"Rus məkanı" idefiksi


Qəzənfər Həmidoğlu

Gələn il 70 yaşını qeyd edəcək Putinin 2021-ci ildə aqressivliyinin tavana dirənməsi bəlkə də rəqəmlərin magiyası ilə bağlıdır.

Bu il I Pyotrun Rusiyanı imperiya elan etməsinin 300 illiyi (12.11.1721), onun varisi olan qırmızı imperiyanın – SSRİ-nin süqutunun 30 illiyidir. Bu günlər tarixi günlərdir, 30 il əvvəl dekabrın 25-də Kremlin üzərindən qırmızı bayraq endirilib, bir gün əvvəl (dekabrın 24-də) Rusiya BMT Təhlükəsizlik Şurasında SSRİ-ni əvəz edib, bir gün sonra Sovet İttifaqının tabutuna son mismar vurulub – 1991-ci il dekabrın 26-da ittifaq parlamenti SSRİ-nin ləğvi haqqında qətnamə qəbul edib.

Putin XXI əsrin ikinci 10 illiyində məhz bu iki tarix – imperiyanın yaranması və süqutu arasında qapanıb qalmışdı. "Bunker"dən çıxan Kremlin sahibinin "tarixi Rusiya" missiyası və ya ideya fiksi ilə bağlı Qərbə son ultimatumunun 300 və 30 illik yubileylər dövrünə təsadüf etməsi sadəcə, simvolik deyil, numerologiyanın - rəqəmlərin magiyasının nəticəsi də ola bilər. Olmaya da bilər, amma ya zəlzələdən, ya vəlvələdən Putin təhdidi durmadan böyüyür: imperiya 30 il əvvəl süqut etsə də, kölcəsi tüği-lənət kimi arxamızca sürünür. SSRİ-nin dağılmasını "XX əsrin ən böyük geosiyasi fəlakəti" adlandıran Putin 2007-ci ildən buna vurğu edir ki, dağılma prosesi başa çatmayıb. Və Rusiya sadəcə dağılmış SSRİ-nin varisi deyil, "tarixi Rusiya" torpaqlarının varisidir və bu ərazilərdə son 30 ildə özlərini suveren sayanlarsa kvazidövlətlərdir.

Kreml NATO-nun Şərqə doğru genişlənməsinə, Ukraynada peyda olmasına sadəcə ona görə etiraz etmir ki, bu, Rusiyanın təhlükəsizliyini təhdid edir. Məsələ əslində Kremlin neoimperiya planlarının qarşısının kəsilməsi ilə bağlıdır. Ukrayna tam nəzarətdən çıxsa, Putinin xülyaları basdırılacaq və ardınca siyasi karyerası fiaskoya uğrayacaq.

Kreml ideoloqları "rus məkanı" anlayışını "rus dünyası" və "Rusiya təsiri"nin əhatə etdiyi ərazilər kimi təqdim edirlər. Rusiyanın mövcud olmaq hüququ, təhlükəsizlik hüququ və bütünlükdə gələcəyə olan hüququ Putinin ekzistensial interpretasiyasında "tarixi Rusiya məkanı"nda geosiyasi "ittifaqı" (Avrasiya İttifaqı və KTMT bu anlamda sınaq laboratoriyasıdır) nəzərdə tutur....

Qərbin Putinin ambisiyaları qarşısında sədd çəkməkdə israrlı görünməsi fonunda suverenliyi təhdid edilənlər neytral tamaşaçı kimi izləyirlər ki, daha sonra nə olacaq?!.


MANŞET XƏBƏRLƏRİ