Mirşahinin adından yayılan sitat aləmi bir-birinə QATDI


"Real" Televiziyasının rəhbəri Mirşahin Ağayevin adından sosial şəbəkədə yayılan bir açıqlama geniş müzakirələrə səbəb olub.
Turkustan.az x əbər verir ki, Facebook-dakı "Made in Azerbaijan" səhifəsinin Mirşahin Ağayevin adından paylaşdığı sitatı o, guya hansısa verilişdə səsləndirib. Həmin sitatda deyilir:

"Rus ordusunun peşəkarlığı sayəsində Qazaxıstanda vandal kütlə öz layiqli cəzasını aldı. Parlamentin növbəti iclasında rus ordusu üçün Bakıda hərbi hissə ayrılmasını təklif edəcəm. Azərbaycanda radikal ünsürlər nə vaxtsa baş qaldırsa, rus ordusunu köməyi ilə onların dərsini çox asanlıqla verə bilərik".

Sözügedən sitatı 140 nəfər paylaşdığından daha çox izləyiciyə çatıb.

Bu paylaşımlara yazılan çoxsaylı rəylərdə sosial şəbəkə istifadəçiləri kütləvi şəkildə "Real" Televiziyasının rəhbərini necə deyərlər, ağ yuyub qara səriblər.

"Real" telekanalının əməkdaşı Mahir Məmmədli bununla bağlı açıqlama yaymağa məcbur olub. O bildirib ki, Mirşahin Ağayevin adından rus ordusunun Azərbaycana dəvət edilməsi ilə bağlı yayılan açıqlama provakativ və feyk paylaşımdır.

"Bunu dəqiqləşdirmək o qədər də çətin deyil. Çünki sosial şəbəkələrdə Mirşahinin müəllif proqramının bütün buraxılışları paylaşılır və hər zaman izləmək mümkündür.
Təəssüf ki, xaricdən idarə olunan Facebook səhifələrində paylaşılan feyk "sitatlar"ı oxuyan və ailəsində eşitdiklərini şərh yerinə yazanlar özlərinə əziyyət verib həqiqəti dəqiqləşdirmək istəmirlər. Tipik sosial şəbəkə qaragüruhu ortadadır",- M.Məmmədli əlavə edib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