Qazaxıstan: etirazdan müqavimətə...


Qəzənfər Həmidoğlu

Milli damar tutanda elə güclü drayverə çevrilir ki, haralara aparacağı heç ağla belə gəlməz. Yəni, Qazaxıstanın suverenliyinin indiki situasiyada risklərlə üzləşməsi o demək deyil ki, qazax xalqı baş verənləri əli qoynunda izləyəcək, müstəqilliklərini kiməsə təslim edəcək. Şübhəsiz ki, qazaxlar gec və ya tez bu sınaqdan çıxacaq, başına gələnlərdən dərs də çıxaracaq və içini-çölünü daha yaxşı tanıyacaq.

1.Tokayev təbii ki, abdal liderdir. Hər halda öz güc strukturlarına etbar etməyib, etirazları yatırmağa yad ölkənin qoşunlarını çağırmaq üçün səfeh olasan gərək. Hakimiyyət naminə ölkəni fəlakətə atmaq və sonra işğalçı süngüsü üstündə oturub dövləti idarə etmək xəyanət və cinayətdir, özünə əbləhcəsinə rüsvayçı son hazırlamaqdır.

2. Nazarbayev 30 ildə Qazaxıstana çox şey qazandırmışdı və özü də ad-san, sərvət qazanmışdı. Bir anda hər şey uçub getdi. Özünün əsəri olan paytaxta Nursultan adını belə Elbasıya çox görəcəklər.

3. "Rus torpaqlarının toplayıcısı" titulu xülyası ilə yaşayan Putin başqa ölkəyə qoşun göndərməklə avantürist olduğunu bir daha sübut etdi. Bu, sadəcə başqa xalqa qarşı cinayət deyil və bumeranq effekti ilə qazaxların Rusiyaya və Qazaxıstanda yaşayan ruslara nifrətini körükləməkdir. Putin "arxa bağçaları" Rusiya üçün bataqlıqlara çevirir.

4. Batka cəhənnəm yolunda özünə yoldaş tapdı. Lukaşenko üçün fərqi yoxdur, özününkünü döyür, yoxsa özgəninkini, təki döyməyə etirazçı olsun.

5.Paşinyan mifi qıcqırdı: küçədən gələn küçəyə çıxanları döyməyə qoşun göndərdi.

6. Qazax xalqı üçün KTMT qoşunları "sülhməranlı" deyil, faktiki olaraq işğalçı qüvvələrdir. Etirazçıların hakimiyyətə qarşı aksiyaları artıq xarici müdaxiləyə, işğalçıya müqavimət xarakteri daşıyacaq. Çətin ki, qazax polisi və hərbçilərinin hamısı gözləri qarşısında yadların öz xalqına divan tutulmasına seyrçi qalsın.

7.Bəlli oldu ki, KTMT xarici təhdidlərə qarşı deyil, daxili etirazları yatırmaq üçün cəza alətidir.

8. Çin tamaşa edir və həm də rahatdır ki, özünü bu həngaməyə bulaşdırmadan Qazaxıstana tökdüyü milyardlarla investisiyaya və korrupsiya pullarına "başqa əllər" sayəsində toxunulmayacaq.


MANŞET XƏBƏRLƏRİ