Mədəniyyət komitəsinin dəstəyi ilə Şandor Petefinin kitabının təqdimatı oldu - FOTO


Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, "Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu", "Regional Hüquqi və İqtisadi Maarifləndirmə", "Nəfəs" və "Masallı Təhsil Fondu" ictimai birliklərinin dəstəyi ilə macar ədəbiyyatının klassiki Şandor Petefinin "Məni yandıracaq içimdəki od" kitabının təqdimat mərasimi keçirilib.

"Azərkitab"da baş tutan tədbirin aparıcısı – Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrindən və Macarıstanın son illər ortaq türk qurumlarında təmsil olunmasından söz açıb, ürək sözlərini bölüşüb. O, qocaman şair-tərcüməçi AĞASƏFAnın tərcüməsində Şandor Petefinin irihəcmli kitabının nəfis tərtibatla gün üzü görməsini əlamətdar hadisə adlandırıb.

Tədbirin təşəbbüsçüsü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, təqdimatı keçirilən kitabın layihə rəhbəri və önsöz müəllifi Qənirə Paşayeva təqdimat mərasimində geniş çıxış edib.

O, Macarıstana səfərlərindən, orada Turan Qurultaylarında iştirakından, parlamentdə görüşlərdən və getdikcə güclənən ölkələrarası əlaqələrdən söz açıb:

"Dövlət və hökumət başçılarımızın, parlamentlərimizin, vətəndaş cəmiyyəti institutlarımızın, o cümlədən ziyalılarımızın səmimi, etibarlı və getdikcə güclənən əlaqələri, əməkdaşlığı sevindiricidir.

Macar dostlarımızın Azərbaycana səfərlərini xatırlayıram. "Macar-Turan" Fondunu təmsil edən dostlarımız bizim dəvətimizlə sərhədyanı Tovuz rayonuna səfər etdilər. Onlara Azərbaycan əsgərinin hərbi forması hədiyyə olundu. Macar qardaşlarımızın Azərbaycana sevgi-sayğılarını, Azərbaycan həqiqətlərinə diqqətlərini həmişə görmüş, şahidi olmuşuq. 4 günlük Tovuz Döyüşlərində, 44 günlük Vətən Müharibəsində də bu belə oldu.

Ötən günlərdə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə, öncəki görüşlərdə Macarıstanın iştirakı, ümumən Macarıstan dövlətinin ortaq türk qurumlarına üzvlük yaxud müşahidəçi üzvlük üçün müraciət etməsi çox gözəl hadisədir. Biz macar qardaşlarımıza Azərbayacana, ümumən Türk dünyasına artan maraqları, dəstəkləri üçün minnətdarıq.

Bu gün Macarıstanın ölkəmizdəki Səfirin müavini Dr. Tamaş Vasari, Millət vəkillərimiz, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, Mədəniyyət Nazirliyimizin təmsilçiləri, şair-yazıçılarımız, alimlərimiz, sənətçilərimiz, QHT və KİV nümayəndələrimiz bizimlə birlikdədir.

Hər kəsi bir daha salamlayır, dəvətimizi qəbul edib, təqdimat mərasiminə gəldikləri üçün təşəkkür edirəm.

Əlbəttə, bu gün ən böyük təşəkkürlərimiz AĞASƏFA müəllimə ünvanlanıb. Qocaman şair-tərcüməçi, pedaqoq AĞASƏFA müəllim Sovet dövründə Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Təsəvvür edin: elə bir nüfuzlu təhsil ocağının məzunu Xızının bir kənd məktəbində müəllimlik etməyi tərcih edib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub, Xızıda öz xeyirxahlığı ilə ün qazanıb. Təbii ki, öz bədii yaradıcılığından qalmayan ustad ədibimiz müxtəlif kitablarla da çıxış edib. Macar ədəbiyyatının klassiki Şandor Petefinin yaradıcılığına müraciət etməsi bütün digər səbəblərlə yanaşı, Şandor Petefinin taleyinin Mikayıl Müşfiq taleyi ilə oxşarlıq təşkil etməsi ilə bağlıdır. Şandor Petefinin də fiziki ömrü qısa sürüb, onun da qəbri yoxdur... Şandor Petefi ilə Mikayıl Müşfiq, Lorka və bir sıra başqa şairlərin tale oxşarlığı, onların yaradıcılıq mətn-mündəricəsindəki oxşarlıqla, mübarizə əzm və iradələri ilə də şərtlənir.

AĞASƏFA müəllimin Şandor Petefi yaradıcılığına yalnız sevgi ilə deyil, məhz peşəkarlıqla yanaşması tərcümə etdiyi hər şeirdə hiss olunur.

AĞASƏFA müəllimə bu kamil tərcümə işi üçün bir daha təşəkkür edirəm. Təşəkkürüm eyni zamanda kitabın redaksiya heyətinədir: Kitabın məsləhətçiləri – "Şöhrət" ordenli ziyalımız, şair, pedaqoq Ofelya Babayevaya, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin sədri Arzu Bağırovaya, məsləhətçilər – Ə.Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslıya, Komitəmizin eksperti, Beynəlxalq "Alaş" ədəbi mükafatı laureatı Əkbər Qoşalıya, buraxılışa məsul – "Nəfəs" İB sədri Firəngiz Balakişiyevaya və mətnləri bilgisayarda yığan, səhifələyən Vüsal Hicranoğluna peşəkar işlərinə, dəstəklərinə görə təşəkkür edir, uğurlar diləyirəm"!

Macarıstanın Azərbaycandakı Səfirinin müavini Dr. Tamaş Vasari, Millət vəkilləri – Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Prof.Dr. Kamilə Əliyeva, "Masallı Təhsil Fondu"nun sədri Məşhur Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məsul əməkdaşı Paşa Aydayev, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Sumqayıtdakı Əli Kərim adına Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı, Əməkdar artist Nuriyyə Hüseynova, "Şöhrət" ordenli pedaqoq, şair, ictimai xadim, Prezident təqaüdçüsü Ofelya Babayeva, evsahibi təşkilatın – "Azərkitab"ın rəhbəri Sabir Həsənov, BDU-nun kafedra müdiri Prof.Dr. İradə Hüseynova, Mədəniyyət Nazirliyi İctimai Şurasının sədri Gəray Əlibəyov, "Olaylar"ın qurucu-baş redaktoru, yazıçı-publisist Dr. Yunus Oğuz, sənətşünas Prof.Dr. Abbasqulu Nəcəfzadə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucu-başqanı Umud Rəhimoğlu, "Vektor"un qurucu-başqanı, şair-publisist Prof.Dr. Elçin İsgəndərzadə tədbirdə çıxış edib, ürək sözlərini bölüşüb.

"Vektor"un və Dünya Gənc Türk Yazarlar Birliyi adından AĞASƏFAya "Fəxri fərman"lar təqdim olunub.

AĞASƏFA macar ədəbiyyatının klassikinin həyatı və yaradıcılığı, poeziyasının məziyyətləri haqqında danışıb, kitabın nəşri və təqdimat mərasiminin təşkilində zəhməti keçənlərə təşəkkür edib.

Qeyd edək ki, "Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu", "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" və "Nəfəs"in ictimai birliklərinin dəstəyi ilə "CBS"-də gün üzü görmüş kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına, macar ədəbiyyatı üzrə tədqiqat aparan alimlərə hədiyyə olunacaq.


MANŞET XƏBƏRLƏRİ