Gürcüstanı Avropa İttifaqına namizəd –dövlət kimi qəbul etmədilər, halbuki korrupsiyanın səviyəsi Ukraynada və Moldovada daha çox olub!
İndi əldən-ayaqdan gedirlər ki, İsveçi və Finlandiyanı NATO üzvü etsinlər! Amma post-sovet ölkələri on illərdir ki, buna çalışır. Fəqət, bir faydası yoxdur...
Bəli, hər yerdə selektiv siyasət, selektiv münasibət! Vaşinqton ikinci ildir ki, böyük demokratiya sammiti keçirir. Amma Türkiyəni ora dəvət etmir. Doğrudanmı Türkiyə Ermənistandan da az demokratikdir? Elə bu günlərdə bitən prezident seçkiləri Türkiyədəki demokratiyanın sübutu olmadımı?
Biz demirik ki, Türkiyədə ideal demokratiya var. Amma bir daha aydın olur ki, ABŞ-ın mərəzi başqadır. Elə indinin özündə də bir daha deyirik ki, ABŞ bir NATO lideri kimi İsveçə təzyiq etməkdənsə, bunu Ankaraya qarşı edir.
Olsun. Güman ki, bu "geosiyasi düyün" də çox tezliklə həllini tapacaqdır. Fəqət, düşünürük ki, Vaşinqton Ankaraya F-16-ları satmamaq üçün başqa bir bəhanə tapacaq. Ona görə ki, ABŞ-ın Türkiyə ordusunun modernləşməməsində maraqlı olmaması göz önündədir.
Üstəlik, seçki ərəfəsində ABŞ prezidenti bəyan edirdi ki, Türkiyə siyasətində "Ərdoğan erası"nı bitirməlidirlər! İndi aydın olanı budur ki, ABŞ-ı müsəlman dünyasının hara istiqamət götürəcəyi, hansı nümunəni əsas götürəcəyi qətiyyən maraqlandırmır. Bu ölkə ərəb monarxiyaları ilə özünü daha rahat hiss edir.
Odur ki, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. Həm də bir daha deyirik ki, İsveçlə Finlandiyanın Şimali Atlantika Blokuna üzv olmaq prosesi cəmi bircə il çəkdi. Adam qeyri-ixtiyari olaraq özündən soruşmaq istəyir: NATO üzvü olmaq doğrudanmı bu qədər asandır? Bəs post-sovet ölkələri üçün niyə bu məşəqqətə çevrilibdir?.. /qaynarinfo.az/