Ərdoğan: "Türk Şurasına qoşulmaq istəyən ölkələrin sayı artır"


"Ölkələrimiz bir tərəfdən çoxmillətli platformalarda vətəndaşlarının haqq və maraqlarını qoruyur, digər tərəfdən də türk dünyasını bir araya gətirən yeganə təşkilat olan Türk Şurasında həmrəyliyini gücləndirir. Xüsusən son illərdə şahidi olduğumuz hadisələr, ticarətdən nəqliyyata, müdafiədən səhiyyəyə qədər hər sahədə yeni əməkdaşlıq yollarını təkmilləşdirməyin bizim üçün ehtiyacdan daha çox bir məcburiyyət olduğunu göstərib".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Baş Prokurorlarının Bakıda keçirilən ilk iclasının iştirakçılarına videomüraciətində deyib.

12 il əvvəl yaradılan Türk Şurasının birlik və bərabərliyin simvollarından biri olduğunu vurğulayan Ərdoğanın sözlərinə görə, bu müddət ərzində qlobal miqyasda təşkilatın etibarı getdikcə yüksəlir.

O qeyd edib ki, Türk Şurası regional əməkdaşlıq formatından çıxaraq beynəlxalq təşkilata çevrilib: "Türk Şurası ilə əməkdaşlıq etmək və təşkilatamüşahidəçi statusu ilə üzv olmaq niyyətində olan ölkələrin sayıgündən-günə artır".

Türkiyə dövlət başçısı, bu yaxınlarda İstanbulda Türk Şurası Media Forumunun keçirildiyini də xatırladıb: "Forum çərçivəsində aparılan müzakirələrdə güclü və zəif tərəflərimizi təsbit etmək imkanını tapdıq. Ölkələrimizi hədəf seçən dezinformasiya kampaniyaları ilə mübarizədə aidiyyəti qurumlarımızın fəaliyyətini artıracaq kritik qərarlar qəbul etdik".

Ərdoğan Media Forumdan dərhal sonra bu gün Bakıda təşkilatın Baş Prokurorlar Şurasının keçirilməsinin qürurverici olduğunu bəyan edib. O əlavə edib ki, terrorizm, qanunsuz miqrasiya, transmilli cinayətlər kimi dövlətləri və onların vətəndaşlarına qarşı təhdidlərin artdığı bir vaxtda Baş prokurorların yeni dialoq platformaları yaratmasına böyük əhəmiyyət verirlər: "Baş prokurorlar arasında təcrübə və məlumat mübadiləsini artıracaq, əməkdaşlığı daha təsirli vəziyyətə gətirəcək bu tarixi addımın bizi hədəflərimizə daha da yaxınlaşdıracağına inanırıq".


MANŞET XƏBƏRLƏRİ