Axısxa türkü şəhid Cabbar Faiqovun ruhu artıq şaddır - Bikə Allahverdiyeva


Çağırır Vətən… ​

Canım ata və anam,məndən sarı darıxmayın.İnşallah,cənnətdə görüşəcəyik.Mənim Vətənin dar günündə ürəyim dözmir.Allaha xatir bunu etməliyəm.İnşallah,şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm.Şəhid olsam,ağlamayın.Allaha ibadətinizi dəqiq yerinə yetirin.Çoxlu sədəqə verin,Allah böyükdür,Vətən sağ olsun!

Milli Qəhrəman Mübariz İbrahimovun son məktubundan Hələ kiçik yaşlarımdan nənəmin zümzümə etdiyi bir mahnı düşüncələr aləmimin dərinliyində əbədi iz salmışdı:

Vətən bağı al-əlvandı,

Yox içində Xarıbülbül

Bir dəfə nənəmdən soruşdum :

-Ay nənə, bu Xarıbülbül nədir? Nənəm nisgil dolu baxışlarla dərindən köks ötürüb dedi: -Eh,ay bala bu, çox vəfalı bir güldür. Mən təəccüblə soruşdum:

-Bıy,ay nənə gülün də vəfalısı olurmu? -Olur,ay bala,niyə olmur? Bu dünyada elə əziz,müqəddəs varlıqlar var ki,onlardan ayrılmaq çox çətin olur. İnsan Tanrının ona bəxş etdiyi ömür payını onların uğrunda fəda etməkdən belə çəkinmir.Bax, bala, belə müqəddəs varlıqlardan biri də insan övladına öz geniş qucağında qol açan Vətəndir.Bəşər övladı dünyaya göz açanda onu qucağında bəsləyən iki anası olur:onlardan biri insana həyat verən ANA,digəri isə bizləri naz- nemətilə bəsləyib,geniş qucağında yer verdiyi VƏTƏN!

Elə buna görə də bu adlar qoşa çəkilir:"ANA VƏTƏN"!Mən heyrətlə nənəmin ehtiramla adını tutduğu "ANA VƏTƏN" kəlməsini bir daha ürəyimdə pıçıldadım və soruşdum: -Hə,ay nənə,bəs bu Xarıbülbülün vətənlə nə əlaqəsi? -Bala,Xarıbülbül,Qarabağımızın tacı adlandırılan Şuşada bitir.Bax yalnız Şuşada!Əfsanəyə görə, Şuşadan yad bir ölkəyə düşən xan qızı Vətənin ab-havasını yaratmaqla təsəlli üçün özünə Qarabağda bitən bütün bitkilərdən "Vətən bağı"saldırır.Bu bağda nə qədər çalışsa da,Xarıbülbülü yetişdirə bilmir,çünki bu gül yeganə olaraq, Şuşanın torpağı, suyu və havasına bağlı olub,onlarla qidalanırdı.Ona görə də ondan ayrı bir məkanda bitmir.

