Pələng ili üçün "Putin düyünü"


Qəzənfər Həmidoğlu

Yanvarın 10-da Cenevrədə strateyi sabitlik və təhlükəsizlik məsələləri üzrə Amerika-Rusiya danışıqları olacaq. Bunun ardınca Rusiya-NATO Şurasının iclasının baş tutacağı gözlənilir.

Kremlin "təhlükəsizlik qarantiyası" tələbi ilə zəhlə tökdüyü bir vaxtda ABŞ dövlət katibi və NATO Baş katibi ruslara belə bir görüşü təklif etmiş, Moskvanın NATO-ya iradlarını dinləməyə hazır olduqlarını bildirmişdilər.

Rusiya tərəfi bir müddət özünü naza qoyduqdan sonra təklifə müsbət cavab verib. Maraqlıdır, Rusiya 2 ay əvvəl NATO ilə təmasları dayandırmış və hərbi alyansla bağlı missiyasını ləğv etmişdi.

Cenevrə danışıqları Putinlə Bayden arasında 3-cü dialoqun olub-olmayacağı sualına cavab verəcək. Kremlin bu görüş üçün şərti Putinin "qarantiya ultimatimu"nun müzakirəsinə Rusiya baxımından adekvat reaksiyanın verilməsidir. Dekabrın 17-də Rusiya ABŞ və NATO ilə inzalamaq istədiyi sazişlərin layihələrini dərc edib. Faktiki olaraq bu sənədlərlə Avropa yenidən nüfuz dairəsinə bölünür və postsovet məkanı dövlətlərinin suverenliyi təhdid edilir.

Putin bu sənədlərlə Avrasiyanın nəhəng bir coğrafiyasında Rusiyanın XVIII-XIX əsrlərdən qalma ekspansiya siyasətini davam etdirmək "hüququ"nun və İkinci Dünya müharibəsindən sonra Stalinin cızdığı geosiyasi "qırmızı xətlər"in Qərb tərəfdən təsdiqini tələb edir. Və istədiyi reaksiya olmasa, Moskva Qərbə yeni və sərt qarşıdurma vəd edir. Kreml tələblərini elə həddə qaldırıb ki, özünə hörmət edən hər hansı dünya lideri onları rədd etməyə bilməz. Hər halda, Qərbin mövqeyindən belə anlaşılır ki, yanvarın 10-da keçiriləcək danışıqlardan hansısa nəticə, konsensus gözləmək mümkün deyil.

Putin isə yalnız ambisiya "plankası"nı qaldırmayıb, ultimatumuna cavab müddətini də daraldıb, biraylıq konkret tarix qoyub. İstisna deyil ki, qarşıdurma və ziddiyyətlərin daha da dərinləşməməsi üçün hansısa tarixə Bayden-Putin görüşü ilə bağlı müəyyən anlaşma ola bilər. Amma Amerika və Rusiya liderlərinin bir araya gəlməsinin Putinin düyünlərini çoxaltdığı kələfi necə çözəcəyi aydın deyil. Dekabrın 7-dəki videoəlaqə zamanı Bayden artıq Putinin Avropanın yenidən bölüşdürülməsi ultimatumunu rədd edib. Kremlin sahibi elə siyasi fiqurdur ki, onun leksikonunda "usanmaq" sözü yoxdur. Yəni, Putin ultimatumu ilə Baydeni də, dünyanı da təngə gətirməkdə israrlı görünür.

Demək, qarşıdakı Pələng ilində beynəlxalq əlaqələrin kritik kilidləndiyi, geosiyasi konfrontasiyanın sərtləşdiyi, neoimperiya ambisiya və planlarının müstəqil dövlətlərin suverenliyini şiddətli təhdid etdiyi təhlükəli bir ili yaşaya bilərik.


MANŞET XƏBƏRLƏRİ