İstanbulda Novruz şənliyi


Novruz bayramının tarixi ilə bağlı fərqli fikirlər var, mənim üçün isə o, baharın gəlişini müjdələyən, təbiətin yenidən dirçəliş bayramıdır və əslində bəşəri bir bayramdır.

Uzun illər Türkiyədə yaşadığım üçün bu bayramı burada qeyd etməli oluram, amma İstanbulda bir çox Azərbaycan dərnəklərinin olmasına baxmayaraq mən heç birinin proqramlarına qatılmıram, səbəbi başqa bir yazının mövzusudur. Bu dəfə isə intellektual səviyyəsinə dəyər verdiyim "İstanbul Azərbaycan Kültür Evi Dərnəyi"nin başqanı Hikmət Əlp bəyin dəvətini qəbul edib getdim və həqiqətən də bayram havasında bir bahar qarşıladıq. Bu arada Hikmət bəylə bir az söhbət etmək imkanım oldu.

Açıklama yok.Hikmət bəy, dərnəyinizin quruluş tarixi nə zamandır?

2008 ilindən öncə bir dərnək var idi, amma sonra bağlandı, biz də düşündük ki, bizim burada böyük bir toplumumuz var, mədəniyyətimizin burada yaşaması, tanıtılması və gələcək nəsillərə ötürülməsi üçün bir dərnəyin olmasına ehtiyac var, elə bu zərurətdətn yola çıxdıq. Bu təklifi ilk dəfə irəli sürən mən oldum, amma mən o zamanlar məktəbdə müəllim işlədiyim üçün dərnək başqanı ola bilməzdim, qanun buna icazə vermirdi. Biz də dostlarla bir neçə dəfə toplantı keçirtdik, öncə 10 nəfərə yaxın idik, ən son 4-cü toplantımızda sayımız artaraq 400 nəfərə çatdı və Novruz bayramına təsadüf edən sonuncu toplantımızda dərnəyin qurulmasına qərar verdik, 2008-ci ilin sentyabr ayında "Anadolu Yakası Azərbaycan Kültür Sanat Dərnəyi"ni qurduq. Bayaq dediyim kimi dövlət məmuru olduğum üçün mən dərnək başqanı olmadım amma nəfər olaraq arxa planda hər şeyi mən idarə edirdim. Daha sonra qanunda "məmurlar da qeyri hökümət təşkilatlarında mədəni fəaliyyətlər göstərə bilər" şəklində dəyişiklik olduqdan sonra mən dərnəyin başqanı seçildim bu günə qədər də fəaliyyətimizi davam etdiririk. Bizdən sonra başqa Azərbaycan dərnəkləri də yarandı.

Açıklama yok.Sizin Azərbaycan Dövlət Diaspor Komitəsi ilə əlaqələriniz necədir, birgə fəaliyyətləriniz olurmu?

Əlaqələrimiz var, amma çox təəssüf olsun ki, hələ bu günə qədər Azərbaycan Dövlət Diaspor Komitəsindən bir nəfər də olsun gəlib bizim dərnəyimizi ziyarət etməyib. Bizi İstanbulda bir-iki proqrama dəvət ediblər, biz də iştirak etmişik, fəqət, nə Azərbaycanda keçirilən tədbirlərə bizi dəvət ediblər, nə də dərnəyimizin qapısını kimsə açıb.

Hikmət bəy, keçən ilin aprel ayında Diaspora Komitəsi Türkiyədəki Azərbaycan dərnəklərini Şuşaya səfərə dəvət etmişdi

Təəssüf ki, bizi kimsə dəvət etmədi

Bu gün cəmi iki otaqdan ibarət olan dərnəyinizin ofisində ənənələrimizi əks etdirən Novruz şənliyi təşkil etmisiz, burada elə bir atmosfer var ki, özümü Azərbaycanda kimi hiss etdim.

Biz hər il bu şənliyi qeyd edirik, çünki Novruz bayramı bizin üçün mədəni kodlarımızın ən önəmlilərindən biri, minlərcə il adətlərimizdən süzülüb gələn milli bayramımızdır.

Açıklama yok.Hikmət bəy, Novruz bayramına hərə bir məna yükləyir. Sizə görə bu bayramın mahiyyəti nədir?

Mən Türkiyənin İqdır şəhərindənəm, hələ uşaq olanda böyüklər bizə anladırdılar ki, bu bayramın 9 əlaməti var, indi bir neçəsi yadımda qalıb. Məsələn, biri Persiya, yəni Med imperiyasına qarşı üsyanın müvəffəqiyyətlə nəticələndiyi gün, digəri Xorasanlı Əbu Müslümün Əməvi xanədanlığına qarşı qiyama qalxıb, onları devirdiyi gün olaraq bilinir, həmçinin Həzrət Əlinin və Şah İsmayılın taxta çıxdığı gün kimi də deyilir, Türk Dünyasında isə Ergenekondan çıxış günü kimi qeyd olunur, o birilərini tam xatırlamıram.

