Vətən müharibəsində qələbənin yaratdığı reallıqlar


Əfqan Vəliyev

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi

Regional strategiyanının tarixi-siyasi aspektdən təhlili

44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra Tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, Zəngibasar mahalı, İrəvan torpaqlarına qayıdış çağırışı və düşüncəsi siyasi, ideoloji motivli doktorina deyil İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarında yaşamış və oranı tərk etməyə məcbur edilmiş azərbaycanlıların taleyinin hüquqi əsaslarla beynəlxalq müstəviyə daşınması, onların geri qayıdışının reallaşması xarakteri daşıyır. Dövlətlər arasında sərhədlərin delimitasiya və demarkasiya mövzusunun müzakirə edildiyi dövrdə siyasi-sosial, milli-mədəni, elmi və tarixi baxımdan bu tarixi məsələnin tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur, habelə milli kimlik və milli-mədəni irs məsələləri ilə bağlı tarixşünaslıqda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmaq, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir.

Mif, utopiya əsaslı erməni ideologiyasına son qoyan qələbənin mahiyyəti və regionun strategiyası baxımından əhəmiyyəti: Azərbaycan xalqının iradəsini təmsil etməyən Kürəkçay, Gülüstan, Türkmənçay və Ədirnə müqavilələri regionun siyasi və coğrafi xəritəsini dəyişdirməyə nail oldu. Ədalətli olmayan müqavilələr nəticəsində Azərbaycan torpaqlarında yaranmış "erməni dövləti" tarixi ədalətin 44 günlük Vətən müharibəsindən sonra təcəlli etməsi ilə regionun coğrafi xəritəsində öz yerini tapmaqda və müəyyən etməsində çətinlik çəkir. Ermənistanın həqiqi və yaşanmış tarixi inkar edib uydurma tarix əsasında qoyulan utopik ideoloji hədəflər xülyasına 8 noyabr 2020-ci ildə Azərbaycanın tarixi zəfəri ilə son qoyuldu. 44 günlük müharibə sadəcə ermənilərin "əfsanələşdirdiyi" Ohanyan səddini deyil, eyni zamanda xəyal, mif və utopiya xülyasını məhv edib, onları utopik düşüncələrdən əl çəkib tarixin həqiqətləri ilə hesablaşmaq, üzləşmək və razılaşmaq həqiqətləri ilə qarşı-qarşıya qoydu. Tarixin müxtəlif dövrlərində Azərbaycana aid torpaqların pay kimi Ermənistana verilməsi və bu torpaqlar hesabına ermənilərin ərazilərini genişləndirməsi səbəbi ilə 1920-ci il Azərbaycan SSR-Ermənistan SSR-in dekabrdan əvvəli və sonrasını əhatə edən iki xəritəsi, 1921-ci ildə imzalanan Qars müqaviləsi xəritəsi, 1922-ci il SSRİ dövrü Zaqafqaziya xəritəsi, 1929-cu il SSRİ dövrü xəritəsi, 1970-ci il SSRİ dövrü xəritəsi, 1976-cı il SSRİ dövrü xəritəsi və 1991-ci il Azərbaycan və Ermənistan dövlətlərinin müstəqillik dövrü xəritəsi kimi bir neçə xəritənin mövcud olmasına şərait yaradılması, hal-hazırkı dövrdə Azərbaycanla-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya məsələsində böyük problem yaradır. Azərbaycan sərhədlərin delimitasiya və demarkasiya məsələsinin həlli, kommunikasiyaların açılması və regionun dayanaqlı inkişafı naminə sülh sazişinə aparan siyasi yolu izlərkən, ermənilər sülh sazişi cəhdlərini sülh müharibəsinə çevirməyə çalışan tərəf mövqeyindən çıxış edir. 27 sentyabr 2020-ci ildə Ermənistan ordusunun hücumu ilə başlayan və 44 gün sonra Azərbaycanın tarixi zəfər qazandığı Vətən müharibəsi Cənubi Qafqazın siyasi arxitekturasının yenidən dizayn olunması reallığını yaratdı.

