Avrasiya jandarmı


Qəzənfər Həmidoğlu

I Nikolay 1849-cu ildə macar inqilabını qan içində boğduqdan sonra Rusiya imperiyası Köhnə Dünyada "Avropa jandarmı" ("Gendarme de lchr("39")Europe") kimi tanınmağa başladı. Rusiya imperatorları, xüsusilə II Nikolay bu şərəfsiz missiyanı Balkanlarda, Türküstanda və İranda Məşrutə inqilabı (1905-1911) zamanı davam etdirdi.

Daha sonra estafeti bolşeviklər aldı: yeni müstəqil dövlətləri boğdular və SSRİ adı altında Rusiyaya "calaq" etdilər. II Dünya müharibəsindən sonra Moskva artıq sosialist düşərgəsinin jandarmına çevrilmişdi: rus qoşunları 1954-cü ildə Budapeştdə macar inqilabını boğdular, 1968-ci ildə "Praqa baharı"nı qanına qəltan etdilər.

Qırmızı imperiyanın sonlarına yaxın isə ruslar artıq SSRİ-nin daxilində jandarmalıq edirdilər: 1986-cı ilin dekabrında Almatıya, 1989-cu ilin aprelində Tiflisə, 1990-ci ilin yanvarında Bakıya və düz bir il sonra isə Riqaya qoşun yeritdilər.

İki gün əvvəl 20-25 minlik rus qoşununu KTMT bayrağı altında Qazaxıstana yeritməklə Putin Rusiyası bu dəfə Avrasiya jandarmı statusunda təzahür etdi. Astanada (artıq "Nursultan" demirlər) hakimiyyət tranzitinin bitmədiyini nəzərə alsaq, ruslar orda uzun müddət qalacaq, kvazilider Tokayevdən istədiklərini artıqlaması ilə alacaqlar.

Putinin iştahı diş altındadır, son illərdə ətrafının dili ilə "tarixi rus torpağı"na - Şimali Qazaxıstana göz dikdiyini gizlətmirdi. Yəni, rus qoşunları Qazaxıstanın şimalına yerləşər-yapışar ki, "girdikləri yerdən çıxmayan" rusları ordan qoparmaq müşkül işə çevrilə bilər. Amma rusların təcrübəsində əfqan fiaskosu da var...

Ötən ilin sonlarından aydın idi ki, Qərb liderlərinin fərsizliyi fonunda 2022-ci il "Putin ili"nə çevriləcək, Kreml sahibinin neoimperiya ambisiya və təhdidləri "kvazidövlətlər" məkanı saydığı postsovet coğrafiyası üzərindən Domokl qılıncı kimi sallanacaq.

Avrasiya məkanındakı kədərli geosiyasi gedişat fonunda gözlər qarşıdakı Vaşinqton-Moskva danışıqlarına dikilib. Bu arada NATO Baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukrayna ilə sərhədinə qoşun yığmaqda davam edir və bu ölkəyə genişmiqyaslı rus müdaxiləsi təhlükəsi real olaraq qalır: "Münaqişə riski realdır. Rusiyanın aqressiv davranışları Avropanın təhlükəsizliyini ciddi şəkildə təhdid edir".

Elə kritik sınaq anı yetişib ki, Kiyevin duruşu, müqaviməti və NATO-nun rus təhdidini necə dəf edəcəyi yalnız Ukraynanın deyil, bütünlükdə postsovet ölkələrinin taleyinə təsir edəcək.


MANŞET XƏBƏRLƏRİ