Laçında nəzarət-buraxılış məntəqəsi quraşdırıldı: Detallar açıqlandı


"Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə "Telegram" kanallarında yayılan məlumatlardan görünür ki, artıq Azərbaycan tərəfi Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsindən nəzarət-buraxılış məntəqəsini quraşdırıb".

Bu sözləri Cebhe.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Ekspert vurğulayıb ki, nəzarət-buraxılış məntəqəsi həmin ərazinin yaxınlığında mövcud olan və ermənilər tərəfindən quraşdırılan buraxılış məntəqəsi ilə rus sülhməramlı kontingentinin buraxılış məntəqəsinin arasında yerləşir:

"Belə bir məntəqənin quraşdırılması daha əvvəldən gözlənilirdi. Çünki cənab Ali Baş Komandan İlham Əliyev də bu barədə daha əvvəllər təkliflərini səsləndirmişdi. Bu təklif Rusiya və Ermənistanla etirazla qarşılansa da, nəzərə almaq lazımdır ki, Zabux və Cağauz kəndləri artıq Azərbaycanın nəzarətindədir. Yəni belə bir nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına heç kimin, o cümlədən də Rusiya və Ermənistanın mane olmaq şansları sıfıra bərabədir. Odur ki, belə bir məntəqənin yerləşdirilməsi kifayət qədər real məsələdir. Bu barədə rəsmi məlumat olmasa da, yəqin ki, yaxın saatlarda və ya günlərdə bununla bağlı məlumatlar Azərbaycan mediasında da əksini tapacaq. Hər bir halda baş verən proseslər onu göstərir ki, ərazidəki ümumi vəziyyətə nəzarət Azərbaycanın tərəfindədir. Həmçinin, mənəvi, psixoloji, hərbi və siyasi, diplomatik üstünlüklər də getdikcə Azərbaycana daha çox nailiyyətlər əldə etməyə imkan verir".


MANŞET XƏBƏRLƏRİ