Elə o zamandan xan qızının qəmli vətən nisgilini ifadə edən "Xarıbülbül"mahnısı yaranmış,Xaribülbül isə əsl fədakar,sədaqətli vətən aşiqi simvoluna çevrilmişdir... Mən bu kiçik təsirli söhbətdən xəyallar aləmimə dalaraq, qəlbimdə bu etibar,sədaqət rəmzi olan çiçəyə ehtiramla ilərdən-illərə qovuşurdum.Artıq mənim düşüncələr dünyama hakim kəsilən müqəddəslər pilləsinin ən yüksək zirvəsində dayanan üç kəlmə vardı:ANA,VƏTƏN,SƏDAQƏT! İndi mən ömür payımın 40-ci illərinin astanasındayam.Bu illər, həyat təcrübəm və oxuduğum kitablar,şahidi olduğum hadisələr mənimçün müqəddəs anlam kəsb edən bu 3 kəlmə sözün insan ömrünün ayrılmaz hissəsi olduğunu bir daha sübut edir. Mən doğma Azərbaycanımızın bir parçası olan Qoca Muğanın barlı-bərəkətli torpağı olan Saatlıda dünyaya göz açmışam.Deyilənə görə, adı qoçaq saad tayfalarından götürülmüş Saatlı zəngin torpağı ilə yanaşı, öz şücaəti, ər təbiətli oğulları ilə zamanın sınaqlarından çıxaraq əsrlərdən-əsrlərə qovuşmuşdur.Qaçaq Həbiş və onun silahdaşlarının yadellilərə qarşı apardığı mübarizə hələ də camaatın qürurla nəql etdikləri rəvayətlərdəndir... Mən 18 il bir dönəmdə sovet imperiyasının mənfur faciəsinin qurbanı olan axıskalı türklərin məktəbində müəllim kimi çalışmışam.Bəli,mən sinəsi axıska dərdli türk övladları ilə çalışıb onların faciəli tale yollarının dinləyicisi olmuşam!Böyüdükcə nənəmin nisgilli baxışlarının,köks ötürmələrinin və "Xarıbülbül"mahnısına olan sevgisinin köklərinin haradan qaynaqlandığının mahiyyətini anlamağa başlamışam... Əziz oxucu,indi sizə nəql edəcəyim şəhid ömrünün bir anının xatirələrinin arxasında da "ANA VƏTƏN"anlamının həyat adlı şirin ömür payından nə qədər əziz olduğunun ifadəsidir. Bu il yaz Muğana başqa əhval-ruhiyyədə gəlmişdi.Həmişə qışın çıxmasını bahar eşqiylə qarşılayan axıskalı Cavad kişinin ailəsi hər bir soydaşı kimi builki baharı dərin hüznlə qarşılamışdı.Novruz ab-havasından əsər- əlamət yox idi.Azərbaycan yurdunun başı üzərini alan qara kölgələr hər bir vətən övladını kədərləndirməyə bilməzdi.Xocalı yarasının qəlb göynədən sızıltısı nəinki türk dünyasını,ürəyində insan məhəbbəti olan hər bir canlını göynədirdi.Qoca tarix daha bir amansız, vicdansız insan vəhşiliyinin şahidi olmuşdu..Sanki göylər,dağ, daş dil açıb günahsız qurbanlarına qəmli elegiya oxuyurdu....Əli silah tutandan,bacaracağı köməyi əsirgəməyən vətən övladları silaha sarılırdı.Elə Cavad kişinin üç övlad atası Cabbar adlı həkim oğlunu da ön cəbhəyə sürükləyən bu məqsəd idi.Cabbarın qəti qərar qəbul etdiyini görən atası, sinəsi axıska dərdli Cavad kişi üç nəvəsinə baxıb dərindən ah çəkərək: -Oğlum,bu tifilləri düşün - dedi. Atasının qəmli baxışları,zamanın axıska kim ağır dərdindən simasında yaratdığı nisgil,kədər qırışları Cabbarı bir an düşündürsə də: -Ata,elə övladlarım,sənin, mənim,yurddaşlarımın çəkdiyi ağrıları yaşamamaq üçün getməliyəm.Onların müharibə qorxusuz,sülh nəfəsli,günəşli səması üçün fədakarlıq etmək hər bir soydaşın,Vətən övladının borcudur!Atasının nurlu siması bir anlıq tutuldu: -Oğlum,mən də sənin kimi düşünürəm,amma fitnəkar yağının qahmarçıxanları,silahları güclüdür,eynilə Axıskanın taleyi kimi... -Ata,düşmənin topu,arxası varsa,bizim də döyüşən qolumuz,vətən eşqiylə döyünən ürəyimiz var.Unutma ki,dünyanı silkələyən Atillalar soyunun,imperiyalar titrədən Babəklər yurdunun od nəfəsli, od ürəkli törəmələriyik! Bizi Vətən çağırır!

