Qənirə Paşayeva MM-da "Turizm haqqında" yeni qanun layihəsinin müzakirəsində çıxış edib


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" yeni qanun layihəsinin müzakirəsində çıxış edib.

Q.Paşayeva qanun layihəsinin təqdimatında çox önəmli təkliflər səsləndiyini qeyd edib, diqqəti yerli hava yolları şirkətlərinin qiymət siyasətinə yönəldib, mövcud bilet qiymətlərini sərt tənqid edib:

"Biz Mədəniyyət Komitəsi olaraq Dövlət Turizm Agentliyinin rəhbərliyi ilə yaxşı əməkdaşlıq edirik, müraciətlərimizə vaxtında cavablar alırıq; amma bəzi məsələləri söyləmək istəyirəm ki, bizdə əslində turizmdəki problem bir qurumla, bir qanunla həll olunacaq məsələ deyil. Kompleks yanaşma olmazsa, nəinki turizmdə irəli gedə biləcəyik, əksinə problemlər daha da artacaq. Məsələn, layihədə də əksini tapdığı kimi daxili turizmi götürək: vətəndaşlarımızın çoxu deyir ki, ölkədaxili turizm bölgələrinə gedib 5 gün, 1 həftə qalmaq xərclərinə biz qardaş Türkiyəyə gedib istirahət edə bilirik. Hətta bilet qiyməti də bu məbləğə daxildir. Təbii ki, belə bir şərtlərdə daxili turizm kifayət qədər inkişaf edə bilməz. Burada kompleks yanaşmalarla hansı qurumların üzərinə hansı işlər düşür? Hər kəs öz maraqlarını qorumamalıdır. Burada hava nəqliyyat xərclərinə vurğu edildi. Turizmin inkişafında ən vacib şərtlərdən biri bu məhz budur. Bir neçə dəfə burada qiymətlərlə bağlı məsələ qaldırmışdım. Biz bu qiymətlərlə qardaş Türkiyədən turist cəlb edə bilərikmi? Niyə qardaş Türkiyədə bir çox uzaq ölkələrə uçuş xərcləri Azərbaycanla uçuş xərclərindən daha aşağıdır? Bunun səbəbi Türkiyə ilə bağlı deyil. Məhz bizdə bəzi qurumların, hava nəqliyyatına məsul qurumların fəaliyyəti ilə bağlıdır. Ona görə bu məsələlərə ciddi baxılmalıdır.

Digər bir məsələ mühafizəkar viza rejimi ilə bağlıdır. Niyə başqa ölkələrdə 80-90 ölkəyə vizasız gediş-gəliş varkən, Azərbaycanda cəmi 10 ölkəyə vizasız gediş-gəliş mümkündür? Əlbəttə, turist bu şərtlərlə ölkəmizə gəlmək istəməyəcək.

Biz bugünlərdə qardaş Özbəkistana səfər etmişdik. Orada ziyalıları ölkəmizə səfərə çağırırkən bizə bildirdilər ki, "hörmətli millət vəkili, 1 saat 50 dəqiqəyə getdiyimiz yolu indi Azərbaycana 10 saata gedirik. Getməliyik Türkiyəyə, oradan təkrar geri qayıtmalıyıq Azərbaycana. Ölkəmizə dönəndə də eyni qaydada. Qiymətlər isə gəlir çıxır Amerikaya uçuş qiymətləri həddinə". Ona görə də turizmə kompleks şəkildə yanaşmaq lazımdır.

Yaxud regionallarımızdakı hava limanlarına diqqət edək. – Onları beynəlxalq uçuşlarda necə istifadə edirik? Nəzərə almalıyıq ki, orada qiymətlər daha münasib ola bilər. Axı, dövlət bu hava limanlarına böyük miqdarda xərclər qoyub. Bu hava limanları beynəlxalq uçuşlarda istifadə olunmalıdır.

Azərbaycana səfər edən turistlərin böyük qismi quru sərhədləri ilə gəlir. Orada da sadələşdirilmə getməlidir".


MANŞET XƏBƏRLƏRİ