"Qarabağ"ı fitə basanlar "Neftçi"nin azarkeşləri olub? - Maraqlı açıqlama


Ötən gün Bakı Olimpiya Stadionunda (BOK) keçirilən "Qarabağ"-"Galatasaray" dostluq matçı geniş müzakirəyə səbəb olub.

Belə ki, "köhlən atların" "cimbom"a 1:2 məğlub olduğu qarşılaşmada komandamızın hücuma çıxarkən fitə basılması, habelə azərbaycanlı azarkeşlərin "Qarabağ"a deyil, "Galatasaray"a dəstək olması bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Hətta bir qrup sosial şəbəkə istifadəçisi "Qarabağ"ı fitə basanların "Neftçi" azarkeşləri olduğunu da iddia ediblər.

Yenisabah.az-a açıqlamasında tanınmış idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı isə məsələ ilə bağlı fərqli düşündüyünü qeyd edib.

Onun fikrincə, "Qarabağ"-"Galatasaray" oyununda azarkeşlərin Türkiyə klubunu dəstəkləməsi qeyri-adi deyil:

"Birincisi, bu, xeyriyyə oyunu idi və hər iki komandanın fanatlardan dəstək alması qarşılaşmaya əlavə rəng qatdı. Bir halda ki, "qardaşlıq oyunu" deyirik, ola bilməzdi ki, qardaşın biri dəstək görsün, digəri fitə basılsın. Hesab edirəm ki, bu balans yerində idi".

Müsahibimizin sözlərinə görə, "Galatasaray"ı dəstəkləyənlərin "Neftçi" azarkeşi olmasında da heç bir qəbahət yoxdur:

"Neftçi" ilə "Qarabağ"ın rəqabəti hər kəsə bəllidir. Ona görə də "ağ-qaralar"ın fanatlarının digər qardaşa dəstək verməsindən qıcıqlanmağa dəyməz. Baxmayaraq ki, onların "Neftçi" azarkeşi olduğu haqda da tutarlı sübut yoxdur".

N.Muxtarlı xatırladıb ki, "Galatasaray" Azərbaycanda ən çox azarkeşi olan Türkiyə klubudur:

"Yəni Azərbaycanda "Qarabağ" fanatı olmayan xeyli insan var ki, onların "Galatasaray"a azarkeşlik etməsi tam məntiqlidir. Ona görə də bu məsələnin şişirdilməsinin əleyhinəyəm. Bütün dünyada belə hallar olur. O azarkeşləri "vətən xaini" saya bilmərik. Bu, futbolun qanunauyğunluğudur, rəqabətdir. Gec-tez, biz də bu qanunauyğunluğa alışmalı olacağıq".


MANŞET XƏBƏRLƏRİ