"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu vəzifəsindən istefa verdiyini bəyan edib.
Turkustan.azZ.Məmmədlinin istefası ilə bağlı açıqlamasını təqdim edir:
- Günaydın, dəyərli dostlar. 2009-cu ilin 12 aprel tarixindən Borçalı Cəmiyyətinə rəhbərlik edirəm. Arada hüququn çeynədildiyinə baxmayaraq tərəddüd etmədən yolumuza davam etdik. 2010-cu ilin ortalarında Azərbaycan reallığında aktiv siyasi fəaliyyətlə Borçalı Cəmiyyətinin sədri kimi ictimai fəaliyyətin uyuşmazlığını əsas götürərək KXCP Ali Məclisinin sədri vəzifəsindən istefa etdim. 12 il müddətində soydaşlarımız adına çox əhəmiyyətli layihələrə imza atdıq.
1. Elat bayramı kimi birlik, bərabərlik, barış və sülh bayramına müəlliflik etdik;
2. Borçalı türklərinin həm Azərbaycanda, həm Türkiyədə, həm də Türk Dünyasında tanıdılmasında mühüm addımlar atdıq;
3. Borçalı türklərini Türk dünyasının mədəniyyət təşkilatı olan TÜRKSOYUN reyestrinə daxil etdik, Türkiyədə tanıtma proqramları düzənlədik;
4. Təntənəli Novruz və Qurban bayramları təşkil etdik;
5. Soydaşlar haqqında qanun layihəsi hazırlayıb ictimai müzakirəsini təşkil etdik, aidiyyəti ünvana gondərdik;
6. 1+4 təhsil modelinin təşəbbüskarlarından olduq;
7. Təhsil, aqrar, istehsalat sahələri üzrə səmərələşdirici təkliflər irəli sürdük; Eldən-Elata jurnalı, Borçalı Dastanı və onlarla nəşrlərin müəllifi oldu;
8. Çox saylı elmi-nəzəri konfranslar, diskusuyalar təşkil etdik;
9. Gənc pedeqoji kadrların hazırlığı və kənd məktəblərində müəllim qıtlığının aradan qaldırmaq üçün proqramlar hazırlayıb müvafiq qurumlara təqdim etdik.
10. Rustavidə ortaq Azərbaycan-Gürcüstan dövlət universitetinin qurulmasına təşəbbüs etdik.
Bu gördüyümüz işlərin bir hissəsidir. Bu gün Gürcüstanda yetkin ictimai-siyasi fəal gəncliyimiz yetişməkdədir. Bütün hallarda "Borçalı Cəmiyyətichr("39")nin var olmasını vacib hesab edirəm. Bu təşkilatın tarixi missiyası həm də xalqlarımız, mədəniyyətlərinin, dövlətlərimiz arasında mənəvi barış və sülh körpüsü qurmaq, möhkəmlətmək, separatizmə sipər olmaqdır.
Mən hal-hazırda HƏP Ali Məclisi Sədri olaraq aktiv siyasətdəyəm. Yenə tarixi sual qarşımdadır. Fəal müxalif partiya funksioneri ilə Borçalı Cəmiyyətində sədrliyimin uyuşmazlık yaratdığını anlayaraq optimal qərar verməyi düşünürəm. "Borçalı Cəmiyyəti"nin sədri vəzifəsindən istefa qərarımı elan edirəm. Bu vaxta qədər könül verərək, bütün naqislərə və naqislikliklərə qarşı dirəniş göstərən, hər bir uğurumuzda əməyi olan, birbaşa iştirak etməsə də, addımlarımızı alqışlayan hər kəsə təşəkkür edirəm. Bundan sonra da Borçalı hərəkatına əlimdən gələn dəstəyi verəcəyəm. İdarə Heyətindən növbədən kənar toplanaraq istefamı qəbul etmələrini, növbəti konfransa qədər sədrin bütün səlahiyyətlərinin sədrin birinci müavini və ya uyğun bildikləri İH üzvlərindən birinə həvalə etmələrini xahiş edirəm. Ümid edirəm ki, İdarə Heyəti üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklər.
Bu qərarımı 25 dekabr Gürcüstan türklərinin həmrəylik günü tarixi ərəfəsində elan edirəm. İnanıram ki, bu qərarım ümumi ideallarımız uğrunda mübarizədə bizim daha sıx həmrəyliyimizə fayda verəcək, nəsillər arası loyal varislik, sivil keçid nümunəsi kimi türk millətinin təşəkkülündə örnəklərdən biri olacaqdır.
Gələcək gözəl olacaq. Buna inanın. Tanrı sizləri qorusun.
Hörmətlə, Zəlimxan Məmmədli