Əmək pensiyasının artımı ancaq bu şəxslərə şamil olunacaq - İqtisadçı AÇIQLADI


Əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq. Bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Turkustan.az xəbər verir ki, iqtisadçı-alim Qubad İbadoğlu əmək pensiyasının minimum məbləğinin artmasını şər edib.

O bildirib ki, artım 240 manatdan az olan pensiyalara şamil edilir: "Yəni kimlərsə hazırda 200 manat alırsa, onun pensiyası gələn ildən 40 manat, kimlərsə 210 manat alırsa, onun pensiyası 30 manat, kimlərsə 225 manat alırsa, onun pensiyası 15 manat, kimlərsə də 239 manat alırsa, onun pensiyası 1 manat artacaq. Kimlərsə 240 manat və ondan dan yuxarı pensiya alırdısa, onun pensiyası artmayacaq.

Bütün pensiyalar gələn ildən orta aylıq nominal əmək haqqının 2021-ci ildəki artım tempinə uyğun olaraq indeksləşdiriləcək. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 11 ayında bu göstərici 2,6 faizdir. İlin son 1 ayındakı artımı da nəzərə alsaq, bu rəqəm 3 faizə çata, amma azala da bilər. Bu barədə məlumat yanvarın ikinci yarısında bəlli olacaq. Prezident də fevralın əvvəlində yanvarın 1-dən pensiyaları bu göstərici əsasında indeksləşdirilməsinə sərəncam verəcək.

Nikbin ssenari üzrə hesab edək ki, 2021-ci ildə orta aylıq nominal əmək haqqının artım tempi 3 faizə çatacaq. Onda pensiyalar 3 faiz səviyyəsində artırılacaq. Yəni kimlərsə 250 manat pensiya alırsa, onun pensiyası 7 manat 50 qəpik, kimlərsə 300 manat alırsa, onun pensiyası 9 manat, kimlərsə 350 manat alırsa, onun pensiyası 10 manat 50 qəpik, kimlərsə 400 manat alırsa, onun pensiyası 12 manat artacaq. Hazırda ölkədə indeksləşdirmə ildə 1 dəfə orta aylıq nominal əmək haqqının artım tempinə görə həyata keçirilir. Yaxşı olardı ki, Azərbaycanda indeksləşdirmə rübdə 1 dəfə inflyasiya səviyyəsinə görə aparılsın".

İqtisadçı qeyd edib ki, minimum əməkhaqqının qaldırılması nəticədə minimum məbləğdən çox pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta kapitalını da 28 800 manatdan 34 560 manata qədər artırmış olur: "Bu isə pensiya yaşı çatanları 3 qrupa böləcək. Birinci, pensiya yaşına çatan şəxslərin 2006-cı ildən sonra yığılmış sığorta kapitalı 34 560 manat və ondan azdırsa, minimum məbləğdə - 240 manat pensiya veriləcək.

İkinci, pensiya yaşına çatan, lakin sığorta kapitalı heç olmayanlara 180 manat yaşa görə müavinət ödəniləcək.

Üçüncü, pensiya yaşına çatan 34560 manatdan çox sığorta kapitalına malik olanlar 240 manatdan çox pensiya alacaqlar". (teleqraqf.com)


MANŞET XƏBƏRLƏRİ