QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur
II Yazı
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, dosent, fəl. üzrə fəlsəfə doktoru Faiq Ələkbərli
Hüseyn Baykara Azərbaycan milli mədəniyyəti və fəlsəfəsinin inkişafında milli aydınlarımızın rolunu göstərmək üçün, onların ana dillərində əsərlərinin sayının çoxalmasını göstərirdi. O yazırdı ki, XIX əsrədək nisbətən daha çox fars və ərəb dillərində yazmağa üstünlük verən Azərbaycan Türk mütəfəkkirləri, bu dövrdən etibarən əsasən türk dilində əsərlər yazırdılar. Özəlliklə, Avropada baş qaldıran milliyyətçilik hissləri türk ziyalıları arasında da baş qaldırmışdı. Şübhəsiz, Azərbaycan türkləri arasında avropasayağı milliyyətçilik hisslərinin yaranmasında polyaklar, gürcülər, ruslar, ermənilər və başqa əcnəbi millətlərin mühüm təsiri olmuşdu. Bu anlamda Azəbaycan türklərinin ziyalı təbəqəsi arasında yaranan milliiyyətçilik hissləri düzgün dəyərləndirlməlidir. Hər halda, bütövlükdə dünyada, o cümlədən Avropada baş verən ideoloji-siyasi, elmi-fəlsəfi yeniliklər Azərbaycan Türk mədəniyyətinə və fəlsəfəsinə də öz təsirini göstəriridi.
Quzey Azərbaycan aydınları arasında bu yeniliklərə ilk reaksiya verənlər Bakıxanov, Axundzadə, Zərdabi kimi mütəfəkkirlərimiz olmuşdur ki, Baykara onları irsini Azərbaycan xalqı üçün bir fikir rəhbəri, ideya xəzinəsi saymışdır. Mühacir aydınımızın fikrincə, siyasi anlamda "millət" sözünü ilk dəfə M.F.Axundzadə işlətmişdir. Daha sonra H.Zərdabi "Əkinçi" qəzetində "millət" anlayışına dair öz fikirlərini irəli sürmüşdür. Ancaq Azərbaycanda millətçilik ruhunun daha qabarıq şəkildə ortaya çıxması Ünsüzadə qardaşlarının nəşr etdirdiyi "Kəşkül" və "Ziya" qəzetləri ilə bağlı olmuşdur. Belə ki, həmin qəzetlərdə 1880-ci illərdə nəşr olunan məqalələrdə "türk milləti", "Azərbaycan türkləri" sözlərindən istifadə olunmuşdur.[1]
Bütün bunları Azərbaycan türklərinin yenidən milli oyanışı baxımdan mühüm amillər hesab edən Baykaraya görə, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış H.Zərdabi, M.Ə.Sabir, N.Nərimanov, C.Məmmədquluzadə, H.Mahmudbəyli, S.M.Qənizadənin və başqalarının yorulmadan çalışmaları sayəsində Azərbaycanda 1880-ci ildən sonra "rus-tatar məktəbi" adlanan bir çox məktəblərin açılması yeni bir mərhələni təşkil etmişdir. Onun fikrincə, bu məktəblərin Azərbaycanın elmi həyatında oynadığı rolu inkar etmək olmaz: "XIX əsrin axırlarında türk pedaqoqları xalqın və varlıların yardımı sayəsində öz milli məktəblərini açmağa başladılar. Həmin məktəblərdə ruslaşdırma yox idi… 1890-cı ildə Azərbaycanda on iki gimnaziya və realnı məktəb vardı. Bu məktəblərdə oxuyan 5700 tələbədən 91 nəfəri türk idi".[2]
Ümumilikdə, XIX əsrdə, xüsusilə həmin əsrin ortalarından etibarən milli ictimai-fəlsəfi fikir əsasən, milli-dini (milli özünüdərk-millətləşmə və əsl islamı təbliğ etmək) və müasirləşmək (Qərb mədəniyyətini mənimsəmək) ideyaları ilə bağlı olmuşdur. Xüsusilə, 1830-1900-cu illərdə təməli qoyulan milli ideologiyanın, yəni milli-dini və yeniləşmək ideyalarının ilhamvericiləri isə məzhəpərəstlər, ruhanilər, saray şairləri deyil, mədəni millətçilər, mədəni inqilabçılar – A.A.Bakıxanov, M.Kazım bəy, M.F.Axundzadə, C.Əfqani, H.B.Zərdabi, "Əkinçi"nin müəllifləri və b. olmuşlar. Məhz, ilk dəfə onlar millətin oyanması, birləşməsi və azadlığı üçün savaşa başlamış, milliyyətdən millətə keçməsi prosesində mühüm rol oynamışlar.
