Azərbaycanda avro ucuzlaşdı - SON RƏQƏM


Noyabrın 22-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,7% enərək 1,9169 manat təşkil edib. Bu, ötən ilin 10 iyul tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.

Sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyulun 10-da qeydə alınıb – 1,9163 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 8,5% ucuzlaşıb.

Avropada COVID-19 pandemiyasının yeni dalğası səbəbindən narahatlığın artması, Avstriyanın artıq tam karantin rejiminə keçməsi və Almaniyanın bu variantı nəzərdən keçirməsi fonunda avro ABŞ dollarına qarşı demək olar ki, ötən ilin iyulundan bəri ən aşağı səviyyəyə düşüb (1 dollar = 1,1273 avro).

Bundan əlavə, FED-in rəsmiləri Riçard Klarida və Kristofer Uollerin ABŞ-da fiskal stimullaşdırıcı paketlərin erkən bağlanmasının artan inflyasiya şəraitində daha uyğun olması təklifi bazarda "öküzvari" effekt yaradaraq dolların güclənməsinə təkan verib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 Rusiya rublu 0,0232 manata, 1 türk lirəsinin məzənnəsi isə 0,1521 manata enib (APA).


MANŞET XƏBƏRLƏRİ