Göyçayda qəza: Bir polis öldü, biri yaralandı - FOTOLAR


Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Turkustan.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saat 21:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Məzahir Mirzəliyev xəsarət aldığı üçün xəstəxanaya aparılıb, onun sərnişini Murad Babayev hadisə yerində dünyasını dəyişib.

Ölən və xəsarət alan hər iki şəxs polis əməkdaşıdır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, bu gün axşam saatlarında Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Məzahir Mirzəliyev "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb və aşıb.

Nəticədə avtomobildə olan sərnişin polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Sürücü Məzahir Mirzəliyev isə xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Yol-nəqliyyat hadisəsi polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Mirzəliyev Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdı, M.Babayev isə polis şöbəsində rabitəçi vəzifəsində çalışırdı. Hər iki şəxs bu yaxınlarda polis şöbəsində xidmətə başlamışdı.




MANŞET XƏBƏRLƏRİ