Eyni zamanda bu ziyalılar, "müsəlman" dini mənsubiyyəti içində itib-batan Azərbaycan türklərinin milli varlığını qoruması üçün yeni həyat və yeni ictimai münasibətlər tərzini yaratmağa çalışmışlar. İlk növbədə, köhnə ictimai münasibətləri, sxolastik dünyagörüşü yıxmaq üçün savaşa atılan mədəni inqilabçılar xalqına müasirləşmiş bir ədəbiyyat, mətbuat, sənət, teatr, dünyəvi məktəb və maarif verməyə başlamışlar. Baykara yazır: "Belə bir ağır zamanda, azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. Çünki miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası – "Vətən" vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür, bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinqə düşən "millət" rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik Azərbaycan xalqı vardı, neçə əsrlərdən bəri coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi vardı, yalnız siyasi hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına olursa-olsun, bütün bunları əldə etmək lazımdı...".[3]
Deməli, M.F.Axundzadə, H.Zərdabi, C.Əfqani və başqaları XIX əsrin ikinci yarısında mədəni inqilabın, mədəni türkçülüyün və islamçılığın əsasını qoymuşdur ki, onların davamçıları da XX əsrin əvvəllərində, həmin ideyalara əsaslanaraq azadlıq və milli istiqlal uğrunda mübarizə aparmalı idilər. Çünki müstəqillik üçün gərəkən bütün şərtlər Azərbaycan xalqında vardı. Baykara yazırdı: "Millətin etnik birliyə və kökə əsaslanması lazımdır. Bu sürətlə millət fərdləri arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mədəni və mınfəət birliyi kimi ünsürlər məvcud olmalıdır. Beləliklə, milləti təşkil edən xalqın vətəndaşları arasında birbirlərinə bağlılıq və keçmiş, yüz illərdən əvvəl yaşamış ulularından və atalarından olara qalan iftixaredici və kədərləndirici xatirələr ümumi anlayış yaratmaqdır".[4]
Beləliklə, XIX əsrdə yaranan mədəni islamçılıq, mədəni türkçülük və mədəni inqilabçılığı, XX əsrin əvvəllərində Azərbaycan Türk ziyalıları Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b. ideoloji şəkilə salmağa çalışaraq, əvvəlcə onu islamçılıq və türkçülük, daha sonra isə Azərbaycan Türk milliyyətçiliyi, ya da azərbaycançılıq (Azərbaycan milli ideyası) kimi formulə etməyə cəhd göstərmişlər.
20-ci əsrin əvvəllərində ictimai-siyasi və fəlsəfi fikrin milli-demokratik yönü birmənalı şəkildə millətçilik (Türk birliyi), islamçılıq (İslam birliyi), qərbçilik (Qərb mədəniyyətini mənimsəmək və müasirləşmək-yeniləşmək) və istiqlalçılıq (müstəqil Azərbaycan) ideyaları ilə bağlı olmuşdu. Burada başlıca məqsəd milli və dini məsələlərin əsas prinsiplərindən kənara çıxmamaq şərti ilə Qərbin müsbət demokratik dəyərlərini də təbliğ etmək idi. Deməli, bu dövrdə milli-demokratik cərəyan Azərbaycan ictimai-fəlsəfi fikrində önəmli yer tutmuşdur.
Bu dövrdə Azərbaycan Türk aydınlarının böyük əksəriyyəti (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, N.Yusifbəyli və b.) milli fəlsəfi dünyagörüşlərində əsas üstünlüyü milli-dini xüsusiyyətlərə və liberal-demokratik dəyərlərə vermişlər. Bu aydınlar dövrünün tələblərini və ideyalarını da nəzərə almaqla milli və dini dəyərlərə sadiq qaldılar. Onlar Azərbaycan türklərinin fəlsəfi, mədəni və dini dünyagörüşü əsasında yeni ideyalar irəli sürdülər. Bu ideyalar idealist dünyagörüşdən əsasən kənara çıxmamış və milli fəlsəfi fikir zəminində təşəkkül tapmışdır. Məhz bu aydınların irəli sürdüyü ideyalar nəticəsində Azərbaycan çar Rusiyasının müstəmləkəsindən qurtularaq azad və müstəqil bir dövlətə çevrilmişdi. Belə ki, ilk rüşeymləri XIX əsrin ikinci yarısında qoyulan və XX əsrin əvvəllərində sistemləşən milli azadlıq ideyası Azərbaycan Cümhuriyyətinin yaranması (1918) ilə nəticələndi. Ölkənin siyasi-ideoloji mənzərəsinin dəyişməsində I (1905) və II (1917) Rusiya inqilabları çox mühüm rol oynadı. Şübhəsiz ki, bu inqilablar dövründə xalq arasından milli liderlərin, ideoloqların xalqı öz arxalarınca aparmaları müstəsna yerə malikdir. Məhz onların sayəsində yeni dövrdə Azərbaycanda milli ideologiyanın təməl prinsipləri müəyyənləşdirildi. Azərbaycanın siyasi azadlığı milli muxtariyyətdən milli istiqlala qədər çox mühüm bir mərhələ keçmiş oldu. Ən əsası odur ki, "tarixi-coğrafi Azərbaycan" deyimini, müstəqil və milli Azərbaycan anlayışı əvəz etdi. Milli istiqlalın birmənalı şəkildə ideoloqu olan M.Ə.Rəsulzadə Azərbaycan türkçülüyü ideyasını Azərbaycan milli ideologiyasına qədər yüksəldə bilmişdi.
H.Baykaraya görə, XX əsrin əvvəllərində Quzey Azərbaycan türkləri yeni bir mərhələnin başlanğıcında olduğunu anlayırdılar. Çünki artıq Azərbaycan xalqı yenidən toparlanmaq gücünə çatmışdı. Bunun bariz örnəklərindən biri Azərbaycanda milli oyanışın açıq müstəviyə keçməsi idi. Onun fikrincə, milli oyanışın əsas dayağı milli ziyalılar (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.) və onların ərsəyə gətirdikləri əsərləri idi. Milli aydınlar bir tarafdan xalqı maarifləndirir, digər tərəfdən milli-demokratik dövlət qurmaq üçün ideyalar irəli sürürdülər. Özəlliklə, Azərbaycan milli aydınlarından Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov və başqaları mətbuatda dərc olunan yazılarında xalqı oyanışa, birləşməyə, 1905-ci il inqilabının verdiyi haqq və azadlıqlardan maksimum istifadə etməyə çağırmışdı. Baykara yazırdı: "Dünənə kimi uşaqları üçün ana dilində məktəb açmaq imkanı olmayan, qəzet nəşr etdirə bilməyən, seçki hüququ məhdudlaşdırılan və daha bir sıra haqları əlindən alınan bir xalqın birdən-birə nailiyyətlər əldə etməsi çar hökuməti üçün gözlənilməz bir sürpriz oldu".[5]
Doğrudan da, itirilmiş müstəqilliyin yenidən qazanılması yolunda xeyli işlər görülmüşdü. Bu milli işdə Azərbaycan Türk aydınlarının əvəzsiz rol oynadığını dəfələrlə vurğulayan Baykara hesab edirdi ki, XX əsrin əvvəllərində əsas mübarizə ilk növbədə ruslaşdırma siyasətinə qarşı aparılmışdır. Burada söhbət Azərbaycan torpaqlarına rus kəndlilərin göçürülməsinə qarşı mübarizədən, türk dilinin məktəblərdə keçirilməsinə nail olmaqdan, milli mətbuatın, milli kitabxanaların yaranmasından gedirdi. H.Baykara yazırdı: "Bu zaman ideologiya baxımından "avropalaşmaq, islamlaşmaq və türkləşmək" fikirləri ətrafında mübahisələr gedirdi. Bütün bu mübahisələrin ətrafında azəri xalqının milli azadlıq hərəkatı dururdu. Azərbaycan azadlıq hərəkatını azəri xalqının tərəqqipərvər və vətənsevər ruhundan gələn demokratik adət-ənənələrə bağlamaq istəyən ziyalılar çoxluq təşkil edirdilər".[6]