Kamran Əliyev: şəxsiyyəti və bədii nəsri

Kamran Əliyev: şəxsiyyəti və bədii nəsri

Açıklama yok.

Sevinc Kərim qızı Əliyeva

Filologiya üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi,

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu

“Folklor və yazılı ədəbiyyat” şöbəsi

Tariximizdə qədimlərdən bəri davam edən əhəmiyyətli ənənələr sırasında elmə, mədəniyyətə xidmət xüsusi yer tutur. Kamran Əliyev də Azərbaycan ədəbiyyatında xüsusi xidməti  olan mütəfəkkir alimdir. Tale və zaman onu elm uğrunda mübarizələrin qucağına atdı. “XX əsr Azərbaycan romantiklərinin ədəbi-nəzəri görüşləri”, “Hüseyn Cavidin şəxsiyyəti və poetikası”, “Cavid möcüzəsi”, “Azərbaycan romantizminin poetikası”, “Azərbaycan romantizminin nəzəriyyəsi”, “Romantizm və folklor”,  “Hüseyn Cavid: həyatı və yaradıcılığı”, “Abbas Zamanov olmasaydı”, “Eposun poetikası: Dədə Qorqud və Koroğlu” adlı monoqrafiyaların, orta və ali məktəb tələbələri üçün hazırladığı dəsr vəsaitlərinin, bir sözlə, yüzlərlə elmi əsərin müəllifi olan Kamran Əliyevin  elmi-bədii yaradıcılığı təkcə dünən və bu gün üçün deyil, eyni zamanda daim yeniləşməkdə olan Azərbaycan ədəbiyyatşünaslığının perspektivləri üçün də mühüm əhəmiyyətə malikdir. O, yorulmaq bilmədən yaradıcı, məhsuldar ədəbiyyatşünas, folklorşünas olmaqla bərabər, öz fəaliyyətində hər zaman nəzəriyyə ilə praktikanın vəhdətini uzlaşdıran bir elm təşkilatçısı idi.

  Mərhəmətli şəxsiyyət. Hər zaman araşdırmalarımızda, müşahidələrimizdə də görürük ki, böyük və kiçikliyindən asılı olmayaraq hər xalqın varlığını təyin edən mühüm amillərdən biri də onun seçilmiş şəxsiyyətləridir, alimləridir. Bu söylədiklərimizin cavabını Kamran Əliyevin şəxsində də görə bilirik. Bir həqiqət bəllidir ki, insan həyatda çox şeyini itirir və itirdiyi hər şe­yin yerini zaman doldurur. Təkcə birindən başqa. Bu da mənəviyyatdır, şəxsiyyətdir. Çünki mənəviyyatın, insanlığın, şəxsiyyətin yerini doldurmağa zaman belə acizdir. AMEA-nın müxbir üzvü Kamran İmran oğlu Əliyevi yaxından tanıyanlar, onun elmi və bədii yaradıcılığından xəbərdar olanlar bilirlər ki, o, həyatda hər bir insana nəsib olmayan alim, Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus elmi məktəb yaradan şəxsiyyətlərdən biridir. 

