BMT Rusiyanın nüvə planına görə toplanır


Rusiyanın Belarus ərazisində nüvə silahı yerləşdirmək planları ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.

İclas martın 28-i və ya 29-da baş tutacaq. Növbədənkənar iclasın çağırılması tələbi Ukrayna tərəfindən irəli sürülüb.

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsinin qarşısının alınmasının zəruriliyini bəyan edib. Ağ Ev bəyan edib ki, ABŞ hələ ki Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əlamətlərini görmür. Fransa isə Rusiya Federasiyasını öz qərarına yenidən baxmağa çağırıb.

Prezident Vladimir Putin bir neçə gün əvvəl bildirib ki, Rusiya Belarusda taktiki nüvə silahları yerləşdirəcək. O qeyd edib ki, Rusiya iyulun 1-də Belarusda taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdıracaq. Putinin sözlərinə görə, Rusiya Federasiyası artıq nüvə silahının daşıyıcısı ola biləcək "İsgəndər" kompleksini Belarusa verib.

Putin, həmçinin deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə nüvə silahının yerləşdirilməsini istəyib. Onun sözlərinə görə, Rusiyada müdafiə sənayesi çox sürətlə inkişaf edir və ölkə Ukraynaya tədarük ediləndən üç dəfə çox sursat istehsal edəcək. /modern.az/


MANŞET XƏBƏRLƏRİ