Tanınmış rəssamın Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş sərgisi keçirilib - FOTOLAR


MM Mədəniyyət Komitəsinin dəstəyi ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş, Xalq rəssamı Arif Hüseynovun "Azərbaycan aşıq sənəti" adlı bədii sərgisi keçirilib

Milli Məclisin Mədəniyyət Komitəsinin, Mədəniyyət Nazirliyinin, Rəssamlar İttifaqının və Bakı Xətai Sənət Mərkəzinin təşkilatçılığı, "NƏFƏS" İB, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB-nin dəstəyi ilə "Azərbaycan aşıq sənəti" bədii sərgisi təşkil olunub. Sərgidə Xalq rəssamı Arif Hüseynovun mövzuya uyğun miniatür əsərləri sərgilənib.

Açılış mərasimindən öncə iştirakçılar Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhunu bir dəqiqəlik sükutla yad edib.

Sərginin açılış mərasiminin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı bildirib ki, sərgi qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından ilham alaraq təşkil edilib: "Azərbaycan miniatür sənəti XIII yüzildən inkişaf etməyə başlayıb, sonrakı dönəmlərdə Təbriz miniatür məktəbinə çevrilərək bütün dünyada ün qazanıb. Şağdaş dönəmdə bu sənəti yaşadan sənətkarlarımızdan biri Xalq rəssamı Arif Hüseynovdur. Bugünkü sərgi Arif müəllimin Azərbaycan miniatür məktəbi ənənələrinə, o cümlədən aşıq sənətimizə dərin məhəbbətinin, peşəkar baxışının, bilgilərinin bariz örnəyidir".

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tədbirdə geniş çıxış edib. O, öz çıxışında sərgi haqqında məlumat verib, bir sıra məslələrə toxunub. Komitə sədri bu il 200 illiyi keçirilən Dədə Ələsgərin – ustadlar ustadı Aşıq Ələsgərin illərdir erməni işğalında qalan məzarından da danışıb. O, deyib ki, işğal edilən torpaqlarımızda ermənilər vandallıq törədib: "Təəssüf ki, Aşıq Ələsgərin məzarı da erməni vandallığının qurbanı olub.

Aşıq Ələsgərin varlığı Azərbaycan mədəniyyəti tarixi üçün önəmlidir. Onun yaradıcılığının qorunub təbliğ edilməsi dövlət mədəniyyət siyasətimizin bir hissəsidir.

Bu gün əsərləri sərgilənən hörmətli Xalq rəssamımız Arif Hüseynovla biz vaxtaşırı görüşür, məsləhətləşirik. Belə bir ideya ortaya çıxınca, biz Komitə olaraq, əlaqədar qurumlarla birgə "Azərbaycan aşıq sənəti" bədii sərgisinin təşkil edilməsini qərarlaşdırdıq. Paytaxtımızın sənət ocaqlarından birinə çevrilmiş Xətai Sənət Mərkəzində, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmiş sərginin keçirilməsini mədəniyyət hadisəsi hesab edirəm. Çünki burada aşıq sənətinin, qüdrətli söz ustadının adına layiq əsərlər sərgilənir.

Mən bizim dəvətimizi qəbul edib, bu gün bizimlə olan Millət vəkili həmkarlarıma, İnsan hüquqları üzrə müvəkkilimizə, Bakı Kitab Mərkəzinin rəhbərinə, rəssamlarımıza, incəsənətimizin görkəmli nümayəndələrinə, media kapitanlarımıza, QHT təmsilçilərimizə, hər kəsə çox təşəkkür edirəm. Bu gün qardaş Türkiyədən, qardaş Özbəkistandan dəyərli ziyalılar, işadamları da bizimlə bir yerdədir, onları da salamlayır, xoş gəlmisiniz deyirəm.

Aşıq Ələsgərin 200 illik yubileyi haqqında Sərəncam vermiş cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə, aşıq sənətinə, muğam sənətinə, ümumən mədəniyyətimizə yüksək diqqət-qayğı ilə yanaşan Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya könül dolusu minnətdarlığımızı çatdırırıq. Məhz Mehriban xanımın dəstəyi ilə Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

Bildiyiniz kimi, cənab Prezidentin təşəbbüsü və müvafiq Sərəncamı ilə Tovuzdakı Aşıq Hüseyn Bozalqanlı adına Aşıq Muzeyi yenidən qurulub. Bugünkü sərgidə nümayiş olunan əsərlərin birini mən həmin muzey üçün alıb, bağışlayacam. Bilirəm ki, buradakı dostlarımız da həm həmin muzey üçün, həm öz evləri, iş yerləri üçün, yaxud başqa muzeylər üçün buradan əsərlər alacaq. Buna görə də hər birinizə təşəkkür edirəm. Bu satış-sərgi sənətimizə, sənətkarlarımıza ümumxalq məhəbbətinin daha bir örnəyidir.

