QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
III Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
XX əsrin əvvəllərində Azərbaycan milli aydınları əsasən, üç cəbhədə fəaliyyət göstəriblər: 1) Milli demokratik (İslamçılıq və türkçülük); 2) Liberal-demokratik; 3) Sosial-demokratik. Baykaranın fikrincə, ilk iki cərəyan milli müxalifətə aid olduğu halda, sonuncular beynəlmiləlçi olmuşlar. Ancaq sonralar, 1910-cu illərdən etibarən yerli sosial-demokratlardan bir çoxu, o cümlədən M.Ə.Rəsulzadə də milli-demokratik cəbhəyə keçmişdir. Onun fikrincə, bu üç siyasi-ideoloji cəbhə ilə yanaşı, Quzey Azərbaycanın istiqlalı uğrunda mübarizədə maarifçi-demokratik (realist və romantizm) ədəbi cərəyanı da mühüm rol oynamışdır. [1]
Məlum olduğu kimi, həmin dövrdə Azərbaycanda milli-demokratik ideyalar bir yönlü olmamışdır. Baykara yazır ki, bu dövrdə Ə.Ağaoğlu geniş və dərin, teoretik şəkildə “islam millətçiliyi”ni, Əli bəy Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi bir zamanda, Ə.Topçubaşov “Rusiya müsəlmanlarının birliyi” devizi altında, daha çox Çarlıqdakı müsəman-türk, o cümlədən Azərbaycan Türk xalqının milli-mədəni muxtariyyəti üçün çalışmışdır. H.Baykara belə bir doğru qənaətə gəlir ki, bütövlükdə həmin dövrdə milli ideya baxımından mübahisələr “avropalaşmaq, türkləşmək və islamlaşmaq” ətrafında getmiş və bu mübahisələrin ətrafında Azərbaycan türklərinin milli azadlıq hərəkatı dayanmışdır.[2]
Bu xəttin aparıcı daşıyıcıları Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və Əlimərdan bəy Topçubaşı bir tərəfdən dini-əxlaqi keyfiyyətləri, milli mənsubiyyəti sinfi mübarizə adı altında inkar edən marksist-leninçi və qərbpərəst ifrat tərəqqiçilərə, digər tərəfdən isə hər cürə yeniləşmənin əleyhinə olan mühafizəkarlara qarşı idilər. Milli ideoloqlar cəmiyyətin həyatında milli, dini-əxlaqi keyfiyyətlərin qorunub saxlanılması ilə yanaşı, müsəlman-türk cəmiyyətini yeniləşməsinin zəruriliyindən də bəhs edirdilər.
H.Baykaranın mülahizələrinə görə, Azərbaycan türkləri arasında ilk dəfə Ə.Ağaoğlu islamçılığa daha çox üstünlük vermiş, geniş və dərin, nəzəri şəkildə “İslam millətçiliyi”ni təbliğ etmişdir. Onun fikrincə, 1900-1910-cu illərdə Ağaoğlu bir müsəlman ziyalısı kimi əsasən, İslamda islahatlar aparmaqla müsəlman millətlərinin tənəzzüldən qurtarıb tərəqqisinə və yüksəlişinə çalışmışdır.[3] Bununla da “panislamizm”in siyasiləşməsi, yəni “İslam millətçiliyi” nəzəriyyəsinin yaranması milli məsələnin gündəmə gəlməsi üçün təkanverici rol oynamış, həmin ideyanın əsasında siyasi türkçülük (türk birliyi) və daha sonra etnik-milli türkçülük (Azərbaycan türkçülüyü) təşəkkül tapmışdır. Şübhəsiz, islamçılıqdan türkçülüyə, türkçülükdən Azərbaycan türkçülüyünə gedən yol təkamül nəticəsində baş vermişdir .
