Müstəqil Ağayev
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,
Qabaqcıl Maarif Xadimi
(IV məqalə)
Həsən bəy Zərdabi dünyəvi elmlərin təbliği məsələsinə çox ehtiyatla yanaşır və müxtəlif üsullardan istifadə edirdi. Bununla əlaqədar olaraq “Əkinçi” qəzetində yazırdı : “Çünki bizim peyğəmbərlərimiz biz müsəlmanlara elmi-əbdanı təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək. Onları kimdən öyrənək. Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan ol elmləri öyrənmək olarmı, ya elmül-ədyan oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun” ( “Əkinçi” qəzeti 1876-cı il, 12-ci sayı).
Həsən bəy hər iki elmin eyni məktəbdə, eyni şəxsdən öyrənilməsinin əleyhinə çıxaraq yazırdı:” Bizlərdə indiyəcən zikr olan elmlərə təfavüt verməyib onların hər ikisini bir məktəbxanada , bir ustaddan, bir qaidə ilə öyrənirlər. Amma bu qaidə qədim zaman qaidəsidir və zəmanə dəyişildiyinə , o qaidə gərək dəyişilsin, hər bir taifə zikr olan elmlərə təfavüt verməyib, onların hər ikisini bir ustaddan, bir məktəbxanada öyrənirdi, yəni hər kəs oxuyub həmi molla, həmi hükəma olurdu. Başda sarığı olmayana hükəma deməyirdilər. Amma bizim zəmanədə ki, təcrübeyi-elmiyyə artıb , ol elmlərin hər ikisini oxumaq üçün qeyr məktəbxana və qeyr müəllimlər lazımdır. Doğrudur, bizim də məktəbxanələrimiz var, amma onlardan ümdə mətləb elmi-ədyan oxutmaqdır, elmi-əbdanı ya heç oxutmayırıq, oxutsaq da, ona elə səy etməyirik. Lazımdır ki, biz də qeyr millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyr məktəbxana bina edib, qeyr müəllimlər təyin edək”. ( “ Əkinçi” qəzeti, 1876-cı il, 18-ci sayı).
Həsən bəy dəqiq elmləri: təbiiyyatı, coğrafiyanı, əkinçiliklə bağlı elmləri, astronomiyanı öyrənməyi təbliğ edərək qəzetin səhifələrində yazırdı: “ Millət , dövlət qeyrətini çəkən qardaşlar, gərək xəyaləti-qəvaidi-mövhumiyyəni kənara qoyub, bacarıq və qüvvə sahibləri əsbab, aləti-tərəqqiyat və məktəbxanalar bina edib, maşın ustadlar gətirib, ətfalı qaidəyi-ülum ilə tərbiyət etsin, ta kəm-kəm xalq baxəbər olub, öz məaş və əbdanlarına lazım olan işləri əmələ gətirsinlər” ( “Əkinçi” qəzeti, 1876-cı il, 7-ci sayı).
Həsən bəy Zərdabinin yaradıcılığında onun təbiətşünaslığa aid məqalələri xüsusilə diqqəti cəlb edir. Bu barədə biologiya elmləri doktoru, mərhum professor Mirəli Axundov öz fikrini belə ifadə edir: “ Zərdabinin elmi fəaliyyətini təkcə təbiətşünaslıq ideyalarının təbliği ilə məhdudlaşdirmaq, həmçinin ona X1X əsrdə bütün ömrünü biologiyanın hər hansı məhdud bir sahəsində elmi tədqiqatlara həsr etmiş alimlərlə bir sırada qoymaq düzgün deyildir”. ( M.A.Axundov, “İz istorii razvitiya bioloqiçeskoy mısli v Azerbaydjane X1-X1X v.v.”, Baku, 1965, str.56-57).
Həsən bəy Zərdabi özünün elmi əsərləri və maarifçilik fəaliyyəti ilə Azərbaycanın təbii-elmi və ictimai-fəlsəfi fikir tarixində şərəfli bir yer tutmuşdur. XX əsrin əvvəllərində elm və maarifə müxtəlif şəkildə çağırışlar edilirdi. Hər bir qələm sahibi olan mütərəqqi fikirli ziyalı çalışırdı ki, müxtəlif vasitələrlə kütlələrin şüuruna təsir edə bilsin. Elmin faydaları və əhəmiyyəti haqqında onlara başa düşəcəkləri şəkildə məlumat versin. Məsələn, Nəriman Nərimanov yazırdı: “ İnsanın ruhuna elm verən ləzzəti heç şey verməz. Elmlərin barəsində çox şey yazılmış, ancaq oxuyan istər. Elmi sevən qaranlıqdan işığa düşər.Elmin işığı yanan lampanın işığına bənzəməz. İnsan ancaq elm oxuya-oxuya xoşbəxt olar.Elmin gücünə xoşbəxt olan qeyrətini əldən verməyib başlar öz millətinə kömək etməyə” ( N.Nərimanov,” Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi”, 1899, səh.42-43).
