Bir qurum tikir, başqa qurum sökür: Bakı necə idarə olunur?


Azərbaycanda tez-tez qanunsuz tikili ifadəsinə rast gəlinir.

Bu, əsasən vətəndaşların yaşayış yerinə uyğun olmayan ərazilərdə razılaşdırılmamış qaydada tikdikləri ev, mağaza və digər obyektlər hesab edilir.

Mətbuatda qanunsuz tikilən evinin sökülməsi ilə barışmayan sakinlərin etiraz dolu çıxışları kifayət qədərdir. Həmin qanunsuz tikiliyə "icazə" verənlərin yerli qurumlar olduğu həqiqəti də danılmazdır. Çünki icra və bələdiyyənin icazəsi olmadan nəyisə inşa etmək ağlabatan deyil. Bu dəfə isə qanunsuz körpü tikilib.

Bunu hansısa vətəndaş tikməyib, quraşdırmayıb. Körpünü bir dövlət qurumu digər dövlət qurumundan icazə almadan tikib, digəri də sökür və ya sökdürür.

Vəsait ayrılıb, körpü tikilib və məlum olub ki, körpü yanlış yerdə inşa edilib. Belə ki, Bakının Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində tikintisi müzakirələrə səbəb olan yerüstü piyada keçidi sökülür. Yaranan narazılıq həmin ərazidə tənzimlənən piyada keçidinin olması, sözügedən keçidin ərazidəki səkini xeyli daraltması və hərəkəti məhdudlaşması ilə bağlı idi. Həmçinin bu keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib. İlkin məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək, ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib. Sosial şəbəkələrdə yayılan görüntülərdən artıq tikilinin bir hissəsinin dağıdıldığı bəlli olub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuata açıqlamasında bildirilib ki, Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib. Ona görə də sözügedən yerüstü piyada keçidinin sökülərək zəruri olan başqa ərazidə quraşdırılacağı deyilib.

Belə çıxır ki, eyni ölkədə, eyni şəhərdə dövlət qurumları biri-birindən xəbərsiz, əlaqəsiz işləyir. Ümumiyyətlə, dövlət qurumu rəsmi icazə olmadan necə tikintiyə başlaya bilər? Qurumlar biri-birlərinin işinə müdaxilə edə bilərlərmi?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan ekspert Natiq Cəfərli bildirib ki, Bakı şəhərinin təsərrüfatı bir mərkəzdən idarə olunmur:

"Onlarla belə misal çəkmək olar. Məsələn, kommunal xidmətlərlə yol təsərrüfatının əlaqəsi olmur. Kommunal xidmətlər yeni çəkilmiş yolu belə qazıb nəsə iş görə bilirlər. Çünki onlara heç kim yol təmiri ilə bağlı xəbərdarlıq etmir. Bu məsələnin köklü və fundamental həlli böyük şəhər bələdiyyəsinin yaradılması və seçkili mer orqanının təsis olunmasıdır. Elə olmalıdır ki, Bakı şəhəri bir mərkəzdən idarə olunsun. Bu mərkəzsə Bakı Şəhər Bələdiyyəsi və seçilmiş mer institutu ola bilər. Bunun başqa çıxış yolu yoxdur. Dünya təcrübəsinə də, digər ölkələrin keçdiyi yola da baxanda aydın olur ki, ancaq və ancaq bu yolla problemi həll etmək mümkündür ".


MANŞET XƏBƏRLƏRİ