Koronavirusun "omikron" ştammı nefti ucuzlaşdırdı: "Qara qızılın" qiyməti 20 dollara düşə bilər? - AÇIQLAMA


"WTI" markalı neftin qiyməti 12,81% (10,03 dollar) azalaraq 68,29 dollar/barelə düşüb.

"Brent" neftin qiyməti isə 11,3% düşərək 72,89 dollara geriləyib.

Mütəxəssislər qeyd edirlər ki, enerjinin dəyərinin azalması B.1.1.529 ("omikron") koronavirusunun yeni ştammının aşkarlanması və bununla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlıdır. İnsanların daha az səyahət etməsi fonunda enerji istehlakının azalacağı gözlənilir.

ABŞ-ın əsas fond indekslərindən biri olan "Dow Jones" cümə günü ticarətin bağlanışına qədər 905,04 bənd (2,5%) azalaraq 34,899,34-ə kimi düşüb, bu, bir ilin ən güclü enişidir.

Digər əsas ABŞ indeksləri də əhəmiyyətli dərəcədə azalıb. S&P 500 2,3% azalaraq 4 594,62 bənd, Nasdaq 2,2% azalaraq 15 491,66 bənd olub. Hər üç indeks üçün bu, bütün ticarət tarixində "Qara cümə" günündə ən əhəmiyyətli enişdir - adətən bu gün istehlakın kəskin sıçrayışı səbəbindən birjalara müsbət təsir göstərir.

Cümə günü ÜST Afrikanın cənubunda tapılan koronavirus ştammına "omikron" adını verib. Təşkilat açıqlamasında bildirib ki, koronavirusun bu variantında "çoxlu sayda mutasiya var, bəziləri narahatlıq doğurur". Bundan əlavə, ilkin sübutlar bu ştammla yoluxma riskinin yüksək olduğunu göstərir.

Maraqlıdır, neft qiymətlərindəki eniş Azərbaycan üçün nə vəd edir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, neft qiymətlərinin son 2 gündə ucuzlaşmasının bur çox səbəbləri var:

"Bu, tək yeni koronavirus ştammı ilə əlaqəli deyil. Həm də Amerika Birləşmiş Ştatları, Çin, Hindistan, Yaponiyanın neft ehtiyatlarından bazara təqribən, 50-60 milyon barelə yaxın əlavə neft çıxaracağı ilə bəyanatları da səbəb oldu. Bu xəbərlərin üst-üstə düşməsi neft qiymətlərinin kəskin ucuzlaşması ilə nəticələndi. Prosesin uzunmüddətli olub-olmayacağı gələn həftə daha dəqiq bilinəcək. Çünki gələn həftə bu yeni ştammla bağlı ölkələr uçuş və digər məhdudiyyətləri artırsa, neftin dəyərdən düşməsi daha da sürətlənə bilər".

Ekspert qeyd edib ki, əsas ixracatı neftdən asılı olan ölkəmizə neftin ucuzlaşması halı sərfedici deyil:

"Düşünmürəm ki, mart-aprel aylarında gördüyümüz kəskin enmələrin şahidi olacağıq. Yəqin ki, neftin indiki texniki analizdə aşağı həddi əsasən, 60 dollar görülür. Qiymətlərin formalaşması proseslərin nəticəsindən asılı olacaq. Amma 60-75 dollar karidorunda bir müddət neftin qiymətinin oynaması mümkündür. Azərbaycana gəldikdə, təbii ki, ölkənin əsas ixracat məhsulu neft olduğuna görə, neft bahalaşdıqca vəziyyət yaxşılaşır, valyuta gəlirlərimiz artır. Ucuzlaşdıqca isə valyuta gəlirlərinin azalması müşahidə olunur".


MANŞET XƏBƏRLƏRİ