Həsən bəy Zərdabi xalqımızın ictimai-fəlsəfi və təbii-elmi fikir tarixində misilsiz xidmət göstərmişdir. O, Azərbaycanda təbii-elmi materializmin görkəmli nümayəndəsi kimi tanınır. Həsən bəy kainat hadisələri haqqında materialist mülahizələr irəli sürür. Zərdabinin “Torpaq, su və hava”, “Ayın fazalarının yer üzərində üzvi həyata təsiri”, “Marsda insan yaşayırmı?”, “ Yeni uldualar”, “Aləmin məhv olması haqqında şayiələrə dair” adlı əsərləri oxucuya çox maraqlı məlumat və materiallar verir.
Zərdabinin əsərlərində Ay, Günəş, Yer, Günəş sistemi haqqında, orada baş verən hadisələr barəsində çox mühüm elmi maraq doğuran mülahizələr irəli sürülür. Dünyanın obyektiv varlıq olduğu, maddi vəhdət təşkil etdiyi göstərilir. O, Yerin əmələ gəlməsindən və inkişaf tarixindən söhbət açaraq , belə hesab edir ki, Yerin inkişafı bütövlükdə kainatın, eyni zamanda Günəş sisteminin inkişafı ilə sıx bağlıdır.
Zərdabi, eyni zamanda, Gnəş və Ayın tutulması, zəlzələ, dağların əmələ gəlməsi, vulkan püskürmələri və sair hadisələr barəsində də çox maraqlı elmi fikir və mülahizələr irəli sürür. “ Ayın fazalarının yer üzərində üzvi həyata təsiri” adlı məqaləsində Zərdabi səma cisimlərinin insan taleyinə təsiri haqqında sadəlövh baxışları rədd edir.
Həsən bəy Zərdabi çoxlu sayda təbiətşünas alimlərin təbii-elmi fikirlərinə istinad edərək üzvi aləmin əmələ gəlməsini, insanın yaranmasını materialistcəsinə izah edir, şüurun ən yüksək dərəcədə inkişaf etmiş insan beyninin məhsulu olduğunu göstərir. Üzvi həyat hadisələrinin , o cümlədən beyin və şüurun münasibəti məsələsinin izahı üçün Zərdabinin “Bədəni salamat saxlamaq düsturüləməlidir” əsəri, “Həvasi-xəmsə”, “İnsan bədəninin hissələri”( Sümük, ət və beyin” ) məqalələri də çox maraqlıdır.
Zərdabinin məqalələri içərisində “Gələcək haqqında bəd xəbərlər”, “ İnsan bədəninin florası”, “Orqanizmin yoluxucu mikroblara qarşı mübarizəsi” adlı məqalələri diqqəti daha çox cəlb edir. Zərdabi doğma kəndi olan Zərdabda yeni növ meyvə çeşidləri yetişdirir, təcrübələr qoyur, kənd təsərrüfatı nailiyyətləri sərgisinə yeni növ buğda bitkiləri təqdim edir, qalib gəlir, mükafatlandırılır və sairə. Zərdabinin öz kəndindəki fəaliyyəti ilə tanış olanda görürük ki, o, çətin anlarda kənd camaatınn köməyinə çatır, onları müalicə edir, peyvənd edir, iynə vurur, özünü bir həkim kimi aparır.
Həsən bəy Zərdabi özünün elmi əsərləri, maarifçilik fəaliyyəti ilə Azərbaycan ictimai-fəlsəfi, təbii-elmi fikir tarixində şərəfli bir yer tutmuşdur. Nəinki Avropanın bir sıra mədəni cəhətdən irəli getmiş xalqlarından , hətta qonşu xalqlardan müxtəlif sahələrdə geridə qalan azərbaycanlıların dünyada və ölkədə baş verən ictimai-siyasi hadisələrdən baş çıxarıb, onların mahiyyətini dərindən dərk etməsi üçün onların maariflənməsi şəraitə görə olduqca zəruri idi. Çarizmin ağır müstəmləkəçilik şəraitinin hökm sürdüyü, ucqarlarda yaşayan, xüsusən də rus olmayan millətlərin mədəniyyətlərinə , ictimai həyatlarına, məişətlərinə biganə qalan, onların faciəli yaşayış tərzinə göz yumduğu bir şəraitdə belə bir ağır, lakin vacib olan bir işin icrasına başlamaq Zərdabi üçün çox məsuliyyətli və qorxulu idi.
