Mədəniyyət Komitəsinin dəstəyi ilə Kəlbəcərin işğaldan azad olunmasına sərgi təşkil olunub - FOTO


Milli Məclisin Mədəniyyət Komitəsinin, Rəssamlar İttifaqının, "NƏFƏS" İB, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu", "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin təşkilatçılığı ilə yeni nəsil rəssamı, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın "Qarabağa ithaf" adlı bədii sərgisi təşkil olunub.

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda keçirilən sərginin açılış mərasimindən öncə iştirakçılar Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən övladlarının əziz ruhunu bir dəqiqəlik sükutla yad edib.

Sərginin açılış mərasiminin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, sərgi Kəlbəcərin işğaldan azad olunmasının birinci ildönümü münasibəti ilə təşkil edilib: "Kəlbəcərin azad olunması ilə bu qədim Azərbaycan torpağında işğal mədəniyyətsizliyi bitdi, azadlıq, quruculuq mədəniyyəti başlandı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz 44 günlük müharibədə Zəfərə imza atdı, ardınca, işğalçilar üç rayonumuzdan – Ağdam, Kəlbəcər, Laçından çıxmaq zorunda qaldı.

Ötən bir ildə bir çox infrastruktur layihəsi icra olunub. İnşallah mümkün olan ən yaxın müddətdə əhalimiz öz doğma yurd-yuvasına qayıdacaq. Kəlbəcərin əsl sahiblərinin doğma yurda qayıtması oraya mədəniyyətin, qaynar həyatın, insanlığın qayıtmasıdır.

Bugünkü sərgi də bu əziz günə həsr olunub. İstedadlı yeni nəsil rəssamlarımızdan, dekorativ tətbiqi sənət ustalarımızdan biri olan Aygün Nağıyevanın burada sərgilənən əsərlərini öz eviniz, iş yeriniz, Kəlbəcərin yenidən qurulan, bərpa olunan mədəniyyət ocaqları üçün ala, hədiyyə edə bilərsiniz".

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Kəlbəcərin azad olunması münasibəti ilə sərginin açılışında iştirak edən Kəlbəcər ziyalılarını, onların timsalında bütün Kəlbəcərliləri təbrik edib, ürək sözlərini bölüşüb: "Əslində, Kəlbəcərin azad olunmasının sevinci, fərəhi bütün Azərbaycanımıza, dünya azərbaycanlılarına, Azərbaycana dost-qardaş ölkələrə, bütün azadlıqsevər insanlara aiddir. Bəli, artıq Kəlbəcərə mədəniyyət, incəsənət qayıdır. Biz müharibə meydanında ləyaqət göstərdiyimiz kimi, postmüharibə dövründə də öz ləyaqətimizi göstəririk. Biz Kəlbəcəri yenidən qurur-yaradırıq. Bu quruculuq-yaradıcılıq içində mədəniyyət ocaqlarının özəl yeri var.

Kəlbəcərin azadlığının birinci ildönümü müxtəlif tədbirlələ qeyd olunur. Biz də "Qarabağa ithaf" sərgisi ilə bu anlamlı günə öz məhəbbətimizi, sənət münasibətimizi təcalla etdirmək istəmişik. Ümidvaram, burada sərgilənən gözəl əsərlər zövqünüzü oxşayacaq, bundan sonra evinizi, iş yerinizi, gələcəkdə Kəlbəcər muzeylərini, mədəniyyət ocaqlarını bəzəyəcək.

Mən öz növbəmdə, Kəlbəcərin bərpa olunacaq ilk muzeyi üçün Ümummilli liderimiz Heydər Əliyevin portretini alacam. Qoy, bu, bizim boyük qayıdışa, mədəni həyatın canlanmasına bir töhfəmiz olsun. Kəlbəcər rayon İcra hakimiyyəti başçısının burada iştirak edən hörmətli müavinindən xahis edəcəm, bu hədiyyəni muzey üçün bir əmanət olaraq bizdən qəbul etsin.

