"AA"-lar cəriməni hamıdan qabaq ödəyirlər" - DYP


Xəbər verdiyimiz kimi, ötən gün Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərin görüntülərini yayıb.

Bunlardan biri sosial şəbəkələrdə xüsusilə müzakirələrə səbəb olub.

Söhbət 90-AA-013 dövlət nömrə nişanlı "Mercedes-Maybach" markalı lüks avtomobildən gedir.

Bəs tez-tez yol hərəkəti qaydalarını pozan bu bahalı avtomobil kimindir?

Qısa araşdırma aparılıb. Bəlli olub ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil "Bakı Klinikası"nın sahibi Aytən Quliyevaya məxsusdur. İddialara görə klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məsələ ilə bağlı Modern.az- a açıqlama verib:

"Cəmiyyətimizdə belə bir baxış var ki, AA seriasıdırsa deməli, hansısa nazirliyindir və ya dövlətə məxsusdur. Bu seriyada hüquqi şəxslərdə istifadə edə bilər. AA serialı avtomobillərdə etdiyi qayda pozuntusuna uyğun olaraq qanun qarşısında bərabərdir və tədbirlərdə qanunauyğun görülür. Hazırda elektron və xüsusi texniki qurğularla qayda pozuntuları aşkarlanır. O da nə "AA"-ya nə də "BA"-ya baxır, avtomatik yəni real vaxt rejimində cərimə sistemə ötürülür.

Vətəndaşı hər hansı əməkdaşımız saxlayanda da inzibati protokolu açır və təqdim edir. Heç kimə idarə etdiyi avtomobilin marka,model və nömrə nişanına görə xüsusi güzəşt yoxdur. Üstünlük hüququ var, bu da hamıya məlumdur (operativ nəqliyyat vasitələri).

Bizim üçün bu halda "AA"-və ya BA seriyasının fərqi yoxdur. Qanun və qaydalar hamı üçündür! Yol polisin işi inzibati qayda pozuntusunu aşkarlamaq və qanuni tədbir görməkdir. Cərimə məbləğidə 50 və ya 100 manatdırsa, onu ödəmək cərimə edilənin məsuliyyətidir. AA -lar isə o cəriməni hamıdan qabaq gedib ödəyirlər. Hadisələri şəxslər üzərində yox qanunun tələbi ilə əlaqələndirmək daha doğrudur. Bir sözlə,yol hərəkəti qaydaları hamı üçün qanunla qorunan hüquqi öhdəlikdir. Sürücülərdən və hərəkətin bütün iştirakçılatından yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq".


MANŞET XƏBƏRLƏRİ