İnsanlara kömək etməklə özü də rahatlıq tapan Kamran Əliyevin ailəsinə və dostlarına faydası dəyəcək prinsipləri var idi. Belə ki, o, dostlarının narahatçılıqlarına qulaq asmağa hər zaman hazır olan insan idi. İnsanlar üçün fikir və düşüncələrinin nə dərəcədə real olub-olmayacağını öncədən məsləhətləri ilə başa salar, insanı düzgün addım atmağa yönəldərdi. Çünki o, ətrafında olan insanların xoşbəxt olmağını istəyir, ehtiyac duyulan heç bir məsləhəti dostlarından əsirgəmirdi. Axı dostlarının inamını qazanmaq onun üçün də böyük şərəf idi.  Göründüyü kimi, təvazökarlıq, mülayimlik, xeyirxahlıq və səbir kimi ali xüsusiyyətlərə malik olan Kamran Əliyevin yazıçı olaraq bədii əsərləri də insanlara həyat eşqini tərənnüm edir, oxucularını sonsuz istəklər dünyasına aparır, gələcəyə səsləyir. İnanırıq ki, Kamran Əliyevin elmi-bədii fəaliyyəti zaman ötdükcə ölməzləşərək Azərbaycan ədəbiyyatının ayrılmaz bir hissəsinə çevriləcəkdir. Kamran Əliyevin son illərdə çap olunmuş on cilddən ibarət olan əsərləri də bunun bariz nümunəsidir. Mənəvi irsimizi- folklor tariximizi yaşatmağı və gə­ləcəyə çatdırmağı özünün böyük missiyası hesab edən Kamran Əliyev rəhbərlik etdiyi şöbənin kollektivini də buna səfər­bər etməklə yazılı ədəbiyyatla xalq ədəbiyyatı arasında uçulmaz bir körpü tağı yaratmışdır. Prof. C.Qasımovun “Azərbaycan folkorşünaslığı və sovet totalitarizmi” əsərində sitat olaraq göstərdiyi  Kamran Əliyevin aşağıdakı fikri də maraq doğurur: “...Sənətkar mənsub olduğu xalqın folklor irsinə müraciət edir, xalq yaradıcılığından səmərəli şəkildə qaynaqlanır. Belə olan halda bir bayatı, bir atalar sözü, bir nağıl süjeti də həm təzə həyat yaşayır, həm də zənginliyini, siqlətini yenidən təsdiq edir”. Kamran Əliyevin bu fikirləri onun həm fəaliyyət yolunu müəyyənləşdirir, həm də elmi-bədii yaradıcılığında folklorumuzun yaşarılığı özünün tam rüşeymləri  ilə ifadə olunur .

Ədəbiyyatşünas alim G.Pənahın “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” adlı əsərində belə bir fikrə rast gəlirik : “Elm yaşa baxmır və onun cazibəsi cavan, gənc, ahıl, yaşlı tanımır”. “Zəhmətinizin bəhrəsi sizə sevinc gətirəcəkdir” -, deyən Kamran Əliyev də ən çətin günlərində belə oxuyub-araşdırmaqla təsəlli tapan böyük şəxsiyyət idi. Bütün bunlarla bərabər, Kamran Əliyev həm də çox maraqlı tərəf müqabili və güclü erudisiyaya malik insan idi, sözün əsil mənasında böyük ziyalı, Azərbaycan ədəbiyyatşünaslıq elminin carçılarından idi.

  “Dərrakəli insanın ürəyi elm qazanar, - deyən Kamran Əliyevin bu fikirləri onun həyati gerçəkliyinin əsas tərəfi idi, hansı ki bunu dostlarına, ətrafındakı insanlara zaman-zaman aşılamağa çalışırdı. Kamran Əliyev  elmi fəaliyyətimizdə rəhbərimiz olmaqla yanaşı, ictimai mühitdə də daima bələdçimiz, yol göstərənimiz idi. Haqqı var idi. Ona görə ki, həmişə qurmaq, yaratmaq eşqiylə yaşamış Kamran Əliyev  elm aləminə təsadüfən gəl­məmişdir. Öz müdrik fikirləri ilə ürəyimizdə dərin kök salan bu dəyərli şəxsiyyət hərdən sözlərimizin arxasında hansı hisslər gizləndiyini dərhal başa düşər, bizim üçün nəyin daha vacib olduğunu vurğulayar, deyərdi ki, çətin anlarda belə dərhal özünüzdən çıxmayın, insanlara qarşı səbr və anlayış göstərsəniz münasibətiniz möhkəmlənəcək, hər kəslə dil tapacaqsınz. Demək, özünü insanlardan təcrid etməyən, dostlarının, doğmalarının qayğısına qalan, ən əsası tarazlığı qoruyub saxlayan  Kamran Əliyevin həyatı və elmi fəaliyyəti əsil cəfakeşlik nümunəsi, həm də bir həyat məktəbidir. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Kamran Əliyevin elmi- bədii irsi dəyərləndirildikcə, müstəqil və sistemli şəkildə təhlil olunduqca, alimin yaradıcılıq yolunun əhəmiyyəti də məlum olacaq. Düşünürük ki, araşdırmalarımız ədəbi-nəzəri tədqiqat baxımından önəm kəsb edəcək. 