Biz dünən də bir başqa sərgi təşkil etmişdik. "Azərbaycan aşıq sənəti" adlı bədii sərgidədə Xalq rəssamımız Arif Hüseynovun miniatür əsərləri sərgilənirdi. Oradakı əsərlərin hamısı alındı, muzeylərə hədiyyə olundu. O əsərlərdən birini dəyərli bacım, RHİM İB sədri Arzu Bağırova alıb - bu, Aşıq Şəmşirin portretidir. Biz belə hesab edirik ki, bu əsərin ən yaxşı ünvanı, qorunacağı, saxlanacağı yer Kəlbəcərdə Aşıq Şəmşir Muzeyi ola bilər. "Aşıq Şəmşir Ocağı" İB-nin burada iştirak edən sədr müavini, dəyərli dostumuz Həbib Misirovu dəvət ediəm, "Aşıq Şəmşir" portreritini bizdən təhvil alsın.

Mən bu sərgi münasibəti ilə Aygün qızımızı təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm. Aygün kimi istedadlı rəssamlarımıza, yaradıcı gənclərimizə diqqət-qayğı sənətimizin bugününə və gələcəyinə diqqət-qayğı anlamını daşıyır.

Sonda, bir daha, Kəlbəcərin azad olunması münasibəti ilə, başda Ali Baş Komandanımız olmaqla, Silahlıq Qüvvələrimizi, şəhid ailələrimizi, yaralı qazilərimizi, müharibənin bütün iştirakçılarını, xalqımızı təbrik edir, ən xoş diləklərimizi yetiririk. Gözünüz aydın olsun, əziz Kəlbəcərlilər!

Kəlbəcər azaddır!

Qarabağ Azərbaycandır!

Və Dəmir Yumruq yerindədir"!

Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı

Səhlab Məmmədov MM Mədəniyyət Komitəsi ilə əməkdaşlıqdan danışıb, indiyədək keçirilmiş, il sonunadək planlaşdırılan tədbirlərdən soz açıb.

Xalq rəssamı bildirib ki, Aygün Nağıyevanın sərgisi onun Vətənə, tarixi şəxsiyyətlərimizə yaradıcı münasibətini, sevgisini göstərir.

Millət vəkili Aqil Məmmədov, "NƏFƏS" İB sədri Firəngiz Balakişiyeva, RHİM İB sədri Arzu Bağırova, işadami Yılmaz Okuklu, Kəlbəcərin Milli Qəhrəman Şahlar Şükürov ad. orta məktəbinin direktoru, şair Elşən Əzim, tanınmış rəssam-modelyer, Əməkdar incəsənət xadimi

Fəxriyyə Xələfova və başqaları çıxış edərək, sərginin önəmi, nümayiş olunan əsərlərin məziyyətləri haqqında fikirlərini bölüşüb, Aygün Nağıyevaya uğurlar arzulayıb.

Çıxışçılar Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu hərbi-siyasi həll yolu ilə torpaqlarımızı Ermənistan işğalından azad etməsini tarixi hadisə adlandırıb, Kəlbəcərin azadlığının birinci ikldönümünü qeyd etməyi, Kəlbəcərdə sürətli, keyfiyyətli infrastruktur layihələrinin icrasını qürurverici hal kimi xarakterizə edib.

Aşıq Əli Zeynalabdinov solo saz ifası ilə tədbirə xüsusi rəng qatıb.

Sonda çıxış edən rəssam, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyeva sərginin təşkilində əməyi olanlara, əsərləri muzeylərə bağışlamaq, öz evini, iş yerini bəzəməkçün alan sənətsevərlərə, sərgini işıqlandıran media mənsublarına, sərginin bütün iştirakçılarına öz minnətdarlığını bildirib.

"Dəlidağ.az" saytının baş redaktoru, şair Namiq Dəlidağlı Aygün Nağıyevaya uğurlu sərgi münasibəti ilə "Fəxri Fərman" təqdim edib.

A.Nağiyeva sərgiyə ozəl hazırlanmış kataloqunu qonaqlar üçün imzalayıb; həmçinin, sənətsevərlər sərginin "Rəy dəftəri"nə ürək sözlərini yazıb.


MANŞET XƏBƏRLƏRİ