Xalqımızın maariflənməsində, cəhalət və mövhumat buxovlarından azad edilməsində, mədəni inkişaf yoluna düşməsində H.B.Zərdabi çox zəhmət çəkmiş, əsl fədakarlıq nümunəsi göstərmişdir. Onun dünyagörüşünün zənginliyi və əhatəliliyi, filirlərinin dərinliyi və cazibədarlığı indi də diqqəti cəlb edir. Zərdabinin keçdiyi mübarizələrlə dolu həyat yolu , təbii-elmi və ictimai- fəlsəfi görüşləri buna sübutdur.
Zərdabi irsinin öyrənilməsi və təbliği Azərbaycan icrimai-fəlsəfi və təbii-elmi fikir tarixini öyrənməyin ən vacib tələblərindən biridir. Biz Həsən bəy Zərdabinin simasında görkəmli ictimai xadim, elmin müxtəlif sahələrinə aid yazılmış çoxlu qiymətli əsərlərin müəllifi olan təbiətşünas, torpaqşünas, bioloq, təbib, jurnalist, publisist və sevimli bir pedaqoq görürük.
Zərdabi astronomiya elminin əldə etdiyi nailiyyətlərə əsaslanaraq belə bir nəticəyə gəlir ki, kainat cisimləri də Yerdə olduğu kimi bir-birləri ilə sıxı surətdə bağlıdır, bir-birləri ilə qarşılıqlı şəkildə əlaqədədirlər. Zərdabi Günəşin, Ayın və Yerin bir-birinə təsir etməsinə misal olaraq göstərir ki, Ay və Günəşin təsirindən Yer üzərində mövcud olan şeylər hərəkətə gəlir, okeanların suyu qabarır, qalxır, eyni zamanda, Yerin təkində olan şeylərə - ərimiş daşlara da təsir edir. Nəticədə Ay 14 günlük olanda zəlzələ baş verir, vulkan püskürür, ərimiş lavalar -- palçıq kütləsi yer üzərinə axaraq, bütün canlıları yandırıb məhv edir. Bu suxurlar soyuyandan sonra xırda təpələr əmələ gəlir.
Həsən bəy Zərdabi Ay və Gün tutulmasının mahiyyəti haqqında dini-idealist təsəvvürlərə ağır zərbə endirir. Onun bu barədə söylədiyi mülahizələr çox maraqlıdır. Zərdabi Ay və Günəşin tutulmasını belə izah edir: “ Biz Gün, Küreyi-ərz və Ay bir-birinin başına dolandığından danışdıq, çünki bu səbəb Ay və Gün tutulmasının da səbəbidir. Ay axşamladığı zaman Küreyi-ərz Ay ilə Gün arasında və üçü də bir cərgədə olurlar...Ona binaən bu zaman Ay Küreyi-ərzin köıgəsindən keçsin və onun kölgəsinə daxil olanda onun üstə Günün şəfəqi düşməyir, yəni Ay tutulur. Günün tutulması Ayın Küreyi-ərzlə Günün arasında və üçünün də bir bir cərgədə olmasıdır ki, Ay yeni olan zaman olur. Belədə Gün Ayın köıgəsinin içinə daxil olanda Gün tutulur”. ( Həsən Məlikzadə Zərdabi. “ Torpaq, su və hava”, Bakı, 1912, səh.19).
Həsən bəy Zərdabi Azərbaycan mədəniyyəti tarixində böyük xidmətləri olan, həyat və yaradıcılığı ilə xalqının mədəni və elmi fikir tarixində dərin iz buraxmış bir mütəfəkkir idi. Zərdabi ilk ali təhsilli Azərbaycanlıdır. Milli mətbuatımızın və milli teatrımızın banisidir. O, yeni tipli məktəblərin açılması üçün, xeyriyyə cəmiyyəti üçün Azərbaycanın rayonlarını , kəndlərini pay-piyada gəzib pul vəsaiti toplayırdı.
Heç şübhə etmirik ki, Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, elmi irsi müstəqil respublikamızın alim və ziyalıları tərəfindən bundan sonra daha da dərindən, diqqətlə öyrəniləcək, onun kimliyi və gördüyü çox böyük işlər dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq və bu dahi şəxsiyyətin arzuları, amalları, elmi bilikləri daima yaşayacaqdır.
Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur