Qənirə Paşayevadan TƏKLİF: "Bu kəndə Salatın Əsgərovanın adı verilsin"


Dekabrın 16-ı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq. Ən çətin dövrlərdə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük problemlər yaşadığımız illərdə Qarabağ həqiqətlərinin dünyada geniş yayılması, erməni yalanlarına qarşı mübarizə üçün kiçik yaşlı övladını evdə qoyaraq öncəbhə bölgələrində gerçəklikləri dünyaya çatdıran əziz Salatın xanıma Allahdan rəhmət diləyir və "qanı yerdə qalmadı" deyirik.

Turkustan.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü iclasında deyib.

Millət vəkili bildirib ki, Salatın xanımı şəxsən tanıyırdı:

"Sonra tale elə gətirdi ki, onun kiçik yaşlardan anasız böyüyən oğlu Ceyhunla bir kollektivdə çalışdıq. Dövlətimiz və xalqımız hər zaman Milli Qəhrəmanımız Salatın Əsgərovanın xatirəsini uca tutub. Qeyd edim ki, yanvar ayında da Salatın Əsgərovanın erməni qatilləri tərəfindən qətlə yetirilməsinin 30 ili tamam oldu. Salatın Əsgərova şəhid olan zaman o zamanki dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və "Salatınkənd" adlanacağını vurğulasa da, illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi, amma Salatınkənd adlandırılmadığı aydın olub. Salatın Əsgərovanın 60 illik yubileyində evladının, bir çox həmkarımızın və ziyalıların xahişini dövlət rəsmilərinə çatdıraraq Salatın Əsgərovanın şəhid olduğu kəndin onun şərəfinə "Salatınkənd" adlandırılmasını xahiş edirik.

Onu da əlavə edim ki, şəhid qəhrəmanımızın peşəkar jurnalist olan yeganə övladı 1 ildir işsizdir. Məncə, əlaqədar qurumlar bu məsələyə də biganə qalmamalıdır".


MANŞET XƏBƏRLƏRİ