  “Dağlı məhəlləsi” hekayəsi. Qeyd edək ki, Kamaran Əliyevin elmi-bədii irsinə ehtiram hissi olaraq ondan yadigar qalan əsərlərini bir daha vərəqləməyi özümüzə şərəf hissi kimi dəyərləndirə bilərik. Əsərlərinin təhlili professorun həm də insanlara yenidən tanınmasında mühüm rol oynayacağına inanırıq. Belə ki, Kamran Əliyevin “Dağlı məhəlləsi” hekayəsi insana həyat eşqini, sədaqətini, tələbəlik illərinə məhəbbətini əks etdirir. Müəllifin hekayələri ona görə təbiidir ki, onlar hər şeydən əvvəl millidir, Azərbaycan ab-havasının məhsuludur. Bu zaman akademik N.Cəfərovun aşağıdakı fikirlərini qeyd etmək məqamı yaranır: “Azərbaycan nəsr təfəkkürü və ya nəsr yaradıcılığı mədəniyyəti ilkin mənbəyini qədim tarixə malik türk-Azərbaycan epos ənənələrindən alsa da, orta əsrlərdə Şərq- müsəlman təhkiyə-nəql texnologiyaları ilə xeyli zənginləşmiş, yeni dövrdən isə Qərb prozasının güclü təsiri əsasında formalaşmışdır. Akademik N.Cəfərovun Azərbaycan nəsri haqqında söylədiyi bu fikirlərin bariz nümunəsi özünü  Kamran Əliyevin nəsr yaradıcılığında da ifadə edir.

 Hekayəni oxuduqca hiss edirsən ki, 70-ci illərin ab-havasını, ruhunu özündə yaşadan tələbəlik illərinin  könüllərə ruh verən xatirələri öz təzəliyini və təravətini bu gün də qoruyub saxlayır. Dağlı məhəlləsi, “Tələbə hamamı”, Höcətulla kişinin həyəti, Zeynəbin dükanı, Zibeydə xalanın təndirəsəri – hər biri tələbəlik illərinin qaynarlığının, tükənməz şənlik və dəlisov arzularının yadigarıdır. Düzdür, hekayədə də qeyd olunduğu kimi, Yasamalda yerləşən bu məhəllə və obyektlərin  bu gün qalıb-qalmaması bəlli deyil. Amma hekayədəki hadisələr oxucunu həyata, insana məhəbbət dolu keçmişə aparır, kədər və sevinc hissi ilə dolu olan tələbəlik xatirələrini dinləməyə dəvət edir.

  Tələbəlik illərinin sadə və gözəl tərənnüm olunduğu bu hekayədən aydındır ki, “Tələbə hamamı” Dağlı məhəlləsinə tam başqa bir ləzzət qatırdı. Məhəllədə kirayənişin qalan tələbələr öz tanış-bilişlərinə qaldıqları yeri tapmaq üçün məhz həmin hamamı nişan verirdilər. Hamam da əslində tələbələrin hamamı kimi tanınırdı. Çünki universitetin və politexnikin yataqxanalarında qalan tələbələrin əsas hamamı bura idi. Hamamda həmişə tünlük olurdu. Hamama gələnlərin növbəsi azalmırdı ki, azalmırdı. Hamamda işləyən dolubədənli, bir az da ayağını çəkə-çəkə yeriyən bəstəboy, xoşsifət Sədulla kişi buraya gələn tələbələrin çoxunu adbaad tanıyırdı.