Qoy mən sağ olsam da,olmasam da övladlarıma el arxa dursun.Onda onlar daha arxalı böyüyərlər.Bir zamanlar həkim atalarının vətən,ədalət uğrunda çarpışan əsgərlərə həyat nuru bəxş etməsilə qürur duyub,öyünsünlər.Bilsinlər ki,onları yaşadan Vətən torpağının, əzilən soydaşlarının harayına hay vermək insana əbədiyyət bəxş edir!Cavad kişi əlini onun çiyninə qoyub qürurla: -Get,oğlum,Uca Tanrı həmişə sizinlə olsun- dedi... Cabbar üzü kədərli anasına,onunla oynamaq üçün hazır olan övladlarına və ömür- gün yoldaşına yaxınlaşıb : -Hə,indi siz öz xeyir-duanızı verin,görək dedi.Anası bu sözə bənd imiş kimi göz yaşlarını saxlaya bilmədi,oğlunu sinəsinə sıxıb: -Ey böyük Tanrı,bizlər nələr görmədik?!Axı nədir günahımız?Bir zamanlar gənc qardaşlarım axıska uğrunda fədakarlıqla şəhid oldu,indi oğlum bu allahsızlarla çarpışmağa gedir.Get, oğlum,mən səni elimizə həkim kimi böyütdüm.Sən neçə-neçə əsgərə həyat verəcəksən!Neçə-neçə ananın göz yaşını siləcəksən.Allah amanında! Cabbar hələ də özünə gəlməyən ömür-gün yoldaşına ani nəzər salaraq dedi: -Ay Sədaqət, elə durmusan,elə bil,ölümə gedirəm,bir danışsana.Sədaqət özünü toparlayıb: -Böyüklər xeyir-duanı verdi,biz də səni Ulu Yaradana tapşırırıq-dedi.O, artıq dözə bilməyib için –için ağladı.Uşaqlardan ağlı kəsən Faiq anasına baxıb: -Ay ana, niyə ağlayırsan,atam qəhrəman olacaq ee-deyərək,onun əlindən tutdu.Cabbar digər övladlarını qucağına alıb onların yanağından öpdü,böyük oğlu Faiqə yaxınlaşıb dedi: -Hə,artıq böyümüsən.Bax ananı, qardaşlarını sənə tapşırıram.Babanın arxası ol.Məni Vətən ana köməyə çağırır,onun harayına səs verməyə gedirəm.Siz isə həmişə öyünüb,atam qəhrəmandır-deyəcəksiniz.Allah amanında! Həmin gündən Cabbar Füzuli rayonunun Horadiz bölgəsində hərbi həkim kimi bütün varlığıyla çalışmağa başladı.Neçə-neçə əsgərin yarasını sağaldıb,onları həyata qaytardı.Artıq bütün əsgərlər ona xilaskar kimi baxır,ehtiram göstərirdi.Cabbar dəfələrlə ölümlə üz-üzə gəldi,od-alov içində,qanlı döyüşlərdə düşmən güllələri altında yaralıları xilas etməkdən çəkinmirdi.Bəli,o həkim idi.Fədakar Vətən həkimi! Tez-tez atasına göndərdiyi məktublarında hər şeyin öz qaydasında olduğunu yazaraq övladlarının dərsləri ilə maraqlanır,Faiqə "Vətən Ana"nın nə qədər müqəddəs olduğunu aşılamağa çalışırdı... Bu gün atışma həmişəkindən daha güclü oldu...İtkilər,yaralılar olmasına baxmayaraq, əsgərlərdə qələbə inamından doğan ruh yüksəkliyi güclü idi.Cabbarın fədakarlığı onlara xüsusi kömək olurdu. Əsgərlərdən biri ona demişdi: -Cabbar, sən mənə Səməd Vurğunun bir şeirindəki həkimi xatırladırsan:demək, ölüm ayağında olan yaralı əsgər artıq sağalacağına olan ümidinin faydasız olduğunu duyub:

Dedi,doktor,aman doktor

Sağlığıma güman yoxdur

Bıçağını saxla bir dəm,

Bilirəm ki,öləcəyəm,

Gözüm yolda,könlüm səsdə,

Dinlə məni son nəfəsdə,

Qoy Vurğunun sözlərindən,

Bir bənd deyim son dəfə mən:

El bilir ki,sən mənimsən,

Yurdum,yuvam,məskənimsən,

Anam doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan,Azərbaycan!