Baykaraya görə, Milli İstiqlal mübarizəsində Azərbaycanın milli partiyaları da mühüm rol oynayıblar. Onun fikrincə Azərbaycanın ilk milli partiyası olan “Hümmət”in əsas qurucularından biri M.Ə.Rəsulzadə olmuşdur. H.Baykara yazır ki, Azərbaycan xalqının tarixində ikinci siyasi partiya da 1905-ci ildə Qafqazda ermənilərin türk və müsəlman əhalisinə qarşı törətdikləri qırğın zamanı Əhməd bəy Ağaoğlu tərəfindən yaradılan “Difai” partiyasıdır. Bu partiya yarandığı gündən Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür. Ağaoğlu 1909-cu ilin əvvəllərində Türkiyəyə mühacirət edib və “Difai” sonralar “Müsavat”a birləşib.[4]
Baykaranın fikrincə, Azərbaycan xalqının siyasi tarixində yer alan üçüncü partiya “Rusiya Müsəlmanları İttifaqı” Partiyasıdır. Ona görə, həmin dövrdə bu partiyanın lideri olan Ə.Topçubaşov Ə.Ağaoğludan fərqli olaraq liberal baxışları ilə tanınmışdır. O, Ə.Ağaoğlunun teosentrik panislamizmindən daha çox, dövrün gerçəklərindən çıxış etməyə çalışmışdır: “Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anlamışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi”.[5]
H.Baykara hesab edir ki, Qafqaz müsəlmanlarını “ümmətçilik”dən “millətçiliy”ə yönəldən, onları türkçülük-millətçilik, Azərbaycan milli ideyası ətrafında birləşdirən və “Açıq söz” qəzetində bunu təbliğ edən isə “Müsavat”ın lideri Məhəmməd Əmin Rəsulzadə olmuşdur: “1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibətilə çar tərəfindən elan edilən amnistiya siyasi məhbuslara da aid edilirdi. Bundan istifadə edən M.Ə.Rəsulzadə Bakıya döndü və “Müsavat” partiyasına daxil olaraq liderliyi tezliklə əlinə aldı. 1915-ci ildə “Açıq söz” adlı qəzət çıxarmağa başlayan M.Ə.Rəsulzadə bu qəzet vasitəsilə İstanbuldan gətirdiyi Ziya Gökalpın “türkçülük” fikirlərini yaymağa başladı”. [6]
Əslində burada Baykaranın demək istədiyi odur ki, Rəsulzadə Gökalpdan bu ideyaları daha dərin şəklində mənimsəmişdir. Çünki türkçülük ideyası Türkiyədən Azərbaycana ixrac olunmamışdır. Bu baxımdan əvvəllər də, hazırda da xalqa bəzən yanlış bir fikir təlqin edilir ki, Azərbaycana millətçilik, türkçülük və bu kimi milli ideyalar kənardan-xaricdən gətirilmişdir. Bu, qətiyyən doğru deyil. Milli ideyaların beşiyi Azərbaycan xalqı, Azərbaycan türkləri özü olmuşdur. Yuxarıda apardığımız araşdırmalar da göstərir ki, milli ideologiyanın başlıca qaynağı Azərbaycan türklərinə məxsus milli mənəvi dəyərlər olmuşdur. Milli mənəvi dəyərlərin ideyalar şəklində formalaşması isə birdən-birə baş verməmişdi, o təkamül nəticəsində, tarixi şəraitə uyğun olaraq ortaya çıxmış və formalaşmışdır. Bunu, Baykara özü də görmüş və bunu düzgün qiymətləndirərək yazmışdır: “Azərbaycana milliyyətçilik fikrini Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə İstanbuldan gətirdiyi düşüncəsi yanlış və əsassızdır. Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikir gətirib toplum həyatına yerləşdirə bilməz”.[7]
Deməli, türkçülük məfkurəsi bütün Türk ölkələrində, o cümlədən Azərbaycan və Türkiyədə eyni zamanda yaranmış və inkişaf etmişdir. Yeni dövr tədqiqatçılarından Yaşar Qarayev, Aydın Balayev,[8] Rasim Mirzə[9] və başqaları qeyd edirlər ki, türkçülük şüuru öncə çar Rusiyasının türk xalqları arasında yaranmış, siyasi türkçülüyün əsasların isə “Həyat” və “Füyuzat”da Azərbaycan türklərindən Ə.Hüseynzadə işləyib hazırlamışdır. Y.Qarayev yazır: “Azərbaycanda milli bir ideologiya səviyyəsində türkçülüyün ilk dəfə hərəkətə gəldiyi qatarın sükanı arxasında hamıdan əvvəl Əli bəyi görürük”.[10] Türkiyə tədqiqatçılarından M.Ertuğrul Düzdağ da hesab edir ki, Osmanlı dönəmində türkçülük cərəyanının yaranmasında “çar Rusiyası idarəsindəki Türk diyarlarından gəlmiş fikir və hərəkat adamlarının təsiri olmuşdu”. [11]
