Kremlin naturası: ya düşmənsən, ya vassal…


Qəzənfər Həmidoğlu

Rus imperiyasının naturası doğuşundan komplekslidir və "Rusiyanın müttəfiqləri yoxdur" prinsipi ilə hərəkət edir. Yeni və ən yeni tarixdə rus ekspansiyası bunun təsdiqindən ibarətdir ki, Rusiya ətrafdakı qonşulara ya düşmən, ya vassal kimi baxır.

Vassalın ağasını sevmədiyi aksiomadır və bu səbəbdən istənilən vassal hər an potensial düşmənə çevrilə bilər. "Rusiyanın müttəfiqləri yoxdur" fikrini daha dəqiq cilalasaq, belə alınar: "Rusiyanın yalnız düşmənləri var".

Varşava müqaviləsi təşkilatında (1955-1991) toplanan keçmiş sosialist düşərgəsi ölkələri Moskvanın vassalları idi. SSRİ dağılandan sonra paktın praktiki olaraq bütün üzvləri keçmiş ağaya düşmən kəsildilər və NATO üzvü oldular. İndi Avrasiya İttifaqında və ya KTMT-də birləşənlər də Moskvanın gözündə vassallardır. Demək, həm də potensial düşmənlərdir.

Bəlkə də ətrafdakılar ruslara düşmən olmazdılar, amma Rusiyanın hakim elitası ətrafına "tarixi rus torpağı" kimi baxaraq elə "ayı siyasəti" yürüdür ki, özü anti-rus ovqatının baiskarı olur, özü-özünə düşmən icad edir. Gəlir girir evimizə, sonra da çıxıb getmək istəmir. Güman ki, Putin Aya da "tarixi rus peyki" kimi baxır.

KTMT qoşunlarının Qazaxıstana girməsinə şübhə ilə baxan ABŞ Dövlət katibi Entoni Blinken də dünən "rusların girdiyi yerdən çıxmaması" təcrübəsinə istinad etdi: " Ən yeni tarix artıq bizə belə dərs verib ki, əgər ruslar sizin evinizdədirsə, bəzən onların çıxıb getməsinə nail olmaq çox çətin olur".

"Rusiyanın müttəfiqləri yoxdur" tezisini ortaya atan məşhur amerikalı diplomat, rusşünas, Trumen doktrinası və "çəkindirmə siyasəti"nin ideya atası Corc Frost Kennan Rusiya hakimiyyətinin təbiəti etibarı ilə rus xalqını belə, necə deyərlər, adam yerinə qoymadığı qənaətinə gəlmişdi. Ötən əsrin 30-40-cı illərində ABŞ-ın Moskvadakı səfirliyində işləyən Kennan məşhur gündəliklərində yazırdı ki, Rusiya rəhbərləri "rus psixikasının ənənəvi zəiflikləri" – ksenofobiya, izolyasionizm və onu tanımayanlardan tez incik düşməsi ("ты меня не уважаешь", "ты не признаешь меня") üzərində oynamağı gözəl bacarır.

Kennan Rusiyanın hakim elitasının davranışlarından belə bir qənaət hasil etmişdi ki, Kreml ona vurulan zərbə və ya ziyanı rus xalqına ötürməyi əla bacarır: Rusiya hakimiyyətinə aqressiv siyasəti ilə bağlı istənilən sanksiya və cəza hədəfə vurmayacaq, çünki rus hökuməti dərhal onu xalqın çiyinlərinə yükləyəcək və bu zaman özünü xarici təcavüzdən "rus xalqının xilaskarı" kimi təqdim edəcək.

Yeri gəlmişkən, amerikalı diplomat Cənubi Qafqaza səyahətindən sonra gündəliyində gürcülər haqqında belə yazmışdı: "Gürcülərin qüruru hər kəsə yaxşı bəllidir. Onlar qonşuluqdakı irqlərin hamısına yuxarıdan aşağı baxırlar. Yalnız türklər istisnadır, onlara döyüşkən xalq kimi hörmətlə yanaşırlar. Ermənilərə bütün qəlbləri ilə nifrət edirlər. Ruslara isə xor baxır, hörmət etmirlər".

İndi Lukaşenko Rusiya-Belarus İttifaqına Qazaxıstanı yamamağı təklif edir. Təbii ki, Batka Putinin ağlındakıları dilinə gətirir. Kremlin sahibi tam Ukrayna ilə alınmasa, yarım Ukraynanı qoşmaqla Rusiya-Belarus-Qazaxıstan fundamenti əsasında SSRİ-nin qurulmasının (1922) 100-cü ilində digər postsovet ölkələrini də cəlb edərək əcaib konfiqurasiyada bir "İttifaq" qurmaq istəyir. Amma ruslar düşük vassalın dilindən səsləndirdikləri "ittifaq" sözünü son bir əsrdə elə zorlayıblar ki, leksik anlamı pozitiv olan bu kəlmə artıq neqativ qıcıq doğurur və özünə Tokayev kimi süzeren axtarmayan suveren ölkələrin liderlərində allergiya yaratmaya bilməz…

Fevralda Putinin məşhur Münxen çıxışından düz 15 il keçəcək. 2007-ci il fevralın 10-da Münxen Təhlükəsizlik Konfransındakı nitqində Rusiya lideri Qərbdən açıq mətnlə dünyanın yenidən bölüşdürülməsi üçün 1945-ci ilin Yalta konfransına bənzər anlaşma istəmişdi: "Rusiya 1000 ildən artıq tarixi olan ölkədir və praktiki olaraq həmişə müstəqil xarici siyasət yürütmək imtiyazı olub. Biz bu ənənəni dəyişmək niyyətində deyilik".

Qərb o vaxt özünü anlamaz kimi apardı, Putin isə o nitqi ilə "revanş" çıxışına keçdi. İndi Putin həmin çıxışın 15 illik yubileyinə "əliboş" getmir: Rusiya qoşunları 2008-ci ildə Gürcüstanın iki bölgəsini ilhaq edib, 2014-cü ildə Krımı işğal edərək və Donbasa soxularaq Ukraynanı yarımcan edib, 2020-ci ilin noyabrından sülhməramlı adı altında Qarabağda yerləşdirilib və 2022-ci ilin yanvarında KTMT bayrağı atında qazax üsyanını yatırmaq üçün Qazaxıstana girib. 8 ildir Avrasiya İttifaqı quran Putin ötən ilin sonunda ABŞ və NATO-ya ultimatum verərək "Yeni Yalta" tələbini bir daha vurğuladı.

Qarşıdakı ABŞ-Rusiya danışıqlarına, 3-cü Bayden-Putin dialoquna Kreml eyni tələblə gedir. Gözləyək görək Qərb bu dəfə Putinin ambisiyalarına adekvat cavab verə, kontrarqumentlər tapa, çəkindirici sanksiyalar tətbiq edə biləcəkmi?


MANŞET XƏBƏRLƏRİ