"Rusiya çürüyür, Qazaxıstandan da, Qarabağdan da.... çıxacaq" - Politoloqdan ilginc açıqlamalar


"SSRİ birdən dağıldı? Onun dağılması üçün zəifləmə prosesi getməli idi və getdi də. İndi də Rusiya sürünür"

"Rusiyanın biznesmenləri sərvətlərini xaricə daşıyırlar. Elm, təhsil, səhiyyə biliciləri ölkədən köçürlər. Alimlər qaçırlar. Bunu görürük"

"Necə ola bilər ki, belə bir ölkə birdən-birə dirçəlsin və SSRİ-ni bərpa etsin. Fransa, Britaniya, Niderland, İspaniya, Osmanlı imperiyası bərpa olunub? Yox!"

"Nəyə görə Rusiya imperiyası bərpa olunmalıdır? Hələ Fransa, İngiltərə, İspaniya, Türkiyə inkişaf etmiş demokratik ölkələrdir. Onlar imperiyanı bərpa edə bilmirlərsə, Rusiya necə edə bilər axı?! Rusiya mütəmadi olaraq tənəzzülə uğrayır"

Azərbaycan Sosial Demokrat Partiyasının qurucusu və ilk sədri, politoloq Zərdüşt Əlizadənin "Sherg.az"a müsahibəsini təqdim edirik.

-Qazaxıstanda baş verən hadisələrin real səbəbləri nə idi?

- Bu ölkədə qazın qiymətinin qalxması bir qığılcım rolunu oynadı. Əhali hakimiyyətin yürütdüyü siyasətdən o qədər narazı idi ki, kütlələşmə, əhalinin əksər hissəsinin yoxsullaşması, hakim zümrənin dəbdəbəli həyatı, milli sərvətlərin talanması, xaricilərə satılması, insan haqlarının pozulması bütün bunlar aktiv zəmin yaradırdı ki, hansısa bir ictimai partlayış olsun. Qazın qiymətinin qalxması bir qığılcım oldu ki, nəticədə partlayış baş verdi. Qazaxıstanda hakimiyyətlə xalq arasındakı mükalimə mexanizmlərinin hamısı məhv eləmişdi. Siyasi partiyalar sıradan çıxarılmışdı. Parlamenti siyahılarla formalışdırmışdılar. Azad mətbuat yox idi, vətəndaş cəmiyyəti basqı altında idi. Əks-əlaqə itmişdi. Hakimiyyət elə bilirdi ki, hər şey əladır. Xalq isə buna etiraz edirdi. Nəticədə etirazlar başladı və sonradan proseslər küçədə gözü qızmış insanların talançılığı ilə müşayiət olundu. O zaman ki, siyasi-mədəni mükalimə imkanları olmur, onda kütlə işə düşür və barbar hərəkətlər etməyə başlayır. Qazaxıstanda bu baş verdi. Bu vəziyyət bütün avtoritar ölkələr üçün qaçılmazdır.

- Qazaxıstan olaylarını 20 yanvar hadisələri ilə eyniləşdirirlər. Sizcə, bu analogiya doğrudurmu?

-20 yanvar hadisəsi KQB-nin hərəkata yerləşdirdiyi agentlərin əli ilə törədilən bir təxribat idi. Hərəkatı məhv etmək, xalqı boğmaq üçün törədilmişdi. 20 yanvarda nə baş verdi? Bakıya sovet qoşunu yeridildi və camaatı buna qarşı qaldırdılar. Sovet qoşunları Bakıya yerləşdiriləndə Azərbaycan müstəqil olacaqdı? Əlbəttə, xeyr! Bakıda 4-cü ordunun komandanlığı yerləşirdi. Niyyət demokratik hərəkatı boğmaq, xalqı qorxutmaq idi. Bakıda camaatı qaldırmışdılar. Bu, qanunu idi? Paytaxtımızda əvvəldən 11min 200 nəfər sovet qoşunu oturmuşdu. Hava Qüvvələri Diviziyasının qərargahı yerləşdirilmişdi. Hərb işindən, siyasətdən başı çıxmayan dayaz adamlar ağızlarına gələni danışırlar. Camaat da buna inanır. 20 yanvar xalqımıza qarşı bir təxribat idi. Bu təxribatı Sovet Təhlükəsizlik Komitəsi hərəkata salınmış casusların əli ilə həyata keçirdi. Sonradan hərəkata yerləşdirilmiş casusların adları açıqlanmadı.