Təəssüf ki, Türkiyə Cumhuriyyəti olaraq biz bu bayramı dövlət səviyyəsində qeyd etmirik. Həyat boşluq qəbil etmir, siz etməzsəniz biriləri gəlib bu boşluğu doldurar və öz siyasi məqsədlərinin bir parçasına, alətinə çevirər. Bizdə Novruz dostluğun, qardaşlığın, barışın simvolu kimi başa düşülür, küsülülərin barışdığı gün kimi qəbul edilir.

Hikmət bəy, dediklərinə görə Türkiyədə yaşayan kürdlər bu bayramı uzun illərdir qeyd edirlər, son 3-4 ildir milliyyətçi kəsim də Ergenekondan çıxış günü kimi qeyd edir. Bununla bağlı nə deyərsiz.

Doğrudur, bunun da bir çox səbəbləri var. Türkiyə Cumhuriyyəti 1926-cı ilə qədər Novruz bayramını dövlət səviyyəsində qeyd edib, hətta Atatürkün bu şənliklərə qatıldığını əks etdirən fotolar belə var, amma daha sonra 1926-cı ildə təqvim dəyişikliyi edildiyində, yəni hicri təqvimindən miladi təqviminə keçildiyi zaman müxtəlif təriqətlər və icmalar məqsədli olaraq bunu dini ritualın bir parçası olaraq davam etdirməyə çalışınca, mənim qənaətimə görə hər hansı bir ziddiyyər olmasın deyə Novruz bayramının dövlət səviyyəsində keçirilməsi ləğv edilib. O zamandan bəzi anadolulular, məsələn Amasiyaya 150-200 il əvvəl gələn Azərbaycan türkləri və yaxud Orta Asiyadan gələn türklər və Kars, İqdır bölgəsində yaşayan Azərbaycan türkləri bu bayramı bu günə qədər qeyd edirlər. Amma son zamanlar Türkiyədə yaşayan kürdlər bu bayramı terror məqsədləri üçün istfadə etdikdən sonra insanlar qorxmağa başladı, yoxsa biz İqdırda kürdlərlə bir yerdə yaşamışıq, onlar buna nə dini, nə milli bayram deyirdilər və əsasən bu bayrama qatılmazdılar. Onlar özlərini Med imperiyasının davamçısı olaraq adlandırırlar, yenə məntiq yoxdur, çünki deyimlərə görə Med imperiyasına qarşı üsyanda yandırılan ocaqdır Novruz tonqalı, deməli öz məğlubiyyətlərini qeyd edirlər.

Biz bu bayramı hər il İstanbulda çox geniş bir şəkildə qeyd edirdik, amma bu il ölkəmizdə baş verən əsrin faciəsi olan zəlzələni nəzərə alaraq, dərnəyimizdə cəmi 25 oturacaq olmasına baxmayaraq məhdud çərçivədə - 30-35 nəfərə yaxın soydaşımızla qeyd etdik, eyni zamanda Şəhidlərimizi andıq, acımızı paylaşdıq, bu da həmrəyliyimizin təzahürüdür. Onu da deyim ki, ilk dəfədir bu Novruz şənliyimizə dərnəyimizin yerləşdiyi rayonun icra başçısı da qatıldı və gələn il İstanbulun Kadıköy meydanında Novruz bayramının daha təntənəli şəkildə qeyd edilməsi üçün bütün tədbirləri görəcəklərinin sözünü verdi.

Açıklama yok.

Təşəkkür edirəm Hikmət bəy. Ümid edirəm ki, gələcəkdə dərnəyinizin imkanları daha da genişlənər və Azərbaycan Dövlət Diaspor Komitəsinin nümayəndələri də sizin ziyarətçiləriniz sırasına daxil olar. Mən bir Azərbaycanlı olaraq çalışmalarınızı təqdir edirəm və fəaliyyətinizdə uğurlar diləyirəm.

İştirakçıların hər birinin doğulub böyüdüyü coğrafiyada Novruz bayramını necə qeyd etdiklərini anlatması, Güney Azərbaycanlı Arazın "Heydərbaya salam"dan söylədiyi parçalar, Nihayət Akçayın "Türk mənəm" şeiri, bəndənizin səsləndirdiyi Sabir Rüstəmxanlının "Vətən" şeiri, sənətçi Tuna Güvəncin "Çobam çeşməsi" və digər Azərbaycan müsiqilərini canlı ifa etməsi bayram şənliyinə xüsusi rəng qatdı.

Uzun zamandır yazılarını facebook sosial şəbəkəsindən izlədiyim, Azərbaycan türkcəsinin geniş imkanlarından ustalıqla istifadə edərək, şirin dili, səlis üslubu ilə yazan dəyərli tədqiqatçı Orhan Arasla da üzbəüz görüşüb söhbət etmək imkanım oldu, bayram həm də belə yaddaqalan görüşlər üçün bir vasitədir.

Novruz bayramınız mübarək olsun, əziz həmvətənlər!

Yaqut Misirxanlı

İstanbul

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