"Büdcədə müdafiə xərclərinə xüsusi önəm verilməlidir" - Aqil Məmmədov


Milli Məclisin deputatı Aqil Məmmədovun 23 noyabr 2021-ci il tarixdə parlamentin büdcə müzakirələrində çıxış edib.

Çıxışın mətnini təqdim edirik:

Səs verib qəbul edəcəyimiz 2022-ci ilin dövlət büdcəsi ölkəmizin ikinci Zəfər büdcəsi sayılır. Yola saldığımız ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparıması məqsədilə 2,2 milyard manat vəsaitin ayrılması həm xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmış, həm də beynəlxalq işgüzar dairələrin ciddi marağına səbəb olmuşdur.

Ötən bir ildə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə reallaşan böyük quruculuq işləri, həyati əhəmiyyətli infrastruktur layihələrinin uğurla, qısa zamanda icra olunması, deməyə əsas verir ki, bu məqsədlər üçün büdcədə nəzərdə tutulmuş vəsait effektiv şəkildə, izafi itkilərə yol verilmədən istifadə olunur.

Görülən işlərin keyfiyyəti və ayrılmış maliyyə vəsaitlərindən səmərəli istifadənin başlıca səbəbi odur ki, cənab Prezident özü və Hörmətli Mehriban xanım ilə birlikdə mütamadi olaraq azad edilmiş ərazilərə səfərlər edərək görülən işlərə memarlıq məharəti ilə bir başa nəzarət etmələridir.

Bu baxımdan hesab edirəm ki, bu il olduğu kimi, 2022-ci ilin dövlət büdcəsində quruculuq işlərinə nəzərdə tutulan ayırmalar, işğaldan azad edilmiş ərazilərin mümkün qədər tez yaşayış üçün hazırlanmasına böyük töhfə verəcək, Azərbaycan dövlətinin iqtisadi qüdrətini bütün dünyaya göstərəcək.

Bu gün işğaldan azad edilmiş ərazilərdə əsasən iki istiqamətdə iş gedir. Birincisi, yurd-yuvasından didərgin düşmüş insanlarımızın öz yerlərinə dönməsini təmin edəcək quruculuq işləri, digəri isə həmin ərazilərdə müdafiə qüdrətimizin artırılması.

Böyük Qayıdışı təmin edəcək quruculuq işləri, bu gün doğma el-obasına dönməyi gözləyən yüzminlərlə həmvətənimiz tərəfindən səbirsizliklə izlənilir. Məcburi köçkün əhalinin mümkün qədər yaxın müddətdə həmin ərazilərə köçürülməsini təmin etmək bu gün dövlətin qarşısında dayanan əsas prioritetlərdən biridir. Bu məqsədi, cənab Prezident də bir neçə dəfə sakinlərlə görüşlərində ifadə edib. Ölkə rəhbərliyinin siyasi iradəsi ondan ibarətdir ki, köçkünlər mümkün qədər tez öz torpaqlarına qayıtsınlar.

Hesab edirəm ki, bütün əlaqədar dövlət qurumları bu tələbin daha tez reallaşmasına öz töhfələrini verməlidirlər. Paytaxt Bakıda və ölkəninin digər yerlərində məskunlaşmış məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, dünyanın qlobal iqtisadi risklərlə üz-üzə olduğu indiki dövrdə, həm əhalinin məşğulluğuna, həm də ölkə iqtisadiyyatının inkişafına öz töfhəsni verəcəkdir.

Hazırda, Ermənistanla həmsərhəd ərazilərdə hərbçilərimizin mövqelərinin gücləndirilməsi, təchizat yollarının qaydaya salınması, çətin relyef şəraitində xidmət edən əsgər və zabitlərimizin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Bilirsiniz ki, Ermənistanla sərhədlərimiz əsasən, sərt qışın keçdiyi dağlıq ərazilərlə müşayiət olunur. Bu da istər-istəməz soyuq aylarda hərbçilərimizin xidməti fəaliyyətinə təbii çətinliklər yaradır. Ona görə də, hərbi xidmətin keyfiyyətinin yüksək saxlanılması, hərbçilərimizin hər cür qayğı ilə əhatə olunması baxımından hərbi büdcəmiz mühüm əhəmiyyət daşıyır.

Ötən illər ərzində davamlı olaraq ordu quruculuğu istiqamətində atılmış addımlar, hər il artırılan hərbi xərclər Azərbaycan Ordusunu regionun və dünyanın ən güclü orduları sırasına çıxarıb.

Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il qazandığı qələbənin təmin olunmasında da sözsüz ki, ordu quruculuğu və hər il artırılan hərbi xərclərimiz həlledici rol oynadı.

Bu gün Azərbaycan silahlı qüvvələrinin yeni, daha müasir tələblərə uyğun şəkildə qurulması üçün Cənab Prezidentin tapşırıqları var. Son günlər Ermənistan-Azərbaycan sərhədində yaşanan insidentlər bir daha göstərdi ki, xoflu düşmən heç də sakit dayanmayıb, öz işğalçı və terrorçu xislətini göstərmək üçün daim fürsət axtarır.

Bu baxımdan hesab edirəm ki, işğaldan azad olmuş ərazilərdə infrastrukturun bərpası, yenidən qurulması və digər sosial yönümlü işlərlə yanaşı, müdafiə qüdrətiminizin artırılması, xüsusilə, həmin ərazilərdə güclü müdafiə istehkamlarının qurulmasına və müasir silahlarla təchiz edilməsi üçün müdafiə xərclərinə xüsusi önəm verilməlidir.


MANŞET XƏBƏRLƏRİ