- Onların ifşası üçün hansısa addımlar atdınızmı?

- Bəli, bu barədə yazdım da, danışdım da. Həmin casuslar zərbə altından çıxarıldı və adları gizlədildi. Arxivlərin açılmasını tələb etdim, açmadılar. Mənə dedilər ki, bunun başına hava gəlib. Qazaxıstanda da buna bənzər hadisələr baş verdi. Qazaxıstanda zəmin nə idisə, Azərbaycanda da o idi. Əhali hakimiyyətdən narazı idi. Bu narazılıqlar axırda gəldi 20 yanvarda qırğınla nəticələndi. Seçkiləri sentyabr ayına saxladılar. O vaxt müxalifət 60-70 faiz səs toplamaq əvəzinə, 25 faiz səslə kifayətləndi. Bu idi mahiyyət. Hakimiyyət uğrunda dava gedirdi. Hakimiyyətin yuxarı eşalonunda çat var idi. Qazaxıstanda da elə idi. Nazarbayevlə Tokayev klanı arasında mübarizə gedirdi. Bizdə də Vəzirova qarşı partokratlar Xalq Cəbhəsindən istifadə edib mübarizə aparırdı, özləri isə rahat oturmuşdular.

- Belə çıxır, əhalini qırğına Xalq Cəbhəsi verib. Axı Xalq Cəbhəsi daim qırğının əleyhinə olub. Hətta ölkədə qırğın olmasın deyə sabiq prezident Əbülfəz Elçibəy vəzifəsindən getdi. Bu necə ola bilər axı?

- 1989-ci ildə Xalq Cəbhəsi idarə heyətində üç dəfə məruzə etmişəm ki, xalqı orduya qarşı qoymayın. Ordu gəlib xalqı məhv edəcək. Pənahlar, İsalar, Nemətlər, Etibarlar, Əbülfəzlər mənə gülüblər. Pənah onda mənə gülürdü. Axırda sual verdim ki, siz orduda qulluq etmisiniz? Məlum oldu ki, 13 nəfər kişi arasında məndən başqa orduda xidmət edən olmayıb. Onlar ordu nədir bilmirlər. Axırda onlara dedim ki, sizin yanınızda qala bilmərəm, siz xalqı qırğına aparırsınız. Yanvarın 7-si Xalq Cəbhəsinin idarə heyətinin üzvlüyündən çıxdım. AXC-ni mən yaratmışdım. Amma çıxdım oradan. 13 gündən sonra ordu gəldi xalqı qırdı. 137 nəfər öldürdülər. Orduya atın demişdilər, ordu da atdı. 11 min hərbçi Bakıda oturmuşdu. Üstəlik, 20 min də gəldi. Camaatı küçəyə çıxarıb qırdırdılar, özləri də evlərində gizləndilər. Yazıq camaatın xəbəri yox idi ki, ordu gələcək. Xalqa demişdilər, çıx, onlar da çıxmışdı.

-Qayıdaq Qazaxıstana... İddialar var ki, Qazaxıstanda baş verən aksiyaların sonrakı mərhələdə iğtişaş və ya təxribat müstəvisinə keçməsində və ya keçirilməsində Rusiyanın "əli" olub...