  Hekayəni oxuduqca Sədulla kişi oxucuya da müsbət, xoş təsir bağışlayır. Sədulla kişi şən adam idi, həm də maraqlı danışmaq qabiliyyəti var idi. Əməlikamil məsləhətlər və zarafatlarla dolu söhbətlər edən Sədulla kişinin tələbələr arasında da böyük hörməti var idi. Hər dəfə böyük sevinc və qəhqəhə ilə hamama gedən tələbələr onu olduqca ləyaqətli adam hesab edirdilər. Yataqxanaları bir-birinə yaxın olan politexnikin və universitetin tələbələri aranı-araya qatıb tez-tez dalaşırdılar. Hər dalaşma bir bəhanə ilə baş versə də, Sədulla kişinin nüfuzu tələbələri sakitləşdirirdi. Prof. Rüstəm Kamalın təbirincə desək: “Kamran Əliyev müxtəlif obraz proyeksiyalarını qarşılaşdırır. Epik təhkiyənin istənilən komponenti- detalı, motivi, obrazın etnopoetik xarakterini açmağa çalışır”. 

  Oxucunu məhəbbət dolu, acılı-şirinli tələbəlik illərinin qoynuna aparan hekayə Zeynəbin də ana nəvazişi ilə nurlanan tələbəlik həyatının xatirələrini dinləməyə dəvət edir. Belə ki, hekayədə Zeynəb tələbələrin əzab yükünü çiyinlərində daşıyan bir qadın-ana obrazıdır. Elə hekayədə də belədir ki, Zeynəb nisyə mal alan tələbələrə daha çox bağlanmışdır. Çünki Zeynəbə elə gəlirdi ki, bu uşaqlar olmasa, özü yetim qalacaq. Bunun da səbəbi o idi ki, dul qalmışdı, tək-tənha yaşayırdı, heç kimi yox idi. Yaşadığı həyət müharibəyə gedib qayıtmayan ərinin mirası, dükan isə onun yadigarı idi.

  Zeynəb zəif, miskin qadın deyildir. Həyatının məna və məqsədini yaxşı bilən Zeynəb odu öz içində yaratmış bir qadın idi. Hansı ki, həmin odun gücünə güvənərək tələbələrə nisyə mal verirdi. Tələbələr də Zeynəbə sədaqətli idilər, borclarını gec də olsa, gətirib verirdilər.

