"Prezidentin son qərarları sosial müdafiə sahəsində yeni mərhələdir" - Deputat Aqil Məmmədov


"Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı sonuncu fərman və sərəncamlar indiyədək sosial müdafiə sahəsində aparılan sistemli dövlət siyasətinin davamı və yeni mərhələsidir".

Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, ölkə rəhbərinin həssas sosial qruplara yönələn siyasəti bu qəbildən olan bütün əhali qrupları üzərində öz müsbət təsirlərini göstərir: "Həssas sosial qruplardan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin apardığı siyasətin əsas istiqamətlərindən biridir. Dövlət başçısının imzaladığı yeni Fərmanlar bu istiqamətdə növbəti mühüm addım olmaqla, ölkə vətəndaşlarının böyük bir hissəsini əhatə edir".

Millət vəkilinin sözlərinə görə Prezident İlham Əliyevin son imzaladığı fərman və sərəncamlar bu kateqoriyanda olan 732 min ölkə vətəndaşını əhatə edəcək: "Bu isə ümumilikdə isə ilin sonunda imzalanan qanunvericilik aktları 2022-ci ildən təqribən 2 milyon vətəndaşın sosial rifahına və ailə büdcəsinə müsbət təsir edəcəyini göstərir. Bu, ölkə əhalisini əhəmiyyətli bir hissəsidir. Bu rəqəmlər bir daha sübut edir ki, fərman və sərəncamlar kifayət qədər maliyyə tutumludur və həmin qrupdan olan əhalinin sosial rifahına müsbət təsir edəcək".

A.Məmmədov bildirir ki, son 3 ildə artırılan sosial ödənişlərə diqqət etsək görərik ki, bu artımların böyük əksəriyyətində nisbət hər hansı faizlə deyil, dəfələrlə olub. Məsələn, əlilliyi olan şəxslərin müavinətini 2019-cü illə müqayisə etsək yeni Fərmanla bu fərq 2,2- 2,5 dəfə artırılıb. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Rəqəmlər özü-özlüyündə dövlətin sosial siyasətini əks etdirməklə bərabər, bu siyasətin davamlı inkişafa mühüm töhfəsini göstərir".

Onun sözlərinə görə, sosial siyasətdə yeni model və yeni baxışlar müşahidə olunmaqdadır.

Millət vəkili bildirib ki, Azərbaycan 2021-ci ildə müharibənin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb: "İşğaldan azad olunmuş ərazilərə qayıdışı sürətləndirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm layihələrin icrasına start verilib. Böyük həcmdə maliyyə vəsaiti tələb edən mühüm infrastruktur layihələri, digər qayıdış proqramları fonunda 2022-ci ilin Sosial Paketinin elan olunması dövlətimizin başçısının həssas sosial qruplardan olan vətəndaşlara qayğısının nümunəsidir. Biz inanırıq ki, həm ölkədə maliyyə sabitliyi, manatın dayanıqlığı, iqtisadiyyatın inkişafı, yeni sosial müdafiə tədbirləri ölkədə əhalinin sosial vəziyyətinə müsbət təsirini göstərəcək".


MANŞET XƏBƏRLƏRİ