-İstənilən inqilabi hərəkatda həmişə talançılar, qarətçilər olur. İstər Fransa, istər İngiltərə, Niderland, istərsə də Oktyabr inqilablarında qarətlər baş verirdi. Varlıların evlərinə soxulub onları qarət edirdilər. Bu, həmişə olub. Bunlar çevrilişlərdə, inqilablarda qaçılmaz hadisələrdir. Ona görə ki, hakimiyyət cəmiyyətlə mükaliməni yox etmişdi. Aşağılar fəryad edirdi, yuxarılar eşitmirdi. Eşitməyəndə də belə hadisələr yaşanır. Qazaxıstanda Nursultanın ailəsinin hədsiz acgözlüyü qazax xalqını bu vəziyyətə saldı. Əlbəttə ki, Rusiyanın burada təsiri var idi. Bununla yanaşı Amerika və Çinin də təsirləri olmamış deyil. İndi dünya qloballaşıb. Böyük dövlətlər heç nəyə təsirsiz qala bilməzlər.Onlar iqtisadi sahədə əməkdaşlıq etsələr belə, bilavasitə təsir və ya təzyiq edirlər.Qazaxıstana gəlincə, deyim ki, Rusiya ilə Qazaxıstan 200 il bir məkanda olublar. Azərbaycan da Rusiya ilə 200 il bir məkanda olub. Azərbaycan, Ukrayna, Gürcüstan, Ermənistan və Qazaxıstanda Rusiyanın təsirləri var. Bu danılmazdır və onu birdən-birə yox etmək də mümkün deyil. Necə ki Fransa və İngiltərə keçmiş müstəmləkələrinə təsir göstərir,. Rusiya da öz keçmiş müstəmləkələrinə təzyiqlər edir. Amma Qazaxıstandakı olayları Rusiya kəşfiyyatına bağlamaq doğru deyil. Bəli, Rusiya bu vəziyyətdən istifadə etdi.

-Yaxşı, nə qazandı?

- KTMT qüvvələri gəldi, indi də çıxacaq. Bu bir təsəvvür yaratdı ki, KTMT üzv ölkələr daxilində sabitliyi qorumağa qadirdir. Amma bəzən bizimkilər şişirdirlər. Təcavüz, işğal, imperiya bərpa olunur kimi iddialar ortaya atırlar. Bunlar savadsız fikirlərdir. Tarixi anlamayanlar, kitab oxumamışlar, cahil adamlar oturub əmmaməliklə məşğul olurlar.

- Çoxsaylı nidalı sullar var ki, niyə Tokayev Türk dövlətlərindən deyil, Rusiyadan "mədət umdu?"

-Türk dövlətləri birliyi təzə yaradılmış təşkilatdır. Onun hərbi əməliyyat həyata keçirmək üçün işlək mexanizmi varmı? Yoxdur! Olmayan bir amilə kim və necə müraciət edə bilər? Türk dövlətlərinin nizamnaməsi bəllidir. Orada əməliyyatlarla bağlı qərar yoxdur. Amma KTMT-də var. Qazaxıstan NATO-ya müraciət etməli idi? Çinə müraciət etməli idi? Çinə müraciət etsəydi, rəsmi Pekin deyəcəkdi ki, mən bu işlərlə məşğul olmuram. Mən Qazaxıstana yatırım etmişəm, onu çıxarıram. Ordan neft alıram. Çin bunu deyə bilərdi. Hər işlə bağlı aidiyyəti qurumlar var. Tokayev KTMT-yə müraciət etdi, o da gəldi. Sonra dedi ki, çıx. O da dedi ki, çıxaram. Məsələ bitdi. Bəzi şəxslər o qədər qərəzlidilər ki, nə dediklərini özləri də anlamırlar. İddia edirlər ki, Rusiya Qazaxıstanı işğal etdi. Qazaxıstanı necə işğal etdilər? 2500 əsgər gəlib Qazaxıstanı işğal etdi? Bu, mümkün deyil axı.

-Yeri gəlmişkən deyim, İkinci Qarabağ savaşından sonra Qarabağa müvəqqəti olaraq Rusiya sülməramlıları yerləşdiləndə də həmin iddia ortaya atıldı ki, Rusiya Qarabağı yenidən işğal etdi...

