Türk dövlət başçıları İstanbulda toplaşır - GÜNDƏLİK AÇIQLANDI


Türk Dövlətləri Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşünün gündəliyi açıqlanıb.

VIII Zirvə Görüşü noyabrın 12-də İstanbulda keçiriləcək.

""Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər" mövzusunda keçiriləcək Zirvə Görüşündə liderlər gündəmin çox vacib məsələlərini müzakirə edəcək və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm məsələlərlə bağlı qərarlar qəbul edəcəklər. Bu Zirvə Görüşündə Türkmənistanın müşahidəçi statusu ilə üzv olması, təşkilatın üçüncü ölkə və qurumlarla əlaqələri, müşahidəçi üzvlük meyarlarının müəyyən edilməsi, Türk İnvestisiya Fondunun yaradılmasının tamamlanması, orta və uzun müddətli məqsəd və proqramı ehtiva edən Türk Dünyası 2040 Vizyonunun təsdiqlənməsi gözlənilir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov ilk dəfə qurumun işində iştirak edəcək.

Bildirilib ki, iclasın gündəliyindəki məsələlərlə yanaşı, liderlər hazırkı regional və beynəlxalq siyasi və iqtisadi hadisələrlə də bağlı fikir mübadiləsi aparacaqlar.

Təşkilata sədrliyin Azərbaycandan Türkiyəyə keçəcəyi Sammitdə dövlət başçıları VIII Zirvə Görüşünün yekun sənədi olan İstanbul Bəyannaməsini və bir sıra qətnamələri imzalayacaqlar.

Qeyd edək ki, Türk Şurasının Xarici İşlər Nazirləri Şurası gündəmdəki məsələlər və imzalanacaq sənədlərlə bağlı yekun müzakirələr üçün noyabrın 11-də İstanbulda toplanacaq.


MANŞET XƏBƏRLƏRİ