"Heç kim unutmasın ki, komando briqadası təsadüfən yaradılmayıb" - Azay Quliyev


Azay Quliyev

Milli Məclisin deputatı

Bildiyiniz kimi, dekabrın 24-də Baş nazir Nikol Paşinyan nəhayət ki, həqiqəti dilə gətirərək Ermənistan cəmiyyətinə mövcud reallıqlarla barışmaq mesajını verdi.

Paşinyanın açıqlamasında yer alan iki mühüm məsələ həm Ermənistanda, həm də Azərbaycanda ciddi əks-səda doğurdu.

Bəyanatın qısa məzmunu belə idi ki,

1) BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyıb və Dağlıq Qarabağ da bu sənədlərə görə Azərbaycanın tərkib hissəsidir. Əgər Dağlıq Qarabağın statusu müəyyən edilsəydi, bu qətnamələrə əsasən Azərbaycanın Konstitusiyasına uyğun müəyyən edilərdi, yəni, Dağlıq Qarabağın Azərbaycanın tərkibindən kənarda mövcudluğu üçün hər hansı nəzəri və praktiki imkan yoxdu.

2) Paşinyanın ikinci etirafı isə o olub ki, onun Qarabağda yaşayan ermənilərin adından danışıqlar aparmağa haqqı çatmır və bu həqiqəti xalqdan gizlədə bilməz.

Paşiyanın bu etiraflarını II Qarabağ savaşından sonra yaranan mövcud reallıqları, o cümlədən "statusun" yerinin harda olduğunu qəbul etməsi baxımından müsbət irəliləyiş hesab etmək olar ki, bu da sülh prosesini sürətləndirə bilər.

Çünki, artıq Paşinyan analyır ki, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, barışığın əldə edilməsi üçün Ermənistanın ölkəmizin ərazi bütövlüyünü tanımaqdan başqa yolu yoxdur. Bu həqiqət Türkiyə ilə sərhədlərin açılması, əlaqələrin bərqərar olması üçün də keçərlidir.

Ermənistanın siyasi rəhbərliyi həm də onu da başa düşür ki, hələlik Xankəndində məskunlaşan Arayik kimi terrorçuları müdafiə etməyin də heç bir anlamı qalmayıb və ona görə bu tip adamlardan imtina etmək ən doğru qərardı.

Ümid etmək olar ki, hər iki mesaj erməni xalqının və ictimaiyyətinin sülhə və barışa hazırlanması üçün təsirli rol oynayacaq.

Doğrudu, Paşinyanın bu bəyanatı həm Ermənistandakı revanşist qüvvələr, həm də cinayətkar Arayikin dəstəsi tərəfindən etirazla qarşılandı, ancaq görünən odur ki, bu etirazların heç bir nəticəsi olmayacaq.

Hesab edirəm ki, Paşinyanın bu bəyanatına ilk növbədə ATƏT-ə 4 gündən sonra sədrlik edəcək Polşa dəstək verməlidir. Eyni zamanda özünə iş axtaran Minsk Qrupunun həmsədrləri də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və reallığı əks etdirən bu bəyanatı alqışlamalıdır. Bəlkə də, Paşinyanın bu açıqlaması Minsk üçlüyünün ürəyincə deyil və bir az da onlar üçün gözlənilməz oldu, lakin düşünürəm ki, artıq bu prosesin geriyə dönüşü yoxdur və onlar sülh çağırışlarını düzgün dəyərləndirməlidirlər.

Və nəhayət, onu da qeyd etmək lazımdır ki, dekabrın 24-də cənab Prezidentin Hadrutda açılışını etdiyi Komanda elit hərbi briqadası təsadüfən yaradılmayıb və heç kim unutmasın ki, Komandanın əsas missiyası ehtiyac olduğu təqdirdə bu ərazilərdə anti-terror əməliyyatını uğurla həyata keçirtmək olacaqdır.


MANŞET XƏBƏRLƏRİ