Sanki əsgərlərə bir ruh gəldi.Hamı bir ağızdan səsləndi: -AZƏRBAYCAN,AZƏRBAYCAN! Birdən güclü atışma əsgərləri silahı götürməyə məcbur etdi.Quduzlaşmış düşmən yenə sakitləşmək bilmirdi.

Əsgərlərlə birgə yaralıları maşına yerləşdirən Cabbar onlara yardım edərkən amansız güllənin qurbanı oldu...Cabbarı xəstəxanaya çatdırarkən o bir həkim olaraq artıq son nəfəsinin olduğunu duyub əsgərlərə dedi:Atama,anama deyin,mən cismimlə bu torpağa qovuşacağam,ruhum isə Vətən göylərində dolanıb onlarla olacaq.Övladlarım həmişə qürur duysun,ataları ilə öyünsünlər!Bilsinlər ki,ən böyük ata-ana Vətəndir.Şəhidlər ölməz,Vətən bölünməz!-bu sözlərdən sonra o,gözlərini əbədi yumdu... Bəli,əziz oxucu,bir şəhid haqqında ürəyimin sözlərini sizinlə bölüşsəm də,könül aləmimin söz xəzinəsi bitib-tükənməzdir.Bu gün ümumilli lider Heydər Əliyevin təməlini qoyduğu güclü Azərbaycan ordusu professional,müasir tələblər səviyyəsində möhkəmlənərək öz torpaqlarını qorumağa,Vətəni gözləyən təhlükəni dəf etməyə qadirdir!Bu ordu Ali Baş Komandan,Azərbaycan Prezidenti İlham Əliyevin "İrəli!"əmrinin verilməsini səbirsizliklə gözləyirdi!Və o əmr gəldi...Azərbaycan "Zəfər bayrağını" Ağrı dağlarında ucaldaraq türkün həmrəylik,sevgi dolu yenilməz qardaşlığını bir daha dünyaya sübut etdi...Cabbarlar,İsgəndərlər,Mikayıllar və yüzlərlə axıska türkü qoynunda məskən saldığı Azərbaycana "Ana" deyərək uğrunda canlarını,qanlarını fəda edərək bir daha bu qırılmaz dostluq,qardaşlığın əbədiliyini dünyaya bəyan etdilər...Bizlər isə onların müqəddəs xatirələrini daim əziz tutaraq gələcək nəsillərə örnək olacaq fəxarətlə əsrlərdən-əsrlərə ötürəcəyik... Bu gün Şuşa azaddır!Onun vəfalı xarıbülbülü öz xilaskarlarını daim ehtiramla yad edirmiş kimi daha vüqarla,daha sevgilərlə bu yurdda boy ataraq əsrlər yaddaşında "Şəhidlik simvolu"kimi daimi xatırlanacaq! Mən isə üzümü hər bir vətən övladına tutaraq fikirlərimi Bəxtiyar Vahabzadənin misraları ilə yekunlaşdırmaq istərdim :

Ey Vətən oğlu,düşün,bil ki,sənindir bu Vətən,

Dünənin,həm bu günün, sabahındır bu Vətən!

Biz vətən məcnunu, el aşiqi,sülh əsgəriyik,

Biz vətən naminə ölsək də, dirilərdən diriyik!

Abşeron rayonu İ.Yusifov adına Görədil kənd tam orta mətəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bikə Allahverdiyeva."Ən yaxşı müəllim"müsabiqəsinin qalibi,iki dəfə pedaqoji mühazirənin respublika qalibi.


MANŞET XƏBƏRLƏRİ