"Heydər Əliyev adı bütün əməli fəaliyyət sahələri üzrə böyük işlər, hadisələrlə qoşalaşdırıla bilir" - Qənirə Paşayeva


Bu gün Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Bu anım günündə Ümummilli liderimizin mədəniyyət strategiyasına bir nəzər salmaq istərdim. Bu istiqamətdə Heydər Əliyevin təşəbbüsçüsü, ideya müəllifi, qurucusu, yaradıcışı, ilhamvericisi, dəstək olduğu... o qədər iş, hadisə var ki..!

Ümumən Heydər Əliyev adı bütün əməli fəaliyyət sahələri üzrə böyük işlər, hadisələrlə çox rahatlıqla qoşalaşdırıla bilir:

"Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı", "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi", "Heydər Əliyev və xarici siyasət", "Heydər Əliyev və gənclik" və s... Mədəniyyət bu planda özəl yerə sahibdir. Mənə qismət olub, Ümummilli liderimizlə birgə xarici səfərlərdə jurnalist kimi iştirak etmişəm. Onun jurnalistlərə, yaradıcı insanlara münasibəti müstəsna xarakter daşıyırdı. Bu müstəsnalıq, Ümummilli liderin tamaşalardan, dövlət tədbirlərindən sonra səhnə arxasına kecərək sənətçilərlə görüşməsi, onların ifası, çıxışı haqqında mülahizələrini, dəyərləndirmələrini söyləməsi bir hadisəydi. Səfərlərdə biz jurnalistlərlə, operatorlarla, nümayəndə heyətinin uzvü olan şair, yazıçı, bəstəkar, rəssam... ilə də eyni həssaslıqla rəftar edirdi. Bu münasibət məhz Heydər Əliyevin özü tərəfindən əsası qoyulmuş ənənələrə söykənirdi. - Hələ sovet dönəmində SSRİ-nin Xalq artisti, SSRİ-nin Xalq rəssamı, SSRİ-nin Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı... adına layiq görülmüş, SSRİ-nin nüfuzlu ordenləri ilə təltif olunmuş azərbaycanlıların uzun siyahısı dediklərimizə sübutdur.

Şəxslər üzərindən verilmiş belə dəstəklər, qərarlar yanar ürəyin, yüksək vətəncanlılığın ifadəsiydi. Bu ifadəlilikdə bir mühüm istiqamətsə, Heydər Əliyevin sənətə, istedada vurğunluğunun, sənətə, sənətkara dərin diqqət-qayğı ilə yanaşmaqla birgə, kimlərin xalqı, mədəni irsimizi ümumittifaq miqyasında təmsiletmə haqqına sahib olmasını dəqiq bilməyi ilə bağlıdır.

Heydər Əliyev Hüseyn Cavd irsinə, NİYAZİyə, Rəsul Rzaya, Müslüm Maqomayevə, Rəşid Behbudova, Zeynəb Xanlarovaya, Bəxtiyar Vahabzadəyə, Nəbi Xəzriyə, QABİLə, ANARa, ELÇİNə... nə üçün dəstək durduğunu çox yaxşı bilirdi. Bilirdi ki, xalqı, olkəni onun mədəniyyəti, sənəti, deməli, sənətkarları ilə uca tutmaq xüsusi hadisədir.

Heydər Əliyev yalnız istedadlara, sənətkarlara dəstək durmurdu, onların yetişməsi üçün münbit ortam yaradırdı. Və bu siyasətini Müstəqil Azərbaycanda daha şövqlə, yeni məzmunda, formada davam və inkişaf etdirdi. Heydər Əliyevin Prezident kimi imzaladığı Sərəncam, Fərmanlar içərisindən ədəbiyyat, mədəniyyət, incəsənətə aid olanlarını, o cümlədən ədəbiyyat, mədəniyyət, incəsənətlə bağlı çıxışlarını toplasaq, bir neçə cildlik kitab alınar. Heydər Əliyev "İstedadlı gənclərin qızıl kitabı", Gənc yazarlar üçün Prezident təqaüdü haqqında sənədlərə imza atanda, mədəniyyət, incəsənətə dövlət dəstəyinin artırılması haqqında Sərəncam, Fərman verəndə də böyük amallarla yaşayırdı. Yaradıcılıq qurumlarının dövlət dəstəyi ilə təmin edilməsi bu sırada özünəməxsus hadisələrdəndir.

Məsələlərə yalnız siyasi, hüquqi yanaşmaqla xarüqələr yaratmaq çətin olar; Ümummilli liderimiz köklü məsələlərə fəlsəfi, ictimai-mədəni, mənəvi planda yanaşırdi. Ona görə də, Heydər Əliyevin mədəniyyətə, incəsənətə baxışı məhz strateji məzmun daşıyırdı.

Heydər Əliyev tarixi Zəfərimizi gormədi amma inanırıq ki, ATA VƏSİYYƏTİNİ YERİNƏ YETİRƏN sədaqətli oğlunun Ali Baş Komandanı olduğu Müzəffər Ordumuzun Zəfəri onun əziz ruhuna agahdır.

Tarixi Zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda sürətli və keyfiyyətli quruculuq, təmir-bərpa, abadlıq işləri yenə Heydər Əliyevi yada salır. Şuşada Vaqif Məqbərəsi bərpa olundu. - Bir tək bu məqbərə, onun bərpası, Vaqif Poeziya Günlərindən, onun bərpası üzərindən bir dastan yazmaq olar...

Azərbaycanın yalnız sülh quruculuğunda deyil, müharibədə də qızıl ləyaqət göstərməsi Heydər Əliyevin mədəniyyət qavramını nə qədər geniş tutması və necə bir zəngin irs qoyub getməsini təcalla etdirir. Heydər Əliyevin siyasi kursunu uğurla, ləyaqətlə davam və inkisaf etdirən cənab Prezident İlham Əliyev, Heydər Əliyevin adını daşıyan Fonda uğurla rəhbərlik edən Mehriban xanım Əliyeva mədəniyyət strategiyasını yeni zirvələrə daşımaqdadır.

DÖVLƏTİMİZ VAR OLSUN! Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri


MANŞET XƏBƏRLƏRİ