar, tələb qoyublar ki, gələnin 200 minlik maşını olsun və s. Bu ola bilər, bura Azərbaycandır. Onsuz da kim nə istəyir edir. Kəndlinin 30-40 qəpiyə qapısında sata bilmədiyi pomidor gəlib Bakıdakı marketdə möcüzəvi şəkildə 4-5 manat olursa, Bakıda restoranlarda belə tələblərin olması da mümkündür. Azərbaycanda bu kimi halların qarşısını alacaq bir qurum yoxdur”. 

Ekspert bildirib ki, bu cür aşağılayıcı marketinq strategiyası etik deyil:

“Əslində, kim o restoranı açan adama nə isə deyə bilər ki? Kapitalizmdir. Bakıda elə restoranlar var ki, ancaq qadınların, yaxud kişilərin daxil olmasına icazə verilir. Bu, normaldır. İnsanlar özlərini belə yerdə daha rahat, daha sərbəst hiss edirlər və bu, başadüşüləndir. Amma 200 minlik maşınla gəlməyənləri buraxmırıq demək etik deyil. Bu halda sən orta səviyyədə olan insanları əzirsən Bu konsept insanları əzmə konseptidir və düzgün deyil. Elə restoranlar var ki, orada müəllif yeməkləri, xüsusi təamlar verilir, onlar da menyuda bunu göstərirlər, orda bir yemək 40 manatdan başlayır. Amma həmin restoranlar sosial şəbəkələrdə yazmırlar ki, bura ancaq milyonerlər gəlsin. Sadəcə menyunu təqdim edirlər, istəyən gedir, istəməyən getmir.

Ancaq oliqarxlar, 500 minlik maşını olanlar gəlsin demək olmaz, bu markentinq  düzgün deyil. Bəlkə də həmin restoranlar “high class” insanları, oliqarxları cəlb etmək üçün belə marketinq hiyləsi ortaya atıblar. Amma düşünmək lazımdır ki, hər şey pul qazanmaqla deyil, insanları əzmək olmaz, bu heç yaxşı deyil. Oliqarxları restorana cəlb etmək üçün insanları aşağılamadan başqa bir konsept fikirləşsinlər”. 



MANŞET XƏBƏRLƏRİ