QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
IV Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Bütün bunları təsdiq etməklə yanaşı, biz isə hesab edirik ki, ümumilikdə XX əsrdə Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə də M.Ə.Rəsulzadə qədər diqqət yetirən, bunları qələmə alan, qiymətləndirən ikinci bir azərbaycanlı mütəfəkkir yoxdur. Bu baxımdan Məhəmməd Əmin mədəniyyətimizin, adət-ənənələrimizin, milli dövlətçiliyimizin unudulmaması və yaşadılması üçün əlindən gələni etmiş, yeni nəslin yaddaşında əbədi bir iz buraxmışdır.[1]Hüseyn Baykaraya görə də Məhəmməd Əmin Rəsulzadənin lideri olduğu, "Müsavat" və Bitərəf demokratik qrup öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-ci rus inqilablarının gedişi, Qafqaz hadisələri onları özlərinin öncədən "uzaq məqsəd" olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yoluna sürükləmişdi: "Azərbaycan istiqlal mübarizəsi tarixində "Azərbaycan istiqlalına" nə rast gəlinmiş, nə də baş verən siyasi hadisə olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi tarixin axarı içində öz yerini tapmışdır".[2]
Fikrimizcə, Baykara yuxardakı sözləri ifadə edərkən əsas vurğunu "Azərbaycan" anlayışına salmış, bu mənada tarixən "Azərbaycan istiqlalına" rast gəlinmədyini iddia etmişdir. Məlum olduğu kimi, 1918-ci ilə qədər "Azərbaycan" anlayışı coğrafi ərazi mənasında işlədilmiş, bu ərazidə təşəkkül tapmış Türk dövlətləri isə müxtəlif adlarla (Kuti, Subar, Turukkum, Manna, İskit, Atropatena, Albaniya-Aran, Şirvanşahlar, İldənizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və b.) tarixə düşmüşdür. Tarixdə "Azərbaycan" adlı ilk Türk dövləti isə 1918-ci ildə yaranmışdır ki, Baykara da məhz bu faktordan çıxış etmişdir.
Baykara Azərbaycan Milli İstiqlalının məğlubiyyətindən də geniş şəkildə bəhs etmişdir. Onun fikrincə, Azərbaycan Cümhuriyyətinin süqutunda əsas rolu xarici amillər oynamışdır. Bu baxımdan Baykara Sovet Rusiyasının Mustafa Kamal Atatürkün başçılıq etdiyi Milli Mücadilə hərəkatına hərbi yardım adı altında Azərbaycanı işğal etməsi məsələsini özəlliklə, vurğulamışdır. O zaman Osmanlının yerində qurulmağa başlkayan yeni Türkiyənin rəhbərləri başda Mustafa Kamal olmaqla, hesab edirdilər ki, az qala bütün Qərb ölkələrinin Osmanlıya müharibə açdıqları bir vaxtda türklərin bolşeviklərlə, yəni Sovet Rusiyası ilə əməkdaşlıq etməsi məcburidir.[3]Xüsusilə, Türkiyə və Azərbaycandakı bəzi kommunist düşüncəli qüvvələrin (Xəlil paşa, Kazım Qarabəkir paşa, N.Nərimanov, Ə.Qarayev və b.) Sovet Rusiyasına həddən artıq etimad göstərməsi, xüsusilə Azərbaycan Milli hökumətinin Sovet hökuməti ilə əvəz olunmasının zəruriliyi ilə bağlı mülahizələr Azərbaycanın faciəsi, yəni Milli hökumətin devrilməsi ilə nəticələnmişdir. Hər halda, bunu yalnız Azərbaycan tədqiqatçıları deyil, bir sıra Türkiyə alimləri – Tarık Zafer Tunaya, Doğan Avçıoğlu, Səlahəddin Tansel, Aclan Sayılqan və başqaları da etiraf ediblər.[4]
Bu baxımdan Azərbaycan Cümhuriyyətinin süqutunda milli ideoloqların başarsızlığını önə çəkmək bir o qədər də inandırıcı deyildir. Bəzi tədqiqatçıların yazdığının əksinə olaraq Cümhuriyyətin lideri Rəsulzadə həmin dövrdə Sovet Rusiyasının Türkiyəyə yardım bəhanəsindən istifadə edərək Azərbaycanı işğal edəcəyini anladığı üçün, parlamentin son toplantısında hakimiyyətin yerli kommunistlərə təslim edilməsinin əleyhinə çıxmışdır. O, bəyan edirdi ki, Sovet-Rus ordusunun Türkiyəyə yardım etməsi naminə Azərbaycanın qapıları bolşeviklərin üzünə açıq olsa da, bu onun müstəqilliyi bahasına başa gəlməməlidir: "Bizə deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat mücadiləsində qalan Türkiyəni xilas üçün gedir. Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbcil eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir... Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız qüvvət və süngü çıxarmalıdır".[5]
Ancaq Rəsulzadənin də yazdığı kimi, həmin dövrdə "türklərin Azərbaycan üzərində mənəvi nüfuzundan istifadə ilə bolşeviklər Yaxın Şərqdə özlərini o qədər sevdirə bildilər ki, onlar müsəlmanların könülünü fəth edərək, Azərbaycanın istila deyil, əksinə, İstanbulu belə qurtaracaqlarına inandırdılar... Hətta iş o mərhələyə gəlmişdi ki, küçə baqqalları belə bolşevikin, artıq gördükləri "spekulyasion" düşməni olmadığına inanmışdılar, dargörüşlü ittihadçılar da Qarayevin qızıl yalanlarına qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Mustafa Kamal Paşanın yardımına göndərəcəkdir. Yalanın ömrü az olur. Xalq hikmətincə açıq olan bu həqiqət bir daha isbat olundu".[6]