  • Yeni reallıq çərçivəsində Ermənistanın tarixi həqiqətlərlə razılaşıb sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə müsbət və həlledici mövqedən yanaşması;
  • 10 noyabr müqaviləsinin şərtlərinə əməl edib, öz xalqının rifahı naminə münaqişəci və düşmən mövqeyindən əl çəkib sülh və əminamanlığın təmin olmasına səy göstərib töhfə verməsi.

10 noyabr müqaviləsinin əsas maddələrindən biri Zəngəzur dəhlizi və kommunikasiyaların qarşılıqlı açılmasıdır. Dəhliz, Ermənistanın blokadadan çıxıb, Azərbaycan-Türkiyə ilə sosial-iqtisadi əlaqələr qurub dayanıqlı inkişaf etməsi üçün pioritetlər ortaya qoyar. Zəngəzur dəhlizinin açılması həmçinin tərəflər arasında sosial-iqtisadi əlaqələrin qurulması iki cəmiyyət arasında qarşılıqlı dialoq və ünsiyyətin bərpası, əlaqələrin normallaşması ilə yanaşı eyni zamanda 32 il əvvəl dədə-baba yurdlarından deportasiya olunan 250 min 336 nəfər Azərbaycanlının təkrar tarix boyu yaşadıqları indiki Ermənistan ərazisindəki tarixi torpaqlara qayıtması üçün imkan və stimul yaradır. 1988-1989-cu illərdə Qərbi Azərbaycanda azərbaycanlıların tərk etməyə məcbur olduğu ərazilər sosial-iqtisadi cəhətdən Ermənistana ən çox töhfə verən bölgələr hesab olunurdu. Deportasiydan 32 il keçməsinə baxmayaraq Ermənistandakı demoqrafıq vəziyyətlə əlaqədar olaraq bu bölgələrdə məskunlaşmanın çox az olması və ərazilərin hələ də Ermənistan sosial-iqtisadi mühitinə çox az töhfə verməsi Ermənistan dövlətinin və iqtisadiyyatının zəifləməsindəki əsas faktorlardan biridir.

