"Polis hər mənzildən 20 manat yığır..." - Rəisin təşəbbüsü birmənalı qarşılanmadı - AÇIQLAMA


Suraxanı rayonu, "D" yaşayış sahəsində polis əməkdaşları binalarda kamera quraşdırılması adı ilə hər mənzildən 20 manat pul yığır.

Turkustan.az xəbər verir ki, bu barədəBakupost.az-a sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, hər bir mənzil sahibindən bu məbləğ tələb edilir.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin "D" yaşayış sahəsinin sahə rəisi Fariz Məmmədov məsələ ilə bağlıBakupost.az-a açıqlama verib.

Bildirib ki, həqiqətən də belə bir təşəbbüslə çıxış ediblər, amma bu, məcburi xarakter daşımır:

"Ərazimizdəki köhnə binaların kameralaşdırılması üçün vətəndaşlarla polis əməkdaşları birgə təşəbbüs irəli sürmüşük. Bu, dövlət proqramı deyil. Kim istəmirsə bu kampaniyada iştirak etmir. Biz təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, cinayət hallarının azaldılması, vətəndaşların rahatlığının təmin edilməsi üçün bu təşəbbüslə çıxış etmişik və bu sakinlərimiz tərəfindən çox böyük razılıq və minnətdarlıqla qarşılanıb. Kameralar bu təşəbbüsdə iştirak edən şəxslərin öz mülkiyyətidir. Polis əməkdaşları onları quraşdırıb öz kurasiyasına götürmür ki, deyək vətəndaşlara məxsus olan mülk polis əməkdaşları tərəfindən mənimsənilir. Bu kameralar onların öz mənzillərinə yerləşdirilir və özləri də nəzarət edirlər. Bizim üçün də müsbət hal budur ki, hansısa hadisə baş verəndə əlimizdə görütülər olur. Bununla da vətəndaşların problemlərini həll edə bilirik".

Sahə rəisi deyib ki, binalara nəzarət edən şəxslərlə müzakirələrdən və araşdırmalardan sonra müəyyən edilib ki, hər mənzildən 20 manat yığılsa, bu sistemin quraşdırılmasını həyata keçirmək olar:

"20 manat hər mənzilə düşən pul kimi nominal qiymətləndirilir. Bu da bina sakinlərinin yuvarlaq hesablaması ilə müəyyənləşib. Köhnə binaların sədrləri özləri deyirlər ki, kameranın alıb yerləşdirilməsində əziyyət çəkirlər. Onların da xahişi ilə bu istiqamətdə özümüz təşəbbüs irəli sürmüşük. Hər bir vətəndaşla da danışanda ərazinin sahə müvəkkili kimi onlara izah olunur ki, bizim məqsədimiz nədir.

İstər polis səviyyəsində, istərsə də digər sahələrdə niyyət vacibdir. Əgər polis əməkdaşının əməlindəki niyyətdə ictimai asayiş təmin olunması, vətəndaşların təhlükəsizliyi üçün yönəlibsə, həmin məsələlər düzgün qiymətləndirilməlidir.

Məsələnin şəffaflığına gəldikdə isə, kamera ilə bağlı binada iştirak etmiş vətəndaşların siyahısı bütün əksəriyyətə paylanılır. Kameraların alınmasında bir-iki vətəndaşın iştirakı da təmin olunur. İndiyə kimi bir vətəndaşın belə bu, məsələ ilə bağlı etiraz etdiyini görməmişəm. Əgər bir-iki nəfər şəxs şikayətlə bağlı müraciət ediblərsə, tam səmimiyyətimlə deyirəm ki, əhalinin mütləq əksəriyyəti mənim yanımdadır. Onlar tamamilə mənim hərəkətlərimi düzgün qiymətləndirirlər. Əgər onlayın qaydada bir şəxs öz həyətini, blokunu izləyə bilirsə, burada pis nə var axı. Məsələn, gecə yarısı bir nəfər vətəndaş zəng edir ki, həyətimin qabağında şübhəli bir maşın görmüşük. Belə olanda da dərhal biz əməliyyat qrupunu ora göndəririk. Operativ xidmət budur, birlik olub narkomaniyanın, oğurluğun qabağını almalıyıq. Mənim niyyətim ictimai asayişi qurumaq və təhlükəsizliyi təmin etməkdir".

Fariz Məmmədov bildirib ki, kameraların alınması və quraşdırılması uşun lazım olan vəsait sakinlərdən yığılsa da, kameralara bundan sonra lazım olacaq texniki xidmətin polislər tərəfindən ödəniləcək.


MANŞET XƏBƏRLƏRİ