Baykaranın da Azərbaycanın süqutu ilə bağlı gəldiyi qənaət, məhz bunun daxil problemlərdən çox, xarici amillərdən qaynaqlanmasıyla bağlı olmuşdur. Özəlliklə, Azərbaycanla Türkiyə arasında nifaq yaradılaraq, Azərbaycanın meydanda tək buraxılması Türk düşmənlərinin əsas vəzifəsi idi. Baykara yazırdı: "Bu uzun hərəkat və Azərbaycan hökumətinə qarşı yürüdülən xaincəsinə intriqanı açıqlamaq yönündən çox maraqlıdır. Burada deyilir ki, Azərbaycana axırıncı dəfə gedən türk zabitləri hökumətin yeni yaranmış ordusuna qəbul edilmir və vaqe olan müraciətlər bir-bir başdan edilirdi. Bu vəziyyətdə ingilislərin təsiri olduğu kimi, Aəzrbaycan hökuməti türk zabitlərinin ordunun nüfuzunu əllərinə almalarından qorxurdu".[7]Bundan sui-istifadə edən türk düşmənləri, o cümlədən boşeviklər Azərbaycanı ələ keçirmək üçün bu oyundan məharətlə istifadə etdilər. Baykara yazırdı ki, Azərbaycan hökumətinə qarşı birləşmiş qüvvələrin oyunu nəticəsində 1920-ci ilin 23 aprelində yaradılmış Türkiyə Böyük Millər Məclisinin rəhbərliyi Azərbaycan Cümhuriyyətinə inanmamaq həddinə gəlmişdi: "Anadolu milli azadlıq hərəkatına heç bir vaxt laqeyd qalmayan və etmək istədiyi yardım Moskva agentlərinin ustalığı sayəsində türk paşa və zabitlərinin əllərilə sabotaj edilən, önlənən məsum, günahsız Azərbaycan xalqı haqqında qardaş bir millət tərəfindən qəti qərar verilmişdir".[8]
Bu baxımdan etiraf etmək lazımdır ki, Rəsulzadə deyil, Türkiyənin və Azərbaycanın bəzi ideoloqları (Mustafa Kamal, Xəlil paşa, N.Nərimanov və b.) ilk dövrlərdə, doğrudan da Sovet Rusiyasına etimad göstərmiş, onun sovetləşmə ideyasının Azərbaycanda reallaşmasında ya maraqlı olmuş, ya da bu prosesdə birbaşa şəkildə iştirak etmişlər. Ancaq sonralar onlar Sovet Rusiyasının "sovetləşmə" ideyası adı altında işğalçılıq siyasətini anlamışdılarsa da, artıq çox gec olmuşdur. Bunu, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk də, Sovet Azərbaycanının rəhbəri N.Nərimanov da etiraf etmişlər.[9]
XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ədəbi-fəlsəfi məktəblərdən romantizmdə və realizmdə milli-dini məsələlələrə münasibət özünəməxsus yer tutmuşdur. Bəlli olduğu kimi, romantizm bədii ədəbiyyatda-romanda fəlsəfi fikirin ifadəsi kimi meydana çıxmış bir anlayışdır. Bu baxımdan romantizmdə fəlsəfi fikir elmi əsaslardan daha çox hər hansı bir ziyalının təxəyyülü şəklində öz əksini tapır. Ancaq bizə elə gəlir ki, Azərbaycan romantizmin nümayəndələrinin ideyaları tamamilə utopik olmamışdır. Xüsusilə, onların türklük və islamlıq, onların gələcəyi ilə bağlı fikirləri əsasən konkret idi. Eyni sözləri bir qədər fərqli mahiyyət daşımasına baxmayaraq, realizmin nümayəndələri haqqında da demək olar.
Bu məsələlərə əsərlərində geniş yer ayıran Baykaraya görə milli romantizmin və realizmin nümayəndələri Azərbaycan türklərinin təkcə elmə yiyələnməsi və onu mənimsəməsi ilə kifayətlənməmişlər, eyni zamanda Azərbaycan xalqının hüquqları və istiqlaliyyəti uğrunda mübarizə aparmışlar. Başqa sözlə, onlar Azərbaycan türklərinin milli azadlıq, mədəniyyət mücadiləsində xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirməyə çalışan millət qəhrəmanlarını tərənnüm etmişlər. Ümumiyyətlə, Azərbaycan romantizmində və realizmində inqilab və azadlıq, milli tarix və milli tale, vətən və milli dəyərlərə münasibət mühüm yer tutur. H.Baykaranın realistlər və romantiklər arasında apardığı müqayisə də maraqlıdır: "Romantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə cəmiyyətin yarasına doğrudan-doğruya neştəri batırır və axan irini təmizləyərək cəmiyyətin yaralarını sağaltmağa çalışırdlar".[10]
[1]Ələkbərov F.Q. Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü. Bakı "Elm", 2007, s.260
[2]Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, s.133
[3]Atatürkün Azərbaycan siyasəti (öz dili ilə). Bakı, Çaşıoğlu, 2008, s.12-13
[4]Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, s.261
[5]Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı: Gənclik, 1991, s.146-147