Qazax tranziti: el "baş"ına qarşı... - Qəzənfər Həmidoğlu yazır


Üç il əvvəl Qazaxıstanda prezident hakimiyyətinin tranziti nisbətən sakit başladı, amma ziqzaqlı davam etdi və birinci prezidentin – Nursultan Nazarbayevin hakimiyyəti ikinci dövlət başçısına - Qasım-Comərd Tokayevə ötürməsi ilə iş bitmək bilmədi, tranzit sınağı uzun sürən prosesə çevrildi və üstəlik, rejim tranziti riskinə dirəndi...

2019-cu ildə ölkənin 30 illik lideri - elbası ( elbaşı, el atası) Nazarbayev prezident postunu "kölgəsi" Tokayevə buraxsa da, siyasi varisinə ölkəyə tam rəhbərliyi etibar etməmişdi: qızı Dariqa Senatın başçısı idi, elbası hakim "Nur Otan" partiyasının sədri və Təhlükəsizlik Şurasının rəhbəri vəzifələrini özündə saxlamışdı. Parlamentə nəzarətlə yanaşı, əsas hakimiyyət postlarında da birinci prezidentə yaxın şəxslər otururdular. Yanvarın 5-də baş nazir postundan istefa verən Əsgər Mamin Tokayev prezident seçilməmişdən əvvəl hökumətin başına gətirilmişdi. Tokayev də şübhəsiz ki, birinci prezidentin ailəsinə ən yaxın fiqurlardan idi. Yeri gəlmişkən, Nazarbayev sirli üçüncü xanımı – keçmiş "Miss Qazaxıstan" Asel İsabayeva (Kurmanbayeva) ilə islami qaydada - kəbinlə ailə qurarkən 4 şahiddən biri məhz Tokayev olmuşdu.

Tarixi təcrübə belədir: siyasi sələf nə sayırsa saysın, xələf tamamilə başqa cür yerbəyer edir. Qonşu Türkmənistanda "Arxadağ" (Berdimühəmmədov) Türkmənbaşının (Niyazov) ili çıxar-çıxmaz siyasi sələfinin izini silib-süpürməyə başlamışdı. Tokayev üçün elbasının olduğu yerdə özünü prezident kimi təsdiq etmək müşkül iş idi. Prezidentliyə Astananın adını Nursultana dəyişməklə başlayan yeni dövlət başçısı siyasi ixtilaflar, intriqalar fonunda yavaş-yavaş "dişi"ni göstərməyə başladı. İkinci prezident əvvəlcə Nazarbayevin ortancıl qızı biznesvumen Dinara və ərinin - "Kazenergy"nin başçısı oliqarx Timur Kulibayevin imtiyazlarını daraltmağa başladı, sonra Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verməklə Senat sədrliyinə yolunu kəsdi.

81 yaşlı elbası artıq yorulmuşdu, ötən ilin yazında Qazaxıstan Xalq Assambleyasının sədri postunu, payızında "Nur Otan"ın liderliyini tərk etdi. Bu il yanvarın 5-də isə Tokayev "milli lider, yeganə və əbədi elbası" adlandırdığı Nazarbayevi Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırdı. Yeni il girəndən sosial tələblərlə başlayıb siyasi şüarlarla davam edən, üçüncü günündə ümummilli xarakter alan və ölkənin iri şəhərlərini bürüyən etirazlar qarşısında hökuməti də istefaya göndərən ikinci prezidentin manevr imkanları sürətlə tükənirdi. Kütlənin "Şal, ket!" ("Qoca, get!") şüarının hədəfində birbaşa elbası vardı. Güman ki, hakimiyyətinin tamamilə sarsılmaması üçün Tokayev son addımları üçün elbasının razılığını almamış olmazdı. Nazarbayev isə bütün yükü xələfinin üstünə atıb ölkədən belə çıxdı və Rusiyaya pənah apardı...

Tokayev yuxarıda - formal baxımdan Qazaxıstanın bütün hakimiyyət strukturlarında tam hakimiyyət sahibidir. Amma aşağılar qaynayır, toqquşmalar, qanlı hadisələr, qırğınlar baş verir. Almatı faktiki olaraq döyüş meydanına çevrilib. Tokayev millətə müraciətində vəd edib ki, "tezliklə Qazaxıstanın siyasi transformasiyası üzrə yeni təkliflərlə çıxış edəcək".

Qazaxıstanın yeni siyasi tranformasiyasını aşağılar qəbul edəcəkmi, yuxarıdakı qruplaşmalar bununla barışacaqmı? Tokayev ölkəsini bu qaynar, özünün "qara zolaq" adlandırdığı situasiyadan çıxara biləcək fiqurdurmu? O, hesab edir ki, ölkədəki iğtişaşların arxasında "ciddi düşünülmüş planla hərəkət edən maliyyə motivli sui-qəsdçilər" durur, Qazaxıstanın bütövlüyünə qəsd var və onlara qarşı "maksimal sərtliklə" hərəkət edəcək.

Amma Tokayev seytnotda oynamağa qadir olmadı, böhran vəziyyətinin Qazaxıstan hakimiyyətinə xoş heç nə vəd etmədiyini darmacalda hesablayaraq KTMT-dən "terror təhdidinin aşılması üçün yardım" istədi və yardım müraciətini ölkədə baş verənləri xarici aqressiya olması ilə əsasladırmağa çalışdı: "Terror bandaları mahiyyətcə beynəlxaqdır, xaricdə ciddi hazırlıq keçiblər və onların hücumuna Qazaxıstana təcavüz aktı kimi baxmaq olar".

Müasir Qazaxıstan tarixinin ən ağır günlərindən keçir. Ölkəni yalnız daxili situasiya çalxalamır, xarici risklər, təhdidlər son 30 ildə müstəqil Qazaxıstanın başı üzərindən heç zaman əksilməyib. Qazaxıstanın xarici təsirllər qarşısında, Rusiyanın ultimatimları və Çinin iqtisadi-siyasi ekspansiyası arasında zəif düşməsi həm postsovet məkanına, həm də Türk dünyasının perspektlərinə xoş heç nə vəd etmir. Belə bir şəraitdə KTMT-yə - Rusiyaya müraciət faktiki olaraq quzunun pusquda duran qurda pənah aparmasıdır. Şübhə etməyə dəyməz ki, müraciət əvvəlcədən Kremllə razılaşdırılıb.

Demokratiya və idarəçilik təcrübəsi zəif olan ölkələrdə radikal dönüşlər təəssüf ki, naməlum istiqamətlərdə apara bilir: Uça bilərsən, amma sonunda rahat enəcəksən, yoxsa kəllə-mayallaq düşəcəksən və ya düşürəcəklər?

"Şal, ket!" şüarı, heykəlinin başına ip salınıb düşürülməsi, qurduğu idarəetmə sisteminin belə fiaskosu öz yerində, səbəb və bəhanəsindən asılı olmayaraq Qazaxıstan dövləti və xalqının belə kritik reallığa ürcah edilməsi, buna imkan və zəmin yaradılması ilə elbası erası acınacaqlı bitdi. Amma təəssüf ki, qazaxlar üçün hakimiyyət tranzitinin qəfil sürprizləriləri bitənə oxşamır...


MANŞET XƏBƏRLƏRİ