Deputat Aqil Məmmədov Türkiyədə səfərdə olub - FOTOLAR


Azərbaycan Respublikası Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov bu günlərdə Türkiyənin paytaxtı Ankara və İstanbul şəhərlərində səfərdə olub.

AK Partiya Ankara millət vəkili Nevzat Ceylan ın dəvəti ilə gerçəkləşən səfər zamanı çoxsaylı görüşlər keçirilib, iki qardaş dövlət arasında münasibətlər, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər və yeni mərhələdə əməkdaşlıq imkanları haqqında ətraflı müzakirələr aparılıb.

Səfər çərçivəsində A.Məmmədov Türkiyə Böyük Millət Məclisində olub. Burada, bir sıra millət vəkilləri, o cümlədən, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrımla görüşüb.

Türk Xalqları Konseyində keçirilən görüşdə Konsey başqanı Mahmud Oral bildirb ki, Azərbaycanın Zəfəri bütövlükdə Türk dünyasının zəfərinə çevrilib.

İki dost, qardaş dövlətin tarixi münasibətlərindən danışan A.Məmmədov bildirib ki, müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri dahi Mustafa Kamal Atatürkün söylədiyi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" fikirlərinə, Ulu öndər Heydər Əliyevin səsləndirdiyi "Bir millət iki dövlət" şüarına əsaslanır. Ötən 30 ildə iki ölkə münasibətlərinin böyük uğurlara imza atdığını bildirən millət vəkili, bu birliyin ən parlaq nümunəsi kimi ötən il 44 günlük Vətən müharibəsini qeyd edib. Bildirib ki, bu savaş zamanı Azərbaycan xalqı da, onun dostları və düşmənləri də Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu gördü: "Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə dövlətinin, Cumhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğanın Azərbaycana siyasi, mənəvi dəstəyi Zəfərin qazanılmasında əhəmiyyətli rol oynadı. Azərbaycan xalqı Türkiyənin bu dəstəyini heç zaman unutmayacaq".

Millət vəkili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən dirçəldilməsində də Türkiyə şirkətlərinin aparıcı rolu var: "Türkiyə dövləti və onun şirkətləri Azərbaycana verdikləri böyük dəstəklərinə görə işğaldan azad olunmuş bölgələrdə infrastruktur layihələrinə cəlb olunmağı haqq edirlər. Azərbaycan Prezidenti öz çıxışlarında bu məsələni xüsusi qeyd edib".

Görüşlərdə A.Məmmədov təmsil etdiyi Kəlbəcər rayonu, onun relyefi, zəngin təbiəti və təbii resursları haqda ətraflı məlumat verib.

Görüşlər zamanı işğaldan azad edilmiş Kəlbəcər şəhəri ilə Türkiyənin bir şəhəri arasında "qardaş şəhərlər" olaraq əlaqələr qurulması təklifi irəli sürülüb və hamı tərəfindən dəstəklənib. Bu yöndə işin aparılması qərara alınıb.


MANŞET XƏBƏRLƏRİ