1910-cu illərdə Türkiyədə mövcud olan milli cərəyanların kökünün eyni zamanda, çar Rusiyası, o cümlədən Azərbaycanla bağlı olmasını vaxtilə M.Ə.Rəsulzadə, Z.Gökalp, Y.Akçuraoğlu, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu və başqaları da dəfələrlə qeyd etmişlər. Məsələn, Y.Akçuraya görə, Ə.Hüseynzadə müsəlman türkləri arasında ilk turançı, ilk panturançı hesab olunurdu.[12] Rəsulzadə isə bu məsələni bir qədər də dəqiqləşdirərək yazırdı: “Füyuzat” jurnalı “Türk Yurdu”nda olduğu kimi aydın, ardıcıllıqla olmasa da türkçülük konusunu daha öncə işə salmış, hətta mərhum Ziya bəyin son çağlarda “Türk millətindənəm, islam ümmətindənəm, qərb mədəniyyətindənəm” çağırışı ilə göstərdiyi anlamı Əli bəy Hüseynzadə “Türk qanlı, islam etiqadlı və firəng fikirli olaq” formulu ilə açıqlamışdı. Azərbaycan mətbuatının, eləcə sonrakı ədəbiyyatının şüurlu metodik bir biçimdə milli türk ideologiyasını işə salmaq düşüncəsi isə I Dünya savaşı öncəsində, illərində daha çox gəlişmişdir”. [13] Onun fikrincə, beləliklə, balkan və dünya müharibələri dövrü Türk milli ideyasının inkişafında dönüş nöqtəsi olmuşdu. [14]
Baykaranın fikrincə, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalışmış Rəsulzadə 1911-1913-cü illərdə Cəmaləddin Əfqaninin yazılarının təsiri altında türkçülük hərəkatına qoşulmuş və Azərbaycanda bu ideyanın əsas ideoloqu olmuşdur: “M.Ə.Rəsulzadənin Azərbaycan istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xidmətləri əvəzsizdir”. [15] Tarixçi Aydın Balayevin də qeyd etdiyi kimi, Rəsulzadə XX əsrin əvvəllərində azərbaycançılıq konsepsiyasının bitkin, bütöv sistemini işləyib hazırlamış və bu konsepsiya nəticəsində də dünyanın siyasi xəritəsində “Azərbaycan” adlı dövlətin yaranması mümkün olmuşdır. [16] Balayevə görə, Rəsulzadənin və “müsavatçılığ”ın ciddi opponentlərindən biri hesab olunan N.Nərimanov da etiraf edərək bildirmişdir ki, Azərbaycanın istiqlal ideyası M.Ə.Rəsulzadənin lideri olduğu “Müsavat” partiyası ilə assosiasiya olunur.[17] Y.Qarayevin təbrincə desək, bu isə o deməkdir ki, Məhəmməd Əmin Atatürklə yanaşı, Türk xalqlarının XX əsrdə dünyaya verdiyi iki müdrik ərindən, iki türk dahisindən biridir: “İki türk xalqının iki xilaskarı bu adlar oldular. Türk adını millətlərin və xalqların demokratiya, hüquqi dövlət və istiqlal xəritəsinə hətta Atatürkdən də əvvəl Rəsulzadə həkk etdi… Məncə, indi Atatürkün əsil məqbərəsi heç də Türkiyədəki ən möhtəşəm daş-divar, bədii abidə kompleksi deyildir, yox: azad, münəvvər, suveren Türkiyənin özüdür. Və Məhəmməd Əmin Rəsulzadə də Azərbaycanda yalnız belə bir möhtəşəm abidəyə, mənəvi mehraba, milli məbədə köç edə, əbədi qayıda bilər”.[18]
[1] Yenə orada, s.163-164
[2] Yenə orada, s.112, 119
[3] Yenə orada, s.112
[4] Yenə orada, s.120-121, 190
[5] Yenə orada, 1992, s.112
[6] Yenə orada, s.186
[7] Yenə orada, s.76
[8] Balayev Aydın. Məmməd Əmin Rəsulzadə (1884-1955). Bakı, 2011, s.17-18
[9] Mirzə R. Türkçülüyün babası (Əlibəy Hüseynzadənin fikir dünyası). Bakı: Elm 2000,s.33
[10] Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, «Sabah», 1996, s.276
[11] Düzdağ Ertuğrul. Türkiyede islam ve irkçılık meselesi. İstanbul, «Cihad», 1976, s.18
[12] Akçura Yusif. Türkçülüyün tarixi. Bakı, Qanun, 2010, s.174, 205
[13] Rəsulzadə M.Ə. Qafqaz türkləri. Bakı, Təknur, 2012, s.48
[14] Rəsulzadə Məhəmməd Əmin. Panturanizm. Qafqaz sorunu. Bakı, “Təknur”, 2012, s.49
[15] Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, s.192
[16] Balayev Aydın. Məmməd Əmin Rəsulzadə (1884-1955). Bakı, 2011, s.8-9
[17] Balayev Aydın. Məmməd Əmin Rəsulzadə (1884-1955). Bakı, 2011, s.66
[18] Qarayev Y. Tarix: yaxından və uzaqdan. Bakı, «Sabah», 1996, s.126