Deputat Bulvar İdarəsini tənqid etdi: "Qurbağalar narahat olur"


Bakı Bulvar idarəsinə aid olan ərazilərdə çəkiliş aparmaq istəyən jurnalistlərin hələ də xəbəri yoxdur ki, burada məxfi, dövlət sirrinə dair bir sıra məqamlar var və onu göstərmək olmaz.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

"Hələ ötən gün bir deputat həmkarımız da gileylənmişdi ki, ona bu ərazidə müsahibə verməyə imkan tanınmadı. Hələ bulvar cəhənnəm, bir neçə il öncə videomüsahibə üçün Bakı Olimpiya Stadionunun çevrəsindəki parkı uyğun görmüşdüm. Bir də gördüm üfunət iyi gələn gölməçənin həndəvərindən mühafizəçilər tökülüb gəldi ki, bəs burada çəkiliş aparmaq olmaz. Soruşdum ki, nədən? Cavab verdilər ki, gölməçədəki qurbağalar kamera görəndə rahatsız olurlar. Arqument o qədər əsaslı idi ki, müsahibəni yarımçıq qoyub jurnalistdən üzr istəyib hadisə yerindən ayrıldım. İndi ara-sıra həmin məkana yolum düşəndə telefonla da danışmıram ki, birdən oradakı qurbağaların rahatlığını pozmuş olaram. Bakı Bulvar İdarəsinin mühafizəçilərinin səmimiyyəti çatmayıb ki, burada da qurbağaların narahatçılığını dilə gətirsinlər.

Görünür, Bakı Bulvar İdarəsinin himayə etdiyi qurbağalar elit sayıldıqlarından özləri adlarının hallandırılmasını istəməyiblər. Sabunçu qurbağaları xalqa daha yaxın gölməçədə yaşadıqlarından onlarda utancaqlıq kompleksi çoxdan ortadan qalxıb. Bir də qurbağaların yaşamadığı xeyli gözəl və yaraşıqlı parklar var, bəlkə çəkilişlərinizi orada aparasınız? Yaxın günlərdə bəlkə yeni qanun layihəsi verməyə zərurət yaranıb? Niyə də olmasın? Adı sadə olacaq: Çəkiliş aparmağa və ya müsahibə verməyə icazə verilən parklar və əyləncə məkanları haqqında qanun. Ona görə də, əziz jurnalistlər və siyasətçilər! Qanunsuzluğa baş vurmadan bir az səbrli olun və unutmayın ki, media azadlığı qurbağaların hüququnun pozulduğu yerdə artıq keçərli sayılmır", - deyə deputat Dənizkənarı Bulvar İdarəsini tənqid edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