Prezident daha iki fərman İMZALADI: onların da maaşı artırıldı


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Turkustan.az fərmanın mətnini təqdim edir:

"1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.

3. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları təsdiq edilənədək, həqiqi hərbi xidmət hərbi qulluqçularının mövcud aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilsin və dövlət qulluqçusu olmayan mülki işçilərinin mövcud aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

5. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci və 3-cü hissələrində nəzərdə tutulan əlavə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və ya Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən ödənilir.

6. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

7. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir".

***

Prezident İlham Əliyev Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Fərmanla Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılıb.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fərmanda nəzərdə tutulan əlavə Maliyyə Nazirliyi ilə razılaşdırılmış say və tərkibə uyğun olaraq, Xarici Kəşfiyyat Xidməti tərəfindən ödəniləcək.

Xarici Kəşfiyyat Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.


MANŞET XƏBƏRLƏRİ