  Höcətulla kişi isə bütün varlığı ilə milli adət-ənənələrimizə bağlı olan bir insandır. Buna görə də evində qalan kirayənişinlərinin-Şamama ilə Zeynalın görüşməsini qəbul edə bilmir. Öz mənəvi saflığı, həyat təcrübəsi, kirayənişinlərinə- tələbələrə qarşı qayğıkeşliyi, həssaslığı ilə seçilən Höcətulla kişi həm də hər şeydən əvvəl öz vicdanı qarşısında məsuliyyət daşıyırdı. O, özünün sanki Şamama və Zeynalın da valideynləri qarşısında məsuliyyət hissi daşıdığını hiss edirdi və kirayənişinlərinin hər bir hərəkətinin məsuliyyətini, cavabdehliyini öz üzərinə götürürdü. Məhz buna görə də həmin günün xoşbəxt mənzərəsini qəbul edə bilməyən Höcətulla kişini mənfi obraz kimi xarakterizə etmək düzgün deyil. Onun qəlbindəki həssaslıq Zeynalın evdən qovulmasına gətirib çıxartdı. Əsas dolanacağı kirayədən çıxsa da, Höcətulla kişi pulu belə düşünmədi, hətta axırıncı ayın pulunu belə istəmədi. Çünki insanda həssaslıq azalanda onun yerini biganəlik, laqeydlik tutur. Məhz təbiətən həssas və qayğıkeş olan Höcətulla kişi nəinki kirayənişin saxladığı tələbələrə, hətta qohumlarına belə laqeyd və diqqətsiz deyildi. Aşağıdakı fakt  fikrimizə aydınlıq gətirir: “Hamamdan on-on beş addım o tərəfdə Höcətulla kişinin həyəti başlayırdı. Bu məhəllənin əsasını Höcətulla kişi qoyduğuna görə elə onun  adı ilə də adlandırmışdılar. Əsasını deyəndə ki, bu yerlər vaxtilə bomboş imiş. Bakının ən uzaq nöqtələrindən hesab edilirmiş. Buralarda adam-madam yaşamırmış. Höcətulla kişi özünün dediyi kimi itə-qurda beş-üç manat verib itlərin hürüşdüyü bu yerdə özünə ev tikdirmiş, ağac əkmiş və həyətin də ala-babat hasarlamışdı. Sonra kənddən-kəsəkdən gələn qohum-əqrabasını da yavaş-yavaş başına yığıb əməlli-başlı məhəllə yaratmışdı. Əsas dolanacağı da həyətdə tikdiyi balaca otaqları tələbələrə kirayə verməkdən çıxırdı”.   

 Qeyd etdiyimiz kimi, Kamran Əliyev hekayədə mahir rəssam fırçasına məxsus keyfiyyətlərlə Zeynalın tələbəlik illərini, həyat eşqini tərənnüm edir və oxucunu ağuşuna alaraq o dövrə- o zamanın tələbəlik illərinə səyahətə aparır, Zeynalın saf, sevgi dolu dünyasını, həyatını dolğun şəkildə açır. Ancaq Şamama obrazı əsərə başqa bir ab-hava qatır. Elə bir ab-hava ki, Şamamanın hərəkətləri həssas oxucuda təəssüf hissi oyadır. Çünki hekayəni oxuyanda görürük ki, ilk dəfə Zeynalla Zibeydə xalanın təndirəsərində tanış olan Şamamanı Zeynalın fərəh dolu baxışları heyrətə gətirmişdir. Hekayənin bir çox məqamlarından hiss olunur ki, Zeynal da Şamamaya biganə deyildi. O, Zeynalın təxəyyülündə yaradılmış sədaqətli bir qız surəti idi. Bu zaman belə bir sual yaranır ki, Şamama da qaldığı kirayənişin evini Zeynalla birlikdə tərk etməliydimi? Axı Şamama ilə görüşdüyünə görə Zeynal qovulmuşdu. Düzdür, Şamamanın Zeynalla birgə evi tərk etməyi adət-ənənələrimizin, xüsusən də Dağlı məhəlləsinin adətlərinin  dar çərçivəsinə zidd idi. Bəlkə Şamama da bunları nəzərə alaraq evi tərk etmədi. Bunlara görə Şamama obrazı ilk baxışda oxucuya müsbət obraz təsiri bağışlayır. Amma həssas oxucu üçün bu qəbuledilməzdir. Belə ki, Şamama ürəyinin səsi ilə hərəkət etsəydi, Zeynalın uğrunda cəsarət göstərsəydi müsbət qəhrəmana çevrilə bilərdi. Çünki hər dəfə Zeynalı görəndə gözləri parıldayan, Zeynalın qəlbini ələ alan Şamama bu vəziyyətdə heç nə edə bilməsə də, susmamalı idi. O, hər şeydən əvvəl Zeynalın düşdüyü durumu düşünməli idi. Nəzərə alaq ki, hər kəsin öz “məni” var və bu böyük həqiqətin əhəmiyyəti çətin durumlara düşəndə açılır. Hekayəni oxuyanda görürük ki, kirayənişin evindən qovularkən təəccüb dolu baxışlarıyla Şamamaya baxan Zeynalı naməlum bir hiss bürümüşdür, düşdüyü vəziyyətə cavab axtarırdı. Şamama isə Zeynala yaxınlaşıb astaca: “- Zeynal, evə gələndə gördüm ki, paltarların və kitabların həyətin ortasına tökülüb. Paltarlarını götürüb şifonerdən asmışam. Höcətulla kişi deyib ki, dəftər- kitabını da götürüb burdan rədd olsun, gözlərimə görünməsin, axırıncı ayın kirayə pulunu da istəmirəm”. Məsələnin bu yerində akademik M. Kazımoğlunun (İmanov) belə bir fikri yada düşür:  “Nəsr mənfi və müsbət tərəfləri özündə birləşdirən insana müraciət etdikcə ədəbi tənqid bu meyli nə qədər alqışlayırsa, bir o qədər də ədəbi tənqiddə ideal qəhrəman həsrəti güclənir”. Hekayəni təhlil etdikcə görürük ki, oxucu da özünün məhz ideal qəhrəman obrazını axtarır. Buna nə dərəcədə nail olur, təbii ki bu məqam oxucunun hekayəyə yanaşma prinsipindən, obrazlara baxış bucağından asılıdır.

