"Dədə Ələsgər" kitabının təqdimatı oldu - FOTOLAR


Milli Məclisin Mədəniyyət Komitəsinin, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə", "Avrasiya Beynəlxalq Araşdırmlar İnstitutu" və "Nəfəs" ictimai birliklərinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə nəşr olunmuş "Dədə Ələsgər" kitabının təqdimatı olub.

"Azərkitab"da baş tutan tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı qüdrətli söz ustadının 200 illik yubileyi münasibəti ölkə başçısının Sərəncamını xatırladıb, Aşıq Ələsgər irsinə dövlət qayğısından danışıb. O, MM Mədəniyyət Komitəsinin də qüdrətli söz ustadının yubileyi ilə bağlı bir sıra mühüm tədbirlər təşkil etdiyini bildirib, "Dədə Ələsgər" kitabının nəşrinin və təqdimat mərasiminin də bu planda baş tutduğunu vurğulayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı laureatı, professor Məhərrəm Qasımlı Aşıq Ələsgər yaradıcılığı, şəxsiyyəti haqqında geniş məruzə ilə çıxış edib.

M.Qasımlı Aşıq Ələsgərin

"Aşıq olub, tərki-vətən olanın,

Əzəl başdan pürkamalı gərəkdi.

Oturub-durmaqla ədəbin bilə,

Mərifət еlmində dolu gərəkdi."

bəndi ilə başlayan "Gərəkdi" rədifli qoşmasını aşıqlıq sənətinin manifesti, nizamnaməsi kimi xarakterizə edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib. O, bu il 200 illiyi keçirilən ustadlar ustadı Aşıq Ələsgərin uzun illərdir erməni işğalında qalan və dağıdılan məzarından da danışıb. Komitə sədri deyib ki, Qarabağ və Şərqi Zəngəzurda 30 illik işğal dönəmində ermənilər ciddi vandallıq əməlləri törətdiyi kimi Göyçədə də Aşıq Ələsgərin məzarı ilə öz xislətləri üzrə davranıblar.

Ümummilli liderimiz Heydər Əliyevin "Yalnız yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək" sözlərini xatırladan Komitə sədri, Aşıq Ələsgər yaradıcılığının məhz yüksək mədəniyyətin örnəyi olduğunu, həmişəyaşarlıq simvolu olduğunu deyib: "Cənab Prezident fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında, bugünlərdə isə Bakıda heykəlinin ucaldılması ilə bağlı Sərəncam imzaladı. Bu, aşıq sənətinə, ümumən mədəniyyətə dövlətimizin, şəxsən dövlət başçımızın yüksək münasibətin ifadəsidir. UNESCO və İSESCO-nun Xoşməramlı səfiri, hörmətli Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın səyləri ilə Azərbaycanın aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini də burada minnətdarlıqla xatırlatmaq istərdim.

Aşıq Ələsgər Göyçədən Türk Dünyasına doğan sənət Günəşi idi. Onun yaradıcılığı sənətkarın insanlığa, hadisələrə, dünyaya baxışını aydın şəkildə göstərir.

Burada Məhərrəm müəllim də vurğuladı, Aşıq Ələsgərə savadsız demək böyük günah olardı, o, məsələn, yazmağı bilməmiş ola bilərdi, ancaq onun irfani, dini bilikləri, sənətin, şeirin, aşıqlığın incəliklərini dərindən bilməsi bir daha göstərir ki, sənətkar kamil və vergili insan olub.

Sənətkarın doğma yurdu Göyçə bugün inzibati, siyasi-hüquqi sınırlarımız içində olmasa da, mədəniyyət, sənət coğrafiyamıza aiddir. Bizim Göyçədəki maddi-mədəni irsimiz, tarixi abidələrimiz son onilliklər boyu dağıdılıb və ya dağılmaq üzrədir. İnşallah Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi, Göyçədə də mədəni irsimizə sahib çıxacaq, onları bərpa edəcək, yenilərini tikəcək və Aşıq Ələsgərin bir abidəsini də orada yüksəldəcəyik.