Çıxışımın sonunda, Xalq rəssamımız Arif Hüseynova bir sürprizimizi açıqlamaq istərdim. Ustad sazbənd, rəhmətlik Xudu Mahmudovun oğlu, atasının yolunu davam və inkişaf etdirən Fərman Xuduoğlu bugün bizim dəvətimizlə buradadır. O, aşıq sənətinə bu qədər mükəmməl əsər həsr etmiş Xalq rəssamımıza saz bağışlayacaq.

Ustadların ruhu şad olsun, yaşayan bütün sənətkarlarımıza möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm"!

Sabənz Fərman Xuduoğlu özü düzəltdiyi sazda bir xalq havası ifa etdikdən sonra, sazı Arif Hüseynova bağışlayıb.

Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva nazirliyin MM Mədəniyyət Komitəsi ilə sıx əməkdaşlığından söz açıb, keçirilən və planlaşdırılan tədbirlərdən danışıb. Şöbə müdiri bildirib ki, Arif Hüseynov öz yaradıcılığında ölkə əhəmiyyətli mövzulara toxunur.

Azərbaycan Rəssamlar İttifaqı sədrinin I müavini, Xalq rəssamı, professor Səhlab Məmmədov sərginin təşkil edilməsində əməyi keçən hər kəsə təşəkkür edib: "Rəssamlara dəstək olmaq, incəsənətimiz üçün, sənətin gələcəyi üçün çox önəmlidir. Çox şadam ki, MM Mədəniyyət Komitəsi bu mövzulara həssas yanaşır. Hərdən bizə elə gəlir ki, Qənirə Paşayeva rəssamlarla, rəssamlıqla bağlı mövzulara Rəssamlar İttifaqının bir üzvü kimi, xüsusi diqqət göstərir.

Aşıq sənəti türk dünyası üçün çox vacibdir. Həmkarım Arif Hüseynovu sərgi və gözəl əsərlərinə görə təbrik edir, uğurlar arzulayıram".

"Dədə Ələsgər" İctimai Birliyinin sədri Xətai Ələsgərli isə qeyd edib ki, Aşıq Ələsgərin yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir: "Dövlətimiz hər zaman Aşıq Ələsgər irsinin qorunmasına həssaslıqla yanaşıb, yubileyləri təntənə ilə qeyd olunub.

Sərginin təşkilatçılarına təşəkkür edirəm.

Bakıda Aşıq Ələsgərin heykəlinin ucaldılması ən böyük arzumuzdur. İnşallah dövlətimiz bu aruzumuzu da yerinə yetirərər".

Tədbirdə Millət vəkilləri – Sahib Alıyev, Ülviyyə Həmzəyeva, Məşhur Məmmədov, "Nəfəs" İB-nin sədri Firəngiz Balakişiyeva, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB sədri Arzu Bağırova çıxış edib, ürək sözlərini bölüşüblər.

Qeyd edək ki, sərgidə 20 əsər nümayiş olunub. Əsərlərin hamısı tədbirdə iştirak edənlər tərəfindən satın alınıb. Bildirilib ki, alınan əsərlər Tovuzdakı Aşıq Muzeyinə, Masallı tarix-diyarşünaslıq muzeyinə, Kəlbəcərdə yenidən qurulacaq tarix-diyarşünaslıq muzeyinə, habelə TÜRKSOY-a və başqa mədəniyyət ocaqlarına hədiyyə olunacaq.

Onu da əlavə edək ki, "Dədə Ələsgər" İctimai Birliyinin sədri Xətai Ələsgərli və DGTYB başqanı İntiqam Yaşar Xalq rəssamı Arif Hüseynova plaket və "Fəxri fərman" təqdim edib.

Xalq rəssamı Arif Hüseynov tədbirin təşkilatçılarına, əsərləri muzeylərə bağışlamaq, öz evini, iş yerini bəzəməkçün alan sənətsevərlərə, sərgini işıqlandıran media mənsublarına, sərginin bütün iştirakçılarına öz təşəkkürlərini, minnətdarlığını bildirib.


MANŞET XƏBƏRLƏRİ