-Qarabağda 3000-ə yaxın rus yerləşdirilib. İndi iddia edirlər ki, Azərbaycanı ruslar işğal edib. Həmin 3 min rus 50 minlik Azərbaycan ordusunun "qucağı"nda oturub. Necə işğal edə bilərlər? Azərbaycan hökumətinin razılığı ilə gəliblər ki, təhlükəsizliyi təmin etsinlər. Biz ermənilərlə barışsaq, ruslar sabah çıxıb gedəcəklər. Rusların getməsi üçün bizə bir şey lazımdır: ermənilərlə barışmaq. Dünya görsün ki, biz ermənilərlə barışmışıq.

- Biz ermənilərlə barışmaq istəyirik. Hətta barışıq əli də uzadırıq. Lakin Ermənistan hələ ki əlimizi havada qoyur. Hətta dünən Kəlbəcərdə təxribat törətdilər, bir əsgərimiz şəhid oldu...

-O təxribatı ermənilər etməyib. Onu ruslar törədiblər. Ermənilər onların qapazaltısıdır. Erməni ordusuna da ruslar nəzarət edir.

-Rusiya nəyə görə edib?

- Rus əsgərləri torpaqlarımızda uzun müddət qala bilsinlər deyə. Sadə gedişlərdir, bunu anlamaq üçün alim olmaq lazım deyil.

- Doğrudanmı 3 il yarımdan sonra ruslar Qarabağdan çıxacaqlar?

- Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov buna dair tutarlı bir şərh verib. O Qarabağ münaqişəsinin ən dərin bilicisidir. Tofiq Zülfüqarov deyib: "Ruslar gedəcəklər!". Hətta ola bilsin ki, 5 il tamam olmamış getdilər. Rusiya Ermənistandan da gedəcək. Bizim bəzi "politoloqlar " isə haray-həşir salırlar ki, ruslar burada qalacaqlar. Ümumiyyətlə, hər hansı bir məsələyə münasibət bildirəndə onun tarixi perspektivləri nəzərə alınmalıdır. Ümumdünya Kommunist sistemi dağıldı. Dünya Sosialist sistemi dağıldı. Sovet ittifaqı dağıldı. Hazırda Rusiya zəifləməyə davam edir. Bu, tarixi prosesdir. Bu tarixi prosesin fonunda necə ola bilər ki, Rusiya birdən-birə güclənsin, gəlib, ölkələri tutsin və SSRİ-ni bərpa etsin. Buna inanırsınız? Rusiya ölür, zəifləyir. Addım addım çürüyür. SSRİ birdən dağıldı? Onun dağılması üçün zəifləmə prosesi getməli idi və getdi də. İndi də Rusiya çürüyür. Rusiyanın biznesmenləri sərvətlərini xaricə daşıyırlar. Elm, təhsil, səhiyyə biliciləri ölkədən köçürlər. Alimlər qaçırlar. Bunu görürük. Rusiya rüşvətxorlar, banditlər yuvasına çevrilib. Bir polkovnikin evindən 9 milyard pul tapılıb. Rusiya budur. Necə ola bilər ki, belə bir ölkə birdən-birə dirçəlsin və SSRİ-ni bərpa etsin. Fransa, Britaniya, Niderland, İspaniya, Osmanlı imperiyası bərpa olunub? Yox! Nəyə görə Rusiya imperiyası bərpa olunmalıdır? Hələ Fransa, İngiltərə, İspaniya, Türkiyə inkişaf etmiş demokratik ölkələrdir. Onlar imperiyanı bərpa edə bilmirlərsə, Rusiya necə edə bilər axı?! Rusiya mütəmadi olaraq tənəzzülə uğrayır. Belə bir ölkənin birdən-birə gəlib imperiya bərpa etməsi mümkün deyil. Nə baş verir? Günəş Qərbdən çıxır?

-Bir sözlə, SSRİ bərpa olunmayacaq...

-Bu, mümkün deyil. Fransa, İngiltərə imperiyası bərpa olunmayacaq.

- Yanvarın 11-də KTMT-yə üzv ölkələrin onlayn iclasında Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Qazaxıstandakı ssenari Özbəkistanda da təkrarlana bilər...

- Aleksandr Lukaşenko seçki ərəfəsində biabır olandan sonra politoloq kimi danışmağa başlayıb.


MANŞET XƏBƏRLƏRİ