Tarixi faktlar əsasında Qərbi Azərbaycan tarixinin dövrlərə görə tarixi xronikası: İndiki Ermənistan sərhədləri içərisində olan Qərbi Azərbaycanın ərazisi e.ə. IV əsr-e.705-ci ilə qədər mədəniyyətlər quran, qədim Azərbaycan dövləti Albaniyanın, VIII-IX yüzillərdə islam dinini yayan Ərəb xilafətinin, XI-XIII yüzillərdə bölgəyə ədalət gətirən, Anadolu Səlcuqlu dövlətinin, XIII-XIV əsrlərdə öz sərhədini aşıb dünyaya hökm etmək istəyən Böyük Monqol İmperiyasının, 1410-1468-ci illərdə türk-oğuz tayfalarını birləşdirən mədəniyyəti inkişaf etdirən və Cahan şah bölgədə qalıcı izlər qoyan Qaraqoyunlu, 1468-1501-ci illərdə Azərbaycan və İranı idarə etmiş Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynayan və Azərbaycan dövlətçilik tarixində əhəmiyyətli yeri olan türk-oğuz boylarından ibarət Bayandır tayfası olan Ağqoyunlu (Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 270–271), 1501-1736-cı illərdə azərbaycanlıları vahid ittifaqda birləşdirib dövlət quran və İrəvan, Göyçə, Zəngəzur və Zəngibasarda məscidlər, mədrəsələr, evlər, körpülər, yollar, karvansaralar inşa edən Səfəvilər dövlətinin, 1736-1747-ci illərdə isə türk-oğuz tayfası olan, Səfəvi dövlətinin dağıdılmasını həzm edə bilməyən Nadir şah və sələfinin Azərbaycan Türk kimliyi, vahid İslam ümmətçiliyi düşüncəsi ilə yola çıxaraq Azərbaycan Səfəvi dövlətinin işğal olunmuş torpaqları üzərində hökmranlığını bərpa etməyə çalışmış İrəvan və qərbi Azərbaycanın digər ərazilərində karvansara, yol və müxtəlif mənşəli tikililər inşa edən Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilin sonları və XVIII yüzilin 20-ci illərində Osmanlı-Səfəvi müharibələri zamanı İrəvan bölgəsi iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılmışdı. Osmanlının hakimiyyəti dövründə İrəvan və ətraf mahallarda saray, məscid, karvansara, körpü, yollar və.s tikililər inşa olunub. Osmanlı hakimiyyəti dövrünə təsadüf edən 1728-ci ildə tərtib edilmiş Müfəssəl dəftərə görə, İrəvan əyalətində aşağıdakı inzibati ərazi vahidləri vardı: İrəvan şəhəri, Qırxbulaq, Karpi, Maku, Xınzirək, Karni, Vedibasar, Dərəçiçək, Abaran, Göycə, Məzrə, Sürməli, İğdır, Aralıq, Şərur, Sədərək, Zərzəmin nahiyələri, Şuragöl və Naxçıvan sancaqları. Bütün bunlar təsdiq edir ki, Qərbi Azərbaycanda qədim dövrdən yaşayan azərbaycanlılar İrəvan əyalətində əsas abarogen millət kimi yer tutub. Lakin XIX yüzilin sonu XX yüzilin əvvəllərində Rusiyanın mərkəzi əyalətlərindən rusların, İran və Türkiyədən isə ermənilərin bu ərazilərə köçürülməsi ilə əhalinin etnik tərkibi və demoqrafik vəziyyəti dəyişdi. Rusiya-İran (1804–1813 və 1826–1828), Rusiya-Türkiyə (1828–1829 və 1877–1878) müharibələrindən və 1861-ci il kəndli islahatından sonra, Cənubi Qafqaza xüsusilə də azərbaycanlılara məxsus olan və azərbaycanlıların yaşadığı ərazilərə ermənilərin köçürülmə siyasəti daha da sürətləndi. Belə ki, Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinin imzalanmasından sonra, ermənilərin Qafqaza, xüsusilə də Azərbaycan torpaqlarına köçürülməsi bir daha rəsmiləşdirildi. Qondarma "Erməni vilayəti"(1828-1848) yaradılıb, erməni köçkünlərin sayı mexaniki şəkildə artırıldı (Dünya Azərbaycanlıları: Tarix və Müasirlik. Bakı, 2009, s.146).

Çar Rusiyasının bölgəyə hakim olması ilə İrəvan başda olmaqla tarixi torpaqlara ilk dövrdə idarəçilik və çar üsul-idarəsinin qurulması məqsədi ilə ruslar köçürülməyə başlanıb. Köçən rus əhali idarəçilikdə daha çox azərbaycanlıları əvəz edib, çar hakimiyyətinin dayaqlarının yaradılmasında yer alıb daha sonra isə ermənilər prossesə cəlb edilməklə onları sünni yaradılan "Erməni vilayəti"nin idarəçiləri statusuna gətiriblər. Köçürülən ermənilərin sayının bölgədəki azərbaycanlılara nisbətən üstünlük olduğu andan etibarən İvan Paskeviçin tapşırığı əsasında İvan Şopen tərəfindən əhali sayımı və statistikası həyata keçirilib. Bu statistikadan çıxan demoqrafıq göstəricilər əsasında ərazini "erməni vilayəti" kimi təqdim edib, erməniləşdirmə siyasətinin əsasını qoyublar. Ermənilərin köçürülüb gətirilməsi, azərbaycanlıların deportasiya edilməsi prossesində çeviklik göstərilsə də azərbaycanlılara aid toponimlər, hidronimlər, aronimlər və.s adların dəyişdirilməsində eyni çevikliyin göstərilə bilinməməsi və ərazidəki adların sənədlərdə Azərbaycan mənşəli olması, işğal və mənimsəmə siyasətini açıq-aşkar meydana qoyur.


MANŞET XƏBƏRLƏRİ