Dəvətimizi qəbul edib, bu təqdimata təşrif buyurduğunuz üçün sizin hər birinizə - millət vəkili həmkarlarıma, qardaş Türkiyənin ölkəmizdəki Böyükelçiliyinin müşaviri Hüseyn Altınalana, Xalq şairimiz Vahid Əzizə, dəyərli alimlərimizə, şairlərimizə, sənətçilərimizə, Mədəniyyət Nazirliyinin, Yazıçılar Birliyinin, "Dədə Ələsgər Ocağı"nın, "Aşıq Şəmşir Ocağı"nın nümayəndələrinə, bütün iştirakçılara, "Azərkitab"-ın rəhbərliyinə çox təşəkkür edirəm"!

Millət vəkilləri – "Qərbi Azərbaycan İcması"nın sədri Əziz Ələkbərli, Prof.Dr. Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Aydın Hüseynov, Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin müşaviri Hüseyn Altınalan, Xalq şairi Vahid Əziz, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Mədəniyyət Nazirliyinin məsul əməkdaşı Xəyal Məmmədov, BDU Kitabxanaçılıq fakültəsinin dekanı, şair-publisist

Ələmdar Cabbarlı, Əməkdar mədəniyyət işçiləri – Musa Nəbioğlu, Nemət Qasımlı, aşıqlar – Gülarə Azaflı, Ramin Kamandar, RHİMİB sədri Arzu Bağırova, evsahibi təşkilatın – "Azərkitab"ın rəhbəri Sabir Həsənov çıxış edib, ürək sözlərini bölüşüb.

Çıxışlarda Aşıq Ələsgər irsi Azərbaycan mədəniyyəti tarixi üçün xüsusi hadisələrdən biri kimi dəyərləndirilib, şeirlərindən örnəklər səsləndirilib, sənətkarın mükəmməl şair, aşıq, dilçi, qüdrətli söz yaradıcısı olmasına diqqət çəkilib. Çıxışçılar Aşıq Ələsgər yaradıcılığının qorunması və təbliğ edilməsini dövlət mədəniyyət siyasətimizin tərkib hissəsi kimi şərh edib.

Aşıq Ələsgər ustaddan dərs almış, özü sağlığında ustadlaşmış qüdrətli sənətkar kimi xarakterizə olunub. Çıxışlarda vurğulanıb ki, sənətkar milli, dini mənlik şüurunun gözəl tərənnümçüsü, ustad təbliğatçısı və mükəmməl yaradıcılarından, onu zənginləşdirənlərdən biri olub.

Sonda "Dədə Ələsgər Ocağı"nın başçısı Xətai Ələsgər çıxış edərək, bir ildə Aşıq Ələsgər haqqında iki Sərəncam verən dövlət başçısı cənab İlham Əliyevə, aşıq sənətinin təbliği işinə yerli və beynəlxalq səviyyədə xüsusi dəstək göstərən Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə edib. O, gözəl nəşr və təqdimat üçün zəhməti keçən hər kəsə, MM Mədəniyyət Komitəsinə təşəkkür edib, Komitə sədri Q.Paşayevaya Ocağın adından təşəkkür plaketi təqdim edib.

Qeyd edək ki, Aşıq Ələsgərin nəvəsi, mərhum filoloq alim İslam Ələsgərin vaxtı ilə topladığı əsərlər və təqdim yazısı əsasında "CBS"-də gün üzü görən nəfis tərtibatlı "Dədə Ələsgər" kitabının layihə rəhbəri (və önsöz müəllifi) Qənirə Paşayeva, nəşrə məsul Arzu Bağırovadır. Kitabın məsləhətçisi MM Sədrinin 1-ci müavini Əli Hüseynli, redaktoru Araz Yaquboğlu, rəyçiləri Əziz Ələkbərli, Xətai Ələsgər və Əkbər Qoşalıdır.

Kitab respublikanın aparıcı kitabxanalarına, digər bir sıra mədəniyyət ocaqlarına hədiyyə olunacaq.


MANŞET XƏBƏRLƏRİ