Bir məqamı da vurğulayaq ki, əgər Şamama Zeynalla birgə kirayə evini tərk etsəydi, tələbəlik həyatından yadigar qalan səadət dolu bir ömür tapacaqdı. O, bunu bacarmadı. Çünki bu addımı atmaq üçün Şamamada Zeynala çata biləcək ürək, cəsarət yox idi. Beləcə, Zeynal kirayə yaşadığı evi tərk etdi. Yenidən yataqxanaya qayıtdı. Yolda hamamın qabağında oturmuş Sədulla kişi də salamını almadı. O gündən sonra Zeynəb də ona nisyə mal verməyi tərgitdi.      Yaranmış vəziyyətə digər baxış bucağından yanaşsaq, Zeynalın saf  insanlıq sevgisində parlaya, işıqlana bilməyən Şamamanın bu cür addım atması Zeynalın xeyrinə oldu. Çünki dövründən, zamanından asılı olmayaraq, günlərlə duz-çörək kəsdiyi, özünə doğma sandığı bir insanın yolunda cəsarətli addım ata bilməyən bir qadın sabah Zeynalla birgə çiyin-çiyinə həyat yollarının əzablarına dözməyi də bacarmazdı. Zeynal isə kirayənişin evini tərk edəndə saf sevgisini, mərdliyini də özü ilə götürüb apardı.

  Fikrimizin yekunu olaraq onu da xüsusi qeyd edək  ki, Kamran Əliyevin hekayələrində insan özünü tapır, həm sevinir, xatirələrə qapılır, bəzi məqamlarda isə oxucu hadisələrə münasibət bildirərək xoş bir xatirə izi qalan mübahisə edir. Çünki müəllif hekayələrində həyatı ifadə edir, həyatı xatırladır, bir sözlə, sözlə həyatın rəsmini çəkir. Kamran Əliyevin həm folklor, həm də yazılı ədəbiyyatda tutduğu mövqeyə nəzər yetirdikdə görürük ki, apardığımız tədqiqat işlərinin onun elmi-bədii irsinin öyrənilməsi baxımından əhəmiyyəti böyük olacaqdır. Təsadüfi deyil ki, Kamran Əliyev yalnız filoloqlar tərəfindən deyil, onu tanıyan müxtəlif sənət sahibləri tərəfindən də sevilir, hörmətlə yad edilir.   İnanırıq ki, onun elmi- bədii fəaliyyəti, fikir və mülahizələri müəyyən həssaslıqla, elmi-nəzəri əsaslarla qələmə alınıb yenidən elm aləminə təqdim olunacaqdır.

 



MANŞET